Oğuz rayonunda gənc siyasətçilər üçün Yay məktəbi öz işini uğurla davam etdirir

 

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi gənc siyasətçilər üçün "Yay məktəbi" öz işini uğurla davam etdirir.

AzərTAc xəbər verir ki, layihə çərçivəsində iyulun 26-da "Yay məktəbi"  iştirakçılarının YAP sədrinin müavini-icra katibi Əli  Əhmədov və Milli Məclisin bir qrup deputatı ilə görüşü olmuşdur.

Oğuz şəhərindəki "AFRA" otelinin konfrans zalında keçirilən tədbirdə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirmişdir ki, Azərbaycan dövləti gənclərə həmişə böyük qayğı və diqqət göstərir. Onların təhsil almaları, işləmələri, istirahət etmələri və layiqli vətəndaş kimi yetişmələri üçün hər cür şərait yaradılmışdır. Azərbaycan dövləti müəyyənləşdirdiyi bu siyasətin həyata keçirilməsi üçün son illər öz imkanları çərçivəsində bir sıra layihələr həyata keçirmişdir. Belə təşəbbüslərdən biri də gənclərin "Yay məktəbi" layihəsidir. Belə məktəblərin həyata keçirilməsi ilə bağlı ideyanın meydana çıxması Azərbaycan dövlətinin gənclər siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.

Əli  Əhmədov bildirmişdir ki, ölkəmizdə "Yay məktəbi" layihəsi artıq 6 ildir ki, həyata keçirilir. Bu il OğuzLerik rayonlarının istirahət mərkəzlərində təşkil olunan yay məktəblərində altı yüzə yaxın gənc iştirak etmişdir. YAP-ın üzvü olan gənclər partiyanın gücünün, fəallığının formalaşmasında, ictimai-siyasi həyatda əhəmiyyətli qüvvəyə çevrilmişlər.

Qeyd olunmuşdur ki, 575 min üzvü olan partiyanın daxilində gənclər yüksək gücə və çəkiyə malikdirlər. Partiya üzvlərinin 40 faizini gənclər təşkil edir. Gənclər partiyanın gələcəyinin təmin edilməsində öz üzərilərinə əhəmiyyətli bir missiyanı götürmüşlər və bu missiyanı layiqincə yerinə yetirirlər. YAP rəhbərliyi həmin missiyanın yerinə yetirilməsi üçün gənclərin hazırlanmasına daim lazımi kömək göstərir. Əli Əhmədov gənclərin gələcəkdə Azərbaycanın uğurlarının təmin edilməsində əhəmiyyətli rol oynayacaqlarına şübhə etmədiyini bildirmişdir.

Sonra Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli  Əhmədov, habelə YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları Mübariz Qurbanlı, Eldar İbrahimov və Məlahət İbrahimqızı gənclərin çoxsaylı suallarını cavablandırmış, verdikləri təkliflərə münasibətlərini bildirmiş, fikir mübadiləsi aparmışlar.

"Yay məktəbi"nin bu il Oğuzda keçirilən 4-cü mərhələsində 70 nəfərədək fəal gənc iştirak edir. Proqrama uyğun olaraq gənclərlə "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası gənclərin nəzəri ilə", "İKT-nin müasir imkanlarından səmərəli istifadə - sosial şəbəkələr", "Seçki kampaniyalarında ərazinin, ictimai rəyin öyrənilməsi. Siyasi partiyaların seçki kampaniyasında rolu" mövzularında seminar-diskussiyalar keçirilmişdir.

"Yay məktəbi" çərçivəsində gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün interaktiv oyunlar, müxtəlif idman yarışları da təşkil olunur.

 

 

Azərbaycan.- 2012.- 27 iyul.- S. 2.