Tamara Sinyavskaya: “Müslüm Maqomayevin xatirəsinə həsr
olunan bu cür tədbirlər mənə yeni həyat verir”
"Artıq dörd ildir ki, dünya şöhrətli musiqiçi Müslüm Maqomayev dünyasını dəyişmişdir. Onun xatirəsinə həsr olunan bu cür tədbirlər mənə yeni həyat verir. Mən hər birinizə, ən başlıcası Müslümün xatirəsini hər zaman uca tutan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşəkkür edirəm".
AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində SSRİ xalq artisti, tanınmış opera müğənnisi Tamara Sinyavskaya demişdir.
Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi sənətkar Müslüm Maqomayevin 70 illik yubileyinə həsr edilmiş konsertdə iştirak edən məşhur musiqiçi Tamara Sinyavskaya bu gözəl məkanda ilk dəfə olduğunu qeyd etmişdir. "İlk dəfədir ki, Qəbələdəyəm və bu yer olduqca xoşuma gəldi. Heç zaman düşünməzdim ki, Azərbaycanda Qəbələ kimi gözəl guşə vardır. Müslüm özü yubiley konsertini görsəydi, əminəm ki, bu tədbirdən razı qalardı. Konsert yüksək səviyyədə təşkil edilmişdir. Olduqca mədəni və intellektli insanların cəmləşdiyi bir məkanda bütün ifaçılar əsərlərini ürəkdən və sevərək təqdim edirlər".
T.Sinyavskaya həyatında ilk dəfə 1972-ci
ildə Azərbaycana ayaq basdığını və bu ilin
oktyabrında bu tarixdən 40 il keçəcəyini
bildirmişdir: "Çox, lap çox, xoşbəxt
yaşayın və bir-birinizi sevin. Mən sizləri sevirəm.
Hər birinizə dərin hörmətimi və təşəkkürümü
bildirirəm".
Azərbaycan.- 2012.- 26 iyul.- S. 3.