Fərhad BƏDƏLBƏYLİ: Musiqi aləmində böyük rəğbətlə qarşılanan Beynəlxalq Qəbələ festivalının builki proqramı çox zəngindir

 

 Builki festivalın proqramı çox zəngindir, burada gündə iki dəfə rəngarəng konsertlər olacaq və fərqli musiqi əsərləri səsləndiriləcəkdir. Ona görə də Qəbələ IV Beynəlxalq Musiqi Festivalı haqqında hələ çox danışılacaqdır.

Bu sözləri Qəbələ IV Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli AzərTAc-a müsahibəsində demişdir.

Fərhad Bədəlbəyli konsertlərdə Rusiya, Böyük Britaniya, Polşa, Sloveniya, Fransa, ABŞ, İtaliya və İsveçrənin müasir ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli ustad sənətkarlar və məşhur kollektivlərin iştirak edəcəyini bildirmişdir. F.Bədəlbəyli festivalda simfonikkamera konsertlərinin, muğam gecəsinin musiqisevərlərə dünya musiqisinin zənginliyini bir daha musiqi kimi əsrarəngiz təbiətlə harmoniyada duymağa imkan verəcəyini qeyd etmişdir.

Bu il festivalın proqramında yubileylərə həsr olunmuş konsertlərin keçirilməsini xüsusi qeyd edən F.Bədəlbəyli bu sırada görkəmli müğənni Müslüm Maqomayevin 70 illiyinin, görkəmli bəstəkar, SSRİ xalq artisti Fikrət Əmirovun 90 illiyinin və SSRİ xalq artisti Niyazinin 100 illiyinin qeyd edilməsi ilə yeni bir ənənənin təməlinin qoyulduğunu demişdir. Artıq dördüncü ildir ki, Azərbaycanın füsunkar guşələrindən biri olan Qəbələnin ənənəvi beynəlxalq musiqi festivalına ev sahibliyi etdiyini qeyd edən F.Bədəlbəyli bildirmişdir ki, təbiətin bu qədim diyara bəxş etdiyi gözəllik və əzəmət, burada səslənən musiqinin parlaq bədii təsiri təqdim olunan ifaların mükəmməlliyi ilə qovuşaraq nadir, unudulmaz bir aura yaradır. O, festival çərçivəsində daha bir maraqlı təqdimatın da keçiriləcəyini bildirmişdir. Vurğulamışdır ki, gənc, istedadlı azərbaycanlı pianoçu, Beynəlxalq Montrö caz müsabiqəsinin qalibi İsfar Sarabski həm də "Beltmann" piano şirkətinin əsas siması kimi təqdim olunacaqdır.

Festivalın bədii rəhbəri bir daha bütün iştirakçıları, qonaqları bu sənət bayramında salamlamış və festival konsertlərinin musiqisevərlərə unudulmaz anlar, təəssüratlar bəxş edəcəyinə ümid etdiyini bildirmişdir. O, Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri kimi beynəlxalq aləmdə böyük əks-səda doğuran bu festivalın təkrarolunmaz simasının və dəst-xəttinin olduğunu qeyd etmişdir.

 

 

Azərbaycan.- 2012.- 26 iyul.- S. 3.