Əbülfəs
Qarayev: Qəbələ IV Beynəlxalq Musiqi Festivalında Azərbaycanın üç dahi incəsənət
xadiminin yubileylərinin keçirilməsi
onların xatirəsinə ehtiramın əlamətidir
Qəbələdə ənənəvi olaraq keçirilən beynəlxalq musiqi festivalı Azərbaycanın mədəni həyatının ayrılmaz bir hissəsinə çevrilmişdir.
AzərTAc xəbər verir ki, bu sözləri Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbirlərdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində demişdir.
Nazir bildirmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən və onun yaxından köməkliyi ilə ildən-ilə daha möhtəşəm keçirilən bu musiqi festivalı musiqimizin inkişafına, beynəlxalq aləmdə tanıdılmasına verilən bir töhfədir. Dünya şöhrətli bəstəkarların əsərlərinin korifeylər tərəfindən ölkəmizdə səsləndirilməsi bizi çox sevindirir. Bizi həm də o sevindirir ki, yerli və xarici qonaqların iştirak etdikləri bu musiqi bayramı çərçivəsində Azərbaycanın üç dahi incəsənət xadiminin yubileyləri keçirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizdə bu insanların hər birinin xatirəsinə həsr edilmiş möhtəşəm tədbirlər təşkil olunur. Bu beynəlxalq musiqi festivalı çərçivəsində onların xatirəsinin yad edilməsi isə özünəməxsusluğu ilə seçilir. Buradakı konsertlər dahi musiqiçilərin xatirəsinə ehtiramın əlamətidir.
Əbülfəs Qarayev qeyd etmişdir ki, dahi musiqiçi
Müslüm Maqomayevin
70 illiyinə həsr edilən konsertdə musiqiçilər böyük ustalıq nümayiş
etdirdilər. Burada Azərbaycan
ifaçılıq məktəbinin
davamçılarının
çıxışlarını gördük.
Musiqiçilər konsertdə bir az həyəcanlanırdılar ki, bu da
təbiidir. Çünki SSRİ xalq artisti,
tanınmış musiqiçi Tamara Sinyavskayanın qarşısında oxumaq böyük məsuliyyət
tələb edir. Onun
çıxışlar barədə rəyi yüksək oldu və bu, bizi çox sevindirir.
Azərbaycan.- 2012.- 26 iyul.- S. 3.