Rusiya-Azərbaycan
əlaqələri çoxsahəlidir
Bu qarşılıqlı
anlaşmanın yüksək dərəcəsi ilə səciyyələnir
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı demişdir: "Təsadüfi deyil ki, bu gün Azərbaycan dünyanın qlobal məsələləri ilə bağlı çox fəal və geniş müzakirələr aparır, biz dünyanın aparıcı ölkələri ilə daim təmasdayıq və bizim prinsipial mövqeyimiz qiymətləndirilir".
Azərbaycanın belə müzakirələrdə və təmasda olduğu dünyanın aparıcı ölkələrindən biri də qonşu Rusiya Federasiyasıdır. İyunun 28-də Bakıda keçirilən "Rusiya-Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu göstərdi ki, iki ölkə regionları arasında iqtisadi, elmi-texniki və humanitar əməkdaşlıq getdikcə inkişaf edir, mövcud əlaqələr daha da genişlənir.
Ötən əsrin 90-cı illərində Sovetlər birliyi süquta uğradıqdan sonra iki ölkə arasında əlaqələr qırıldı. Bundan həm dövlət, həm də insanlar bir müddət əziyyət çəkdi. Yalnız zəngin dövlətçilik təcrübəsinə malk Heydər Əliyevin 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Rusiya ilə münasibətlərin nizamlanmasında mühüm tədbirlər həyata keçirildi, qırılmış bağlar bərpa olundu və ölkələrimiz arasında strateji tərəfdaşlığın təməli qoyuldu. 2000-ci ildə Vladimir Putinin Rusiya Prezidenti seçilməsi ilə Rusiya-Azərbaycan münasibətləri daha da gücləndi. İki ölkənin liderləri zamanın sınağından çıxmış tarixi əlaqələri bərpa etməyə, sabit və mehriban qonşuluq münasibətləri qurmağa nail oldular. Həmin münasibətlər bu gün də Azərbaycan və Rusiyanın dövlət başçılarının səyləri sayəsində dinamik şəkildə inkişaf edir.
Ümummilli lider Heydər Əliyevin siyası kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin səyi nəticəsində Azərbaycan - Rusiya münasibətlərinin gücləndirilməsi istiqamətində son illər bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Məhz bunun nəticəsidir ki, hazırda iki ölkə arasında siyasi, sosial-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq mövcuddur. Belə ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 47,4 faiz artaraq, 2 milyard 828 milyon ABŞ dolları olmuşdur. Onu da deyək ki, bu gün Rusiya Federasiyasının 83 subyektindən 70-i Azərbaycan ilə əməkdaşlıq edir. 1994-2012-ci illərdə Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyasının subyektləri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair 30-dan çox saziş imzalanmışdır. Həmin subyektlərdən Dağıstan, Tatarıstan, Başqırdıstan respublikaları, Krasnodar və Stavropol diyarları, Moskva və Sankt-Peterburq şəhərləri, Həştərxan, Volqoqrad, Sverdlovsk, Samara, Rostov, Perm, Çelyabinsk, Tula, Belqorod və Nijni Novqorod vilayətləri Azərbaycanla daha sıx əməkdaşlıq edirlər. Keçən il Rusiya ilə ticarət dövriyyəsinin ümumi həcmində həmin regionların payı 81,7 faiz təşkil etmişdir.
Ümumiyyətlə, iki ölkə arasında 160-dan çox sənəd imzalanmışdır ki, bu sənədlər ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza rolunu oynayır.
Azərbaycanda 500-dən artıq Rusiya şirkətləri fəaliyyət göstərir. Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda Rusiya Kitab Evi yaradılmışdır. Respublikamızda rus dilinin inkişafı üçün daim qayğı göstərilir. Hazırda Azərbaycanda 500-dən çox rusdilli məktəb var.
Bu günlərdə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin ölkəmizdə səfərdə olarkən onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini və bu münasibətlərin çoxəsrlik əməkdaşlıq tarixinə, dostluq və qarşılıqlı dəstəyə əsaslandığını vurğulamışdır. Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin Azərbaycana səfərinin iki dost və qonşu ölkə arasında qarşılıqlı siyasi əlaqələrin, iqtisadi, humanitar, parlamentlərarası və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmli olduğunu qeyd etmişdir.
Nümayəndə heyətinin rəhbəri Sergey Narışkin Rusiya Federasiyası baş nazirinin müavini, hökumətlərarası birgə komissiyanın həmsədri, Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri vəzifələrində çalışarkən, hazırda isə Rusiya Federasiyası Dövlət Dumasının sədri kimi ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, humanitar və digər sahələrdə inkişafına səylə çalışmışdır. Sergey Narışkinin rəhbərliyi ilə hökumətlərarası birgə komissiya səmərəli fəaliyyət göstərərək iqtisadi xarakterli mühüm məsələlərin həllinə nail olmuşdur.
Bakıda keçirilən "Rusiya - Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev müasir mərhələdə Azərbaycan ilə Rusiyanın qarşılıqlı münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıraraq bildirmişdir ki, əlaqələrimiz çoxşaxəli, çoxplanlıdır və həyatın, demək olar ki, bütün sahələrini əhatə edir. Azərbaycan-Rusiya münasibətləri açıqlıq, səmimilik, etimadın və qarşılıqlı anlaşmanın yüksək dərəcəsi ilə səciyyələnir. Dövlət başçılarının yüksək səviyyəli siyasi əlaqələri mövcuddur, mütəmadi olaraq qarşılıqlı səfərlər həyata keçirilir.
Dövlətlərarası əlaqələrin hərtərəfli inkişafında qanunverici orqanların da rolu böyükdür. Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlığın genişləndirilməsi üçün hər iki tərəf böyük potensiala malikdir. Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də hökumət üzvləri, şirkət rəhbərləri və parlamentarilərimiz son illər beynəlxalq görüşlərdə, tədbirlərdə çox uğurlu əməkdaşlığa imza atırlar. Azərbaycan ilə Rusiya arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, ilk növbədə, Azərbaycan Prezidentinin xarici siyasətinin uğurlu nəticəsidir.
Rusiyalı qonaqlarla görüşlərdə xüsusi olaraq diqqətə çatdırılmışdır ki, ölkəmizin iqtisadi inkişafına mane olan ən başlıca amillərdən biri Ermənistan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan parlamentariləri rusiyalı həmkarlarına xatırlatmışlar ki, bu problemin həllində Rusiyanın vasitəçilik rolu xüsusi əhəmiyyət daşıyır. ATƏT-in Minsk qrupunun həmsədri və regionun aparıcı dövləti kimi Rusiya bu problemin aradan qaldırılmasında səylərini artırsa, yaxın zamanlarda münaqişə beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər.
Azərbaycanın dinamik iqtisadi inkişafı, aparılan quruculuq işləri və problemləri ilə yaxından tanış olan rusiyalı qonaqlar adından Dövlət Dumasının sədri Sergey Narışkin demişdir: "Biz bütün imkanlardan istifadə edərək siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizi daha da mökəmləndirəcək və inkişaf etdirəcəyik".
Keçirilən görüşlərdə hökumətlərarası və parlamentlərarası komissiyaların fəaliyyəti xüsusi qeyd olunmuş, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın perspektivləri müzakirə edilmiş, rəsmilərin qarşılıqlı səfərlərinin intensivləşdirilməsinin vacibliyi diqqətə çatdırılmış və qarşılıqlı məsələlərdə maraq doğuran digər məsələlər ətrafında geniş fakir mübadiləsi aparılmışdır.
Dövlət Dumasının sədri onu da qeyd etmişdir ki, Bakıda keçirdiyi görüşlərdə əlavə impuls almış Avrasiya inteqrasiyasının inkişafından ciddi söhbət gedib: "Biz müxtəlif sahələrdə, o cümlədən iqtisadi, humanitar, siyasi sahələrdə Avrasiya inteqrasiyası perspektivlərini ətraflı müzakirə etdik, heç bir məsələləri, hətta ən incə məqamları belə kənarda qoymadıq".
Azərbaycan-Rusiya arasında iqtisadi, elmi-texniki və humanitar əməkdaşlığın inkişafını təsdiqləyən amillər arasında Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci ilin yanvar ayında Rusiya Prezidenti ilə görüşü zamanı dediyi sözlər daha önəmlidir: "Biz ikitərəfli münasibətlərin bütün spektri üzrə müsbət dinamika müşahidə edirik. Bu, bizi çox sevindirir. Biz Rusiya ilə əməkdaşlığa böyük əhəmiyyət veririk. Rusiya bizim üçün strateji tərəfdaşdır. 2011-ci ildə bu tərəfdaşlıq daha böyük əməli işlərlə möhkəmlənməyə başlamışdır".
Bütün bunlar əminlik yaradır ki, Rusiya-Azərbaycan arasında iqtisadi, elmi-texniki, humanitar və digər sahələrdə yeni mərhələyə qədəm qoyan əlaqələr bundan sonra daha yüksək və işgüzar formada inkişaf etdiriləcəkdir.
Rəhman SALMANLI
Azərbaycan.- 2012.- 27 iyul.- S. 1.