Londona tarix yazmağa gedirik
XXX London Yay Olimpiya Oyunları
Sabah Böyük Britaniyanın
paytaxtı Londonda sayca XXX Yay Olimpiya
Oyunlarına start verilir.
Olimpiadada mübarizə
aparacaq idmançılarımızın
bəziləri artıq
mötəbər idman
turnirinin keçirildiyi
şəhərdədirlər.
Heydər Əliyev
Beynəlxalq Hava Limanında idmançılarımızın
möhtəşəm çoşqu
ilə yolasalma mərasimində olimpiadaçılarımızın
bəziləri ilə
görüşüb söhbət
etdik. Onların fikirlərini təqdim edirik:
Elmar QASIMOV:
"Cüdo yığmamızın
aktivində qızıl
medal mütləq olmalıdır"
"Cüdo üzrə yığma komandamız
London Olimpiadasına çox
yüksək səviyyədə
hazırlıq prosesi keçib. İnanıram ki, Azərbaycan cüdoçuları öz
sözlərini deyəcəklər.
Yığmamızın heç bir üzvü Londona yalnız iştirak xatirinə getmir. Bizim hazırlıq səviyyəmiz Olimpiadada ən yüksək nəticələrə ümid
etməyə əsas verir. Məşqçilərimizin
bütün tapşırıqlarını
yerinə yetirmişik.
Medal qazanmaq üçün
potensialımızı ortaya
qoyacağıq. Azərbaycan
bayrağını başımız
üzərinə qaldırmaq,
himnimizi başqa ölkələrdə səsləndirmək
hər bir idmançı üçün
şərəfdir. Bundan
böyük sevinc ola bilməz. Xalqımız bizdən uğurlar gözləyir və deyə bilərəm ki, cüdo yığmamızın
aktivində qızıl
medal mütləq olmalıdır.
İnanıram ki, Londonda uğurla çıxış edərək
Vətənə medalla
qayıdacağam. Rəqiblərimin
hamısını tanıyıram.
Onların içərisində
zəifi yoxdur. Amma qalib gəlmək
üçün gərək
mübarizə aparasan.
Mən də buna tam hazıram".
Elxan MƏMMƏDOV:
"Ən güclülərin
güclüsü olacağıq"
"Məlum olduğu kimi, 2008-ci il Pekin Olimpiadasında
cüdo üzrə yığmamız öz sözünü dedi. Düzdür, həmin turnirdə müəyyən
səbəblərə görə
məğlub olaraq mübarizəni erkən dayandırmaq məcburiyyətində
qaldım.
Ancaq bu
dəfə London Olimpiadasına
çox ciddi şəkildə hazırlaşmışıq.
Potensial rəqiblərimizin
isə hansı ölkədən olacağının
fərqi yoxdur. Çünki bu, dünyanın ən mötəbər idman yarışıdır və
ona görə də planetin ən güclü atletləri mübarizə
aparacaqlar. Rəqibin kimliyindən asılı olmayaraq, ora medal qazanmaq üçün gedirik. Ən güclülərin güclüsü
olacağıq. Hazırlıq
prosesini də çox yüksək səviyyədə keçmişik.
İnşallah, çəkdiyimiz
zəhmətin bəhrəsini
görəcəyik. İstəyirik
ki, London Olimpiadasında
daha bir möhtəşəm uğura
imza ataraq xalqımızı sevindirək.
İnşallah, bu dəfə də bu nailiyyətə çatacağıq. Bu gün
bizləri Londona böyük təmtəraqla
yola salan azarkeşləri medallarla sevindirmək istəyirik. Fürsətdən istifadə
edib ölkəmizi Olimpiadada təmsil edəcək bütün idmançılarımıza bir
daha uğurlar arzulayıram".
Məhəmmədrəsul MƏCİDOV:
"Komandamızın güclü
potensialı var"
"London Olimpiadasına
çox yaxşı hazırlaşmışıq. Dünyanın
bir çox ölkələrində hazırlıq
prosesi keçmişik.
Təlim-məşq prosesi
çərçivəsində bir sıra turnirlərə
qatılmışıq və
London Olimpiadasında mübarizə
aparacaq bəzi idmançılarla qarşılaşmışıq.
Onu deyə bilərəm ki, Olimpiadada xüsusilə mənim çəki dərəcəmdə çox
güclü idmançılar
mübarizə aparacaqlar.
Lakin ümid edirəm ki, səylə mübarizə
aparıb Vətənə
ən azı bürünc medalla qayıdacağam. Bir məqamı da diqqətə çatdırım
ki, bu gün
Olimpiadaya yığmamız
8 boksçu ilə qatılır. Çox fərəhli haldır ki, bu idmançıların
hamısı öz çəki dərəcələrində
dünya və qitə çempionatlarının
mükafatçılarıdırlar. İnşallah, Azərbaycan
boks məktəbi Londonda tarix yazacaq. Bunun üçün komandamızın
güclü potensialı
var".
Yevgeni LAZUKA:
"Var gücümlə Azərbaycan naminə mübarizə aparacağam"
"Mən 2006-cı ildə yeniyetmələr arasında
50 metr məsafə üzrə yarışlarda
dünya çempionu olmuşam və London Olimpiadasına da böyük ümidlərlə
yola düşürəm.
İnanıram ki, bu mötəbər idman yarışmasında
yeni nailiyyətlər
qazanacağam. Olimpiadada
mən 85 kq çəkidə üzgüçülüyün
batterflay üsulu ilə 100 metr məsafəni daha tez qət etmək
uğrunda mübarizə
aparacağam. 2008-ci ildə
Pekində keçirilən
Yay Olimpiya oyunlarının da iştirakçısı olmuşam.
Mənə London Olimpiadasında
iştirak etmək üçün Beynəlxalq
Üzgüçülük Federasiyası (FİNA) tərəfindən
universal dəvət verilib.
Hazırlıq prosesi çox yaxşı keçib. Müəllimlərimdən
də razıyam. Əsas məqsəd Londonda uğur qazanmaqdır. Hər bir idmançı kimi mən də
Azərbaycana medalla dönmək arzusundayam. Olimpiadada yalnız güclülər mübarizə
aparır və onların arasında qalib olmaq hər
bir idmançının
arzusudur. Var gücümlə Azərbaycan
naminə mübarizə
aparacağam".
Hayle İBRAHİMOV:
"Maksimum nəticə göstərmək üçün
əlimdən gələni
edəcəyəm"
"Londonda keçiriləcək Olimpiadaya
çox ciddi hazırlaşmışam. Ümid
edirəm ki, uğurlu çıxış
edəcəyəm. 2010-cu ildə
keçirilən Avropa
çempionatında bürünc
medal qazandım. Keçən
il isə qapalı stadionda keçirilən Avropa çempionatında gümüş
medala sahib çıxdım.
İndi isə mən Azərbaycanın bayrağını Londonda
yüksəkliklərə qaldırmaq
üçün yola düşürəm. Olimpiada
qalibi olmaq istəyirəm. Əsas məqsədim şəxsi
rekordumu yeniləməkdir.
İnşallah, Vətənə
uğurla dönərəm.
Bilirəm ki, bütün Azərbaycanın
qəlbi Londonda bizimlə bərabər döyünəcək. Çalışacağam
ki, mənə olan ümidləri doğruldum. Hər bir idmançıda yarış öncəsi həyəcan olur, amma özünəinam yüksək səviyyədə
olduqda qalib gəlmək çətinlik
yaratmır. Mən maksimum nəticə göstərmək üçün
əlimdən gələni
etməyə çalışacağam".
Cüdo üzrə milli komandanın baş məşqçisi
Ağayar AXUNDZADƏ:
"Ümidləri doğrultmağa
çalışacağıq"
"Çox fərəhli haldır ki, bu gün Azərbaycan
Olimpiadada 53 idmançı
ilə təmsil olunur. İllər ötdükcə bu göstəricilər daha da artmaqdadır. Ən çox medal gözlənilən sahələrdən
biri də cüdo idman növüdür. Bunları
nəzərə alaraq,
turnirə də çox ciddi hazırlaşmışıq. London Olimpiadasına hazırlığımızı
İspaniya, Yunanıstan
və digər xarici ölkələrdə
keçmişik. Son olaraq
İsmayıllıda təlim-məşq
toplanışımız oldu.
London Olimpiadasına hazırlığımız
çox yüksək
səviyyədədir. Böyük
Britaniya paytaxtına gedən 8 cüdoçunun
hər biri fəxri kürsüdə
yer almaq iqtidarındadır. Cüdo
üzrə yarışlar
iyulun 28-də başlanacaq.
Yetirmələrimin hər
birindən medal gözləyirəm.
Çünkü bizim
cüdoçuların reytinqləri
yüksəkdir. Məsələn,
Elnur Məmmədli 81
kq çəki dərəcəsində 3-cü, İlqar Müşkiyev
7-cidir. Buna görə onların
hər birinə böyük ümidlər
bəsləyirik.
İnşallah, bu
ümidləri qələbələrlə
doğruldarıq".
Rüstəm ORUCOV:
"Vətənə qələbə
ilə qayıtmaq ən böyük arzumdur"
"Gənc bir idmançı kimi Londonda keçiriləcək
Olimpiadaya yollanıram.
Mən 73 kq çəki dərəcəsində
mübarizə aparacağam.
Bu çəki dərəcəsində keçən
Olimpiadada komanda yoldaşım Elnur Məmmədli mübarizə
aparıb və bütün rəqiblərini məğlub
edib Azərbaycana qızıl medalla qayıdıb. İndi milli komandamızın fəxri olan Elnur Məmmədli 81 kq çəkidə rəqiblərini sınağa
çəkəcək. Buna görə də məşqçilərimiz 73 kq
çəkidə kimin
mübarizə aparması
üçün seçim
etməli oldular. Mən bu etimadı
doğrultdum və reytinq cədvəlində
56-cı yeri tutduğuma
görə London Olimpiadasına
lisenziya qazandım. Cüdo yığmamızın
bütün üzvləri
yarışlara tam hazırdırlar.
İnanıram ki, biz Azərbaycanı layiqli təmsil edəcəyik. Vətənə qələbə
ilə, qızıl medalla qayıtmaq ən böyük arzumdur".
Boks üzrə milli komandanın baş məşqçisi Nəriman
ABDULLAYEV:
"Medal qazanmaq şansımızı
çox yüksək
görürəm"
"Biz Londona medal dalınca gedirik. İnşallah, qarşımıza
qoyulan bu məqsədi həyata keçirəcəyik.
Biz son aylarda çox gərgin təlim-məşq prosesi
keçmişik. İdmançılarımız
potensial rəqibləri
olacaq boksçuları
çox yaxından izlədilər. Olimpiya yığmamızda çoxlu
dünya, Avropa çempionları və mükafatçıları var. Bu o deməkdir ki, biz onlardan medal gözləyə
bilərik. Digər Olimpiya oyunlarına nisbətən bu dəfə komandamızın
şansını çox
yüksək görürəm.
Onu da qeyd
edək ki, London Yay Olimpiya Oyunlarında
8 idmançı ilə
təmsil olunacağımız
özlüyündə bir
uğurdur. Dövlət
tərəfindən idmançılarımıza
diqqət və qayğı gündən-günə
artmaqdadır. Bu qayğının
qarşılığı mütləq medal olmalıdır.
Olimpiadada boks döyüşlərinə 4-5 gün qalıb. Milli komandamızın hər bir üzvü
döyüşə hazırdır.
Yüksək səviyyədə
hazırlıq keçdiyimizdən
ümidimiz böyükdür.
Proqnoz vermək istəməzdim, ancaq mən komandama güvənirəm. İnanıram
ki, boksçularımız
göstərdikləri nəticələrlə
Azərbaycan xalqını
sevindirəcəklər".
Elçin CƏFƏROV,
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2012.- 26 iyul.-
S. 4.