Azərbaycan ilə
Kolumbiya arasında müxtəlif sahələrdə
əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyaya səfəri çərçivəsində ölkə Senatı sədrinin müavini Edqar Espindola Ninonun başçılıq etdiyi senatorlardan ibarət qrup ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycana səfərini xatırlayan E.Nino Bakıda keçirdiyi görüşlərdən məmnun qaldığını qeyd etmişdir. E.Nino E.Məmmədyarovun bu rəsmi səfərinin Azərbaycan ilə Kolumbiya arasında münasibətlərin dinamik inkişafına töhfə verəcəyinə əminliyini bildirmişdir.
Kolumbiya Senatının Azərbaycan xalqının Xocalı soyqırımı acısını anladığını deyən E.Nino bununla bağlı ölkəsinin qanunverici orqanının müvafiq qərar qəbul etdiyini xatırlatmışdır. O, hər iki ölkədə diplomatik və ticarət nümayəndəliklərinin tezliklə açılmasının vacibliyini qeyd etmiş, bunun ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, mədəniyyət və digər sahələrdə əməkdaşlığa təkan verəcəyini vurğulamışdır.
Sonra Elmar Məmmədyarova və Azərbaycanın
Kolumbiyadakı səfiri İlqar Muxtarova Kolumbiya ilə Azərbaycan
arasında əməkdaşlığın inkişafı və
genişləndirilməsində xidmətlərinə görə
Senatın xarici əlaqələr, milli müdafiə və təhlükəsizlik
komissiyasının "Demokratiya uğrunda səylərinə görə
ali komandor" ordeninin təqdim edilməsi mərasimi keçirilmişdir. E.Məmmədyarov
yüksək mükafata görə təşəkkürünü
bildirmiş, Azərbaycan ilə Kolumbiya arasında müxtəlif sahələrdə
münasibətlərin daha da inkişaf etdirilməsi üçün siyasi iradənin
olduğunu vurğulamışdır.
Azərbaycan.- 2012.- 27 iyul.- S. 2.