Ədliyyə Nazirliyində görüş

 

 İyulun 2-də Ədliyyə Nazirliyində Azərbaycanda səfərdə olan Bolqarıstan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Yevgeni Tançevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ölkələrimizin geniş müqavilə-hüquq bazasına söykənən əlaqələrini qeyd edən ədliyyə nazirinin müavini Toğrul Musayev 2007-ci ildə iki ölkənin ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlıq haqqında sazişin qarşılıqlı fəaliyyətin inkişafına təkan verdiyini vurğulamış, nazirliyin fəaliyyət istiqamətlərinə toxunaraq son dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan genişmiqyaslı islahatlar barədə məlumat vermişdir.

Görüşdə qonaqlar ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən məqsədyönlü işləri, o cümlədən Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyası (CEPEJ) tərəfindən Avropa dövlətləri üçün örnək kimi dəyərləndirilən hakimlərin seçim proseduru ilə bağlı ölkəmizin nailiyyətlərini məmnunluqla qarşılamışlar.

Söhbət zamanı, həmçinin ədliyyə sahəsində həyata keçirilən layihələr, habelə qanunvericilik, inzibati ədliyyə və digər məsələlər üzrə faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaqlar nazirlikdə Ədliyyə Tarixi Muzeyi ilə tanış olmuşlar.

 

 

Azərbaycan.- 2012.- 3 iyul.- S. 5.