Sumqayıtda
nailiyyətlərin miqyası genişlənir
Sumqayıt tarix-diyarşünaslıq muzeyində şəhərin sosial-iqtisadi sahədə əldə etdiyi yekunlara həsr olunmuş ümumşəhər toplantısı keçirilmişdir.
Yığıncağı açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dinamik inkişaf dövrünü yaşayan respublikamızda həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsində əldə edilən müvəffəqiyyətləri iştirakçıların nəzərinə çatdırdı. Natiq bildirdi ki, dünya miqyasında Azərbaycanın iqtisadi inkişafının fenomenal xarakter daşıdığı qəbul olunmaqda, onun səciyyəvi xüsusiyyətləri daha geniş rakursdan öyrənilməkdədir. Mövcud tərəqqinin ən mühüm cəhətlərindən biri onun geosiyasi şərait, dünya iqtisadiyyatının inkişaf meyilləri və milli mənafelər, eləcə də ölkənin potensial imkanlarının nəzərə alınaraq müəyyən edilməsidir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının qarşıdakı dövr ərzində də Azərbaycana yeni möhtəşəm uğurlar qazandıracağını indidən şərtləndirməkdədir.
E.Əzizov onu da vurğuladı ki, Sumqayıt məhz ölkə başçısının diqqət və qayğısı nəticəsində son dövrlər daha da inkişaf etmiş və bu proses davam etdirilməkdədir. Ötən yarım ildə şəhər həyatının bütün sahələrində uğurlar əldə edilmişdir. İnsanların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində infrastruktur layihələr həyata keçirilmiş, abadlıq və quruculuq işləri görülmüşdür. Ölkə başçısının tapşırığı əsasında hazırlanmış layihələrin reallaşması nəticəsində tezliklə Sumqayıt təkcə respublikamızın deyil, Avropanın da müasir şəhərləri səviyyəsinə qalxacaqdır. Şəhərin Nəsimi adına mədəniyyət və istirahət parkında, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda, "Cümə" məsçidində, "Kimyaçı" mədəniyyət sarayının qarşısında görülən yenidənqurma işləri və digər layihələrin gerçəkləşməsi Sumqayıtın gələcək inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur.
Toplantıda hesabat məruzəsilə çıxış edən icra aparatının məsul nümayəndəsi Sahib Quliyev 2012-ci ilin altı ayının Sumqayıt şəhəri üzrə uğurlu olduğunu diqqətə çatdırdı. Hesabatda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, sahibkarlığa verilən dəstəyin daha da artırılması, yeni təhsil müəssisələrinin yaradılması istiqamətində görülən işlərdən və digər məsələlərdən geniş söhbət açıldı.
Müzakirələr zamanı edilən çıxışlar zala toplaşanlarla geniş diskussiya şəklində davam etdirildi. Şəhər sakinlərinin qarşılaşdıqları problemlərin həlli əlaqədar təşkilatın nümayəndələrinə tapşırıldı və həmin məsələlərin yerinə yetiriləcəyinə əminlik bildirildi. Məruzə ətrafında çıxış edənlər vurğıladılar ki, ölkə başçısının tapşırıq və tövsiyələri tezliklə öz həllini tapacaq, Sumqayıt dünyanın müasir şəhərlərindən birinə çevriləcəkdir.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.
Akif ƏLİYEV
Azərbaycan.- 2012.- 26 iyul.- S. 2.