Dmitri Yablonski: Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini tanıtmaqla yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri və məşhur musiqiçilərlə yaxından tanış edir

 

 "Qəbələ IV Beynəlxalq Musiqi Festivalı  yüksək səviyyədə təşkil edilmişdir. Musiqisevərlər 13 gün davam edəcək festivalda bir çox dünya şöhrətli musiqi kollektivlərinin maraqlı konsert proqramından həzz almaq imkanı əldə edirlər".

Bu sözləri Qəbələ IV Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, ABŞ və Rusiyanın dünya şöhrətli məşhur violonçel ifaçısı, "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski AzərTAc-a müsahibəsində demişdir. Məşhur dirijor əlavə etmişdir ki, Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini tanıtmaqla yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri və məşhur musiqiçilərlə yaxından tanış edir.

Konsertlər "Qafqaz Resorte" otelinin kamera musiqisi zalında və açıq səma altında keçirilir. Musiqi axşamlarında V.Motsart, M.Ravel, C.Puççini, F.Şopen, E.Qriq, Y.Brams, C.Verdi, J.Bize, V.Bellini, L.Delib, N.Rimski-Korsakov, A.Məlikov, Q.Qarayev, F.Əmirov və digər bəstəkarların ölməz əsərləri səsləndirilir. Bədii rəhbərin sözlərinə görə, Qəbələ festivalı çərçivəsində keçirilən konsertlərin hər birinin özünəməxsus gözəlliyi vardır. Buradakı bir konsert digərlərindən fərqlənir. Hər gün buraya Bakıdan, Qəbələdən və ətraf rayonlardan 1000-ə yaxın tamaşaçının, o cümlədən xarici vətəndaşların gəlməsi insanların bu festivala olan böyük marağından xəbər verir.

Heydər Əliyev Fondu tərəfindən festivalın çox yüksək səviyyədə təşkil olunduğunu bildirən Dmitri Yablonski avqustun 5-dək davam edəcək bu incəsənət bayramında dünya şöhrətli musiqiçilərin çıxışlarının xoş anlar bəxş edəcəyini bildirmişdir. Bu festivalın proqramının əvvəlkilərlə müqayisədə çox zəngin olduğunu deyən D.Yablonski qeyd etmişdir ki, iştirakçılar və qonaqlar arasında məşhur kollektivlər, müasir ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli ustad sənətkarlar vardır.

 

 

Azərbaycan.- 2012.- 26 iyul.- S. 3.