Britaniyada çıxan dünya
şöhrətli “The
Lawyer” jurnalında Azərbaycan
haqqında bilmək zəruri olan beş fakt göstərilmişdir
AzərTAc xəbər verir ki, Britaniyada çıxan dünya şöhrətli "The Lawyer" jurnalında Azərbaycan və Bakı haqqında çox maraqlı bir məqalə dərc edilmişdir.
Məqalənin müəllifi Deniel Metyus qeyd edir ki, Azərbaycan neftlə zəngin ölkədir. Bu ilin may ayında Bakıda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsi Azərbaycanın nüfuzunun artmasına kömək etmiş və dünyaya göstərmişdir ki, Bakını məşhurlaşdıran təkcə neft deyildir.
Məqalədə deyilir: "Hətta indiyə qədər bu ölkənin xəritədə yerini də bilməyən adamlar "Eurovision-2012" mahnı müsabiqəsi sayəsində indi Azərbaycan haqqında çox şey bilirlər. Müsabiqə ölkənin imicini artırmış və onun böyük turizm potensialına malik olduğunu göstərmişdir. Hazırda Azərbaycan hökuməti bu potensialı inkişaf etdirmək istiqamətində iş aparır".
D.Metyus ölkənin neft-qaz sektorunda çalışan aparıcı əcnəbi biznesmenlərdən müsahibələr götürmüşdür.
Müəllif yazır: "Xarici investisiyaların 90 faizi hələ də neft-qaz sektorunun payına düşür. Azərbaycan hökuməti bu ölkəni xarici sərmayədarlar üçün daha cəlbedici etmək istiqamətində addımlar atır".
Məqalənin sonunda
müəllif Azərbaycan haqqında indiyə qədər
avropalı oxucuya məlum olmayan
5 faktı göstərir. Onun fikrincə,
həmin faktları, o cümlədən Neft Daşları, Yanardağ,
"armudu stəkan" və sair haqqında bilmək zəruridir.
Azərbaycan.- 2012.- 26 iyul.- S. 3.