Qəbələ
IV Beynəlxalq Musiqi Festivalının rəsmi
açılış mərasimi olmuşdur
İyulun 25-də Qəbələ şəhərindəki "Qafqaz Resorte" otelinin qarşısındakı parkda, açıq səma altında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olmuşdur.
AzərTAc xəbər verir ki, mərasimdə festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli və Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gəlmiş bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamlamışlar. Bildirmişlər ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir.
Qeyd edilmişdir ki, Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilmişdir. Festivalın Qəbələ səhnəsində dahi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də bu səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir. Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir.
Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının konsertləri olmuşdur. Konsertin birinci hissəsində Ü.Hacıbəylinin "Koroğlu" operasından "Çənlibel" xoru, G.Hendelin "Alliluya", L.Bethovenin piano, xor və simfonik orkestr üçün fantaziya, ikinci hissədə isə C.Rossininin "Sevilya bərbəri" operasından uvertüra və digər əsərlər səsləndirilmişdir.
Xalq artisti Rauf Abdullayevin, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və
baş dirijoru, xalq artisti, akademiyanın kafedra müdiri, professor Gülbacı İmanovanın və əməkdar
incəsənət xadimi Azad
Əliyevin dirijorluğu ilə baş tutan konsertlərdə
məşhur vokalçılar - xalq artisti Murad Adıgözəlzadənin, Azərbaycan Dövlət Akademik
Opera və Balet
Teatrının solistləri xalq artisti Əvəz Abdullayevin,
Səbinə Əsədovanın, Dövlət Akademik Opera və Balet Teatrının solisti
əməkdar artist Gülnaz
İsmayılovanın, Azərbaycan Dövlət Opera və Balet
Teatrının solisti Fəridə Məmmədovanın,
İtaliyanın Pezaro Musiqi
Akademiyasının tələbəsi Azər Rzazadənin
ifaları mərasimə toplaşmış mindən çox yerli və xarici tamaşaçı tərəfindən maraqla qarşılanmışdır.
Azərbaycan.- 2012.- 26 iyul.- S. 3.