Bakı Ali Neft Məktəbi fəaliyyətə başlayır

 

 Dünən Dövlət Neft Şirkətinin baş ofisində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov kütləvi informasiya vasitələri üçün ali təhsil müəssisəsinin yaranması və fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirmişdir.

E.Qasımov bildirmişdir ki, Bakı Ali Neft Məktəbi Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə ARDNŞ-in strukturunda yaradılmışdır. 2012-ci ilin fevralında qurumun Nizamnaməsi Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişmayda Təhsil Nazirliyi tərəfindən ali məktəbə kadr hazırlığına xüsusi razılıq (lisenziya) verilmişdir. Onun sözlərinə görə, bu ilin sentyabr ayında "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə 100 tələbənin tədrisə başlayacağı nəzərdə tutulub.

Elmar Qasımov ARDNŞ-in fəaliyyətinin ölkənin hüdudlarından kənarda genişləndiyi, onun artıq transmilli şirkətə çevrildiyi səbəbindən müasir biliklərə yiyələnmiş və ingilis dilində təhsil almış mühəndis kadrlara böyük ehtiyac yarandığını və bu səbəbdən tədris prosesinin inkişaf etmiş ölkələrdə tətbiq edilən proqramlar əsasında həyata keçirilməsinin bir vəzifə kimi Bakı Ali Neft Məktəbinin qarşısına qoyulduğunu xüsusi vurğulamışdır. Bu vəzifənin yerinə yetirilməsini təmin etmək üçün Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulduğu, universitetin tədris proqramlarının tətbiqinə başlanıldığı və məzunlara iki diplom veriləcəyi qeyd edilmişdir. Bakı Ali Neft Məktəbi üçün ayrılmış Xocalı prospekti, 30 ünvanında yerləşən binada hazırda təmir işlərinin getdiyi, tədrisin təşkili üçün zəruri infrastrukturun yaradılması, idarəetmə və professor-müəllim heyətinin formalaşdırılması istiqamətində real işlərin görüldüyü haqqında KİV nümayəndələrinə ətraflı məlumat verilmişdir.

Rektor son 4 ay ərzində Bakı Ali Neft Məktəbinə tələbə qəbulu ilə bağlı məktəblərdə, liseylərdə XI sinif şagirdləri ilə görüşlərin, "Abituriyent" jurnalının 1-3 saylarında və televiziya kanallarında tanıtım xarakterli aksiyaların keçirildiyini, qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlərin ali məktəbin tələbələrinin sırasına qoşulacağına ümidvar olduğunu bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 26 iyul.- S. 2.