Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində birinci yarım ilin yekunları müzakirə olunmuşdur

 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2012-ci ilin 6 ayında fəaliyyətinin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AzərTAc-a bildirmişlər ki, QKDK-nın sədri Rüfət Aslanlı altı ayda dünya iqtisadiyyatında müşahidə olunan əsas meyillərdən bəhs edərək qlobal iqtisadiyyatda gərginliyin davam etdiyini, dünyanın aparıcı iqtisadiyyatlarının qeyri-sabit dinamika ilə inkişaf etdirilməsi və borclanma xərclərinin artdığı barədə danışmışdır.

Sədr ölkə iqtisadiyyatının inkişafının ötən dövrlərdə olduğu kimi, 2012-ci ilin 6 ayı ərzində də davam etdiyini diqqətə çatdırmışdır.

Daha sonra QKDK-nın sədr müavinləri və aparatının rəhbəri çıxış edərək kurasiyalar üzrə struktur bölmələr tərəfindən 2012-ci ilin 6 ayı ərzində həyata keçirilmiş tədbirlər və  onların strateji fəaliyyət planlarının icra vəziyyəti barədə ətraflı məlumat vermişlər. Çıxışlarda QKDK-nın cari funksional fəaliyyətinin yekunları ilə yanaşı, hesabat dövründə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, səhmdarların hüquqlarının qorunması, elektron xidmətlərdən istifadənin təmin edilməsi,  bütövlükdə bazar iştirakçılarının potensialının gücləndirilməsi, habelə beynəlxalq əlaqələrinin genişləndirilməsi, ictimaiyyət arasında  bazar haqqında biliklərin artırılması, yüksək peşəkarlığın və məlumatlılığın formalaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat nəzərə çatdırılmışdır.

İclası yekunlaşdıran kollegiyanın sədri R.Aslanlı  "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafına dair" Dövlət Proqramının səmərəli icrasının təmin edilməsinə və digər dövlət qurumları ilə əlaqələndirilməsinə  dair konkret  göstərişlər vermişdir. Həmçinin "Kapital bazarlarının müasirləşdirilməsi" layihəsi və "Tvinninq" proqramı üzrə işlərin yüksək səviyyədə təşkilinə, elektron xidmətlərdən geniş istifadə imkanlarının təmin edilməsinə, eləcə də QKDK-da 2013-2015-ci illərdə orta müddətli  strateji planlamanın başlanmasına dair müvafiq tapşırıqlar diqqətə çatdırılmışdır.

 

 

Azərbaycan.- 2012.- 26 iyul.- S. 2.