Əli ƏHMƏDOV: Azərbaycanda ləyaqətli gənc nəsil formalaşmışdır

 

 Azərbaycanda ləyaqətli gənc nəsil formalaşmışdır. Azərbaycanın gələcəyi bu nəsillə bağlıdır. Bu gün əsası qoyulan ənənələrin həmin gənclər tərəfindən layiqincə həyata keçiriləcəyinə heç kimdə şübhə yoxdur.

AzərTAc xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi gənc siyasətçilər üçün "Yay məktəbi"ndə iştirak edən YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov jurnalistlərə müsahibəsində demişdir.

Əli Əhmədov bildirmişdir: "Bizim gənclərlə olan bugünkü görüşümüz düşünürəm ki, kifayət qədər maraqlı keçmişdir. Bu görüşdə apardığımız fikir mübadiləsi məni belə qənaətə gətirir ki, YAP-ın sıralarında ictimai-siyasi cəhətdən kifayət qədər fəal, yüksək intellektə malik gənclər toplaşmışlar. Bu gənclər Azərbaycan dövlətçiliyinə, Azərbaycan Prezidentinə, dövlətimizin başçısının həyata keçirdiyi siyasətə dərindən hörmət və inam hissləri ətrafında birləşmişlər.

Biz bu görüşdə gənclərdə yüksək vətənpərvərlik duyğularının və hisslərinin bir daha şahidi olduq. Gənclərimizi bir tərəfdən Azərbaycanın ictimai-siyasi inkişafı, ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsi maraqlandırır, digər tərəfdən bu proseslər onlarda ciddi qüruriftixar hissləri formalaşdırır. Gənclərimizin fəallığı Azərbaycanda ictimai-siyasi proseslərin müsbət məcrada inkişaf etməsinə öz töhfəsini verməkdədir.

Azərbaycan gəncliyi, xüsusilə də YAP sıralarında birləşmiş gənclərimiz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləməklə yanaşı, eyni zamanda, bu siyasətin həyata keçirilməsinə və uğurlar qazanmasına hər zaman hazır olduqlarını dəfələrlə bəyan etmişlər. Gənclərimizin yüksək ictimai fəallığı qarşıdan gələn prezident seçkilərində onların bu siyasi kampaniyanın yüksək fəallıq şəraitində keçməsinə böyük dəstək və töhfə verəcəyinə inamımızı daha da artırır".

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 27 iyul.- S. 2.