Ordubad rayonunun Parağa və Behrud kəndlərində
kompleks quruculuq işləri
aparılır
Muxtar respublikanın digər bölgələri kimi, Ordubad rayonunda da geniş tikinti-quruculuq işləri aparılır, rayon mərkəzi və kəndlər müasirliyə, yeniliyə qovuşur. Bu il rayonun kompleks abadlaşan yaşayış məntəqələrinin sırasına Parağa və Behrud kəndləri də qoşulacaqdır.
AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Parağa kəndinə gəlmiş, kənddə aparılan quruculuq işləri ilə maraqlanmışdır.
Hazırda kənddə yeni məktəb binası, kənd və xidmət mərkəzləri inşa olunur.
Məlumat verilmişdir ki, Parağa kənd tam orta məktəbində 51 şagird təhsil alır. 400 nəfərə yaxın əhalinin yaşadığı kənddə perspektiv nəzərə alınaraq 110 şagird yerlik yeni məktəb binası tikilir. Müasir layihə əsasında inşa olunan üçmərtəbəli binada beton işləri başa çatdırılmışdır. Hazırda hörgü və suvaq işləri görülür, istilik sistemləri quraşdırılır, elektrik və kommunikasiya xətləri çəkilir.
Məktəb binasının yaxınlığında tikilən kənd mərkəzi isə ikimərtəbəlidir. Binada beton və hörgü işləri başa çatdırılmışdır. Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, kənd mədəniyyət evi və tədbirlər zalı yerləşəcəkdir. Həmçinin binada feldşer-mama məntəqəsi üçün də 4 otaq nəzərdə tutulmuşdur.
Ali Məclisin Sədri obyektlərin bu ilin sentyabrında təhvilə hazırlanması barədə tapşırıq vermişdir.
Həmin gün Ali Məclisin Sədri Behrud kəndinə gəlmiş, kənddə aparılan quruculuq işlərinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, 45 şagirdin təhsil aldığı Behrud kənd tam orta məktəbi üçün 110 şagird yerlik yeni bina inşa olunur, kənd və xidmət mərkəzləri tikilir. Hazırda məktəb binasında və kənd mərkəzində inşaat işlərinin əsas hissəsi başa çatdırılmışdır.
Yeni tikilən məktəb binası üçmərtəbəlidir. Burada lazımi tədris şəraiti yaradılacaq, müasir sinif otaqları, fənn kabinələri, elektron lövhəli siniflər, idman zalı şagirdlərin istifadəsinə veriləcəkdir.
İkimərtəbəli kənd mərkəzinin binasında işlərin əsas hissəsi başa çatdırılmışdır. Kənd mərkəzində dövlət qurumlarının fəaliyyəti üçün nümunəvi iş şəraiti yaradılacaq, feldşer-mama məntəqəsi üçün 3 otaq ayrılacaqdır.
Ali Məclisin Sədri işlərin keyfiyyətlə davam etdirilməsi, məktəb yoluna asfalt örtük salınması barədə tapşırıq vermiş, Parağa və Behrud kənd sakinləri ilə görüşmüş, kəndlərin sosial-iqtisadi inkişafı və əhalinin məşğulluğu ilə maraqlanmışdır.
Kənd ziyalıları muxtar respublikanın bütün yaşayış məntəqələrində, eyni zamanda, Ordubad rayonunun dağ və sərhəd kəndlərində də kompleks quruculuq işlərinin aparılmasının əhəmiyyətini qeyd edərək bildirmişlər ki, bu, ulu öndər Heydər Əliyevin siyasi xəttinin ölkəmizdə, o cümlədən muxtar respublikamızda uğurla davam etdirilməsinin nəticəsidir.
Ali Məclisin Sədri Vasif Talıbov muxtar respublikada kəndlə şəhər arasındakı fərqin aradan qaldırıldığını bildirmiş, Ordubad rayonunun kəndlərinin inkişafına bundan sonra da yüksək qayğı və diqqət göstəriləcəyini qeyd etmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 27 iyul.- S. 1.