Müqavilə yolu ilə informasiya sorğusunun təmin edilmə Şərtləri və Qaydaları

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 1. Bu Qaydalar "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 323-IVQD nömrəli Qanununun tətbiqi və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 623 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinə uyğun olaraq hazırlanmışdır.

2. Haqqı ödənilməklə göstərilən informasiya xidmətləri çərçivəsində informasiya sorğusunun təmin edilməsi informasiya sahibi ilə sorğuçu arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

3. Haqqı ödənilməklə informasiya əldə etmək istəyən şəxs müqavilənin bağlanması üçün informasiya sahibinə müraciət edir. İnformasiya sahibi 7 iş günü müddətində 2 nüsxədə müqavilə layihəsini hazırlayaraq imzalaması üçün sorğuçuya təqdim edir.

4. Sorğuçu müqavilə layihələrini 3 gün müddətində imzalayaraq geri qaytarır və ya layihəyə dair təkliflərini bildirir. Həmin təkliflərə informasiya sahibi tərəfindən 3 gün müddətində baxılır.

5. Təkliflər qəbul edildikdə müqavilə imzalanır, təkliflər qəbul edilmədikdə isə informasiya sorğuçusuna əsaslandırılmış cavab verilir.

6. İmzalanmış müqavilənin bir nüsxəsi informasiya sahibində, digər nüsxəsi isə sorğuçuda qalır.

7. İnformasiya sahibi ilə sorğuçu arasında müqavilə müəyyən müddətə və ya informasiyanın təqdim edilməsi müddətinə bağlanıla bilər.

8. Tərəflər arasında bağlanmış müqavilədə təqdim edilən informasiyanın tərkibi, əldə edilməsi məqsədləri, istifadə sahələri və üsulları, habelə tərəflərin vəzifələri, öhdəlikləri, ödənişin məbləği və şərtləri göstərilməlidir.

 

 

Azərbaycan.- 2012.- 27 iyul.- S. 2.