İmişlidə
yeni nəfəs duyulur
Böyük inşaat meydanına
çevrilən rayon mərkəzi əvvəlki görkəmini
sürətlə dəyişir
Kür-Araz ovalığında, Mil-Muğan düzündə yerləşən münbit torpaqlı, barlı-bəhərli bu bölgədə indi yeni nəfəs duyulur. İmişlidə hansı küçəyə qədəm qoysan, hansı tərəfə üz tutsan, bütün sahələri əhatə edən qeyri-adi canlanmanın, fərəh doğuran intibahın şahidi olacaqsan. Bu bir həqiqətdir ki, İmişli son vaxtlaradək regionlarda dönməz xarakter alan dinamik sosial-iqtisadi inkişafdan xeyli geri qalırdı. Qonşu rayonlarda son illər ərzində abadlıq işləri genişlənir, parklar, xiyabanlar, seyrəngahlar, əhalinin istirahəti üçün nəzərdə tutulan sosial obyektlər yeni ünvan tapsa da, bu bölgədə gözlənilən yeniliklər baş vermirdi.
Respublika Prezidentinin xüsusi qayğı və diqqəti sayəsində İmişlinin də sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında artıq yeni intibah dövrü başlamışdır. Respublika rəhbərinin tövsiyələrinə uyğun olaraq insan amili diqqət mərkəzinə çəkildi. Rayon əhalisini narahat edən problemləri öyrənmək, onların aradan qaldırılması yollarını müəyyənləşdirmək üçün uzun zaman sərf etməyə ehtiyac qalmadı. Böyük yaşayış məntəqələrində keçirilən səyyar qəbullar, ağsaqqallarla, ziyalılarla, gənclərlə gerçəkləşən səmimi görüşlər çox mətləblərə aydınlıq gətirdi. Bu görüşlərdə əhalinin müxtəlif təbəqələri tərəfindən verilən təkliflər, qaldırılan təşəbbüslər, edilən müraciətlər təbii olaraq rayon rəhbərliyinin ilk mərhələdə fəaliyyətinin istiqamətlərini müəyyənləşdirən əsas şərtlər oldu. Adamların istədiyi dövlətimizin artan iqtisadi qüdrətinin yaratdığı üstünlükləri öz həyatlarında, gündəlik məişətlərində görməkdir. Bu mövzudakı söhbətdə rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin fikirləri çox aktualdır:
- Müasir dövrün reallıqlarında çox maraqlı məqamlar var. Ayrı-ayrı kəndlərdə, əmək kollektivlərində keçirilən çoxsaylı görüşlərdə əhalinin fikrini öyrənib ümumi nəticə çıxardıq. Haqlı olaraq indi adamlar yaxşı yaşamaq istəyirlər. Bu, iqtisadi inkişafın sürətinə görə regionun lider dövlətinə çevrilmiş Azərbaycan Respublikası vətəndaşının təbii haqqıdır. Respublika Prezidenti İlham Əliyevin dövlətin daxili siyasətinin icraçıları olan məmurlardan ən ciddi tələbi belədir - ölkə vətəndaşlarının yaxşı dolanışığı, firavan həyatı üçün hər bir işi görməliyik. Dövlət başçısının tələbləri ilə ölkə əhalisinin istəkləri tamamilə üst-üstə düşür. Respublika rəhbərinin təşəbbüsü ilə qəbul edilən dövlət proqramları, ayrı-ayrı rayonların sosial-iqtisadi inkişafını sürətləndirmək üçün əlavə tədbirlər görülməsi məqsədilə Prezidentin imzaladığı sərəncamlar, büdcədən, Prezidentin Ehtiyat Fondundan ayrılan böyük həcmdə vəsaitlər nəticə etibarı ilə xalqın həyat səviyyəsini yüksəltməyə yönəlib. Biz məmurların əsas vəzifəsi isə davamlı dövlət qayğısının öz ünvanına, kənddə, şəhərdə yaşamasından asılı olmayaraq Azərbaycan vətəndaşına çatdırılmasına nail olmaqdır. Fəaliyyətimizi elə qurmalıyıq ki, ölkə vətəndaşı bu qayğını gündəlik həyatında hiss etsin, insana ən böyük dəyər verildiyi bir ölkədə yaşadığı üçün qürurlansın.
İndi yeni nəfəs duyulan İmişlidə qarşıya qoyulan aydın məqsədə çatmaq üçün bütün qüvvələr səfərbər edilib. İri infrastruktur layihələrə start verilib. Rayon əhalisini uzun illərdən bəri narahat edən içməli su ilə təminatı sahəsindəki problem uğurla aradan qaldırılır. Kəndlərə təbii qaz çəkilişi sürətlə davam etdirilir. Məktəb, xəstəxana tikintisinin genişləndirilməsini rayon əhalisi razılıqla qarşılayır. İmişlinin inkişafına respublika Prezidenti İlham Əliyevin xüsusi qayğısı rayonun sosial-iqtisadi, mədəni və siyasi həyatında dərin izlər qoyur, hər kəsdə hədsiz minnətdarlıq hissi doğurur. Dövlət başçısının bölgəyə hər səfəri rayonun həyatında əlamətdar hadisələrlə yaddaqalan olur. 2006-cı il martın 23-də İmişli Şəkər Zavodunun, Heydər Əliyev Mərkəzinin, Heydər Əliyev adına 8500 yerlik şəhər stadionunun, əsaslı təmir və yenidənqurmadan sonra 2 saylı şəhər orta məktəbinin açılışında iştirak edən dövlət başçısı sonrakı illərdə də bu rayondan zəruri qayğısını əsirgəməmişdir.
2010-cu ilin yazında sel fəlakəti bölgə əhalisini sınağa çəkəndə ölkə rəhbərinin xüsusi münasibəti adamları sarsılmağa qoymadı. 2010-cu il noyabr ayının 1-də İmişliyə səfəri çərçivəsində Prezident daşqınlardan zərər çəkmiş ailələr üçün dövlət vəsaiti hesabına yeni salınmış Allahmədətli qəsəbəsinin açılışında iştirak etdi. Ötən il may ayının 5-də isə İmişli Olimpiya İdman Kompleksinin, İmişli-Qaravəlli-Mirili avtomobil yolunun, Araz çayının yeni qolu üzərində salınmış körpünün, qarışıq yem, bitki yağları, çuğundur yem qurutma zavodlarının, 40 min tonluq xammal anbarının açılışı, kəllə qənd zavodunun təməlqoyma mərasimi respublika Prezidenti İlham Əliyevin iştirakı ilə gerçəkləşdi. Həmin səfər zamanı dövlət başçısının tövsiyəsi ilə rayon mərkəzi xəstəxanasının əsaslı təmir və yenidənqurulmasına start verildi. Hazırda müasir tələblər səviyyəsində həyata keçirilən bu möhtəşəm quruculuq işi başa çatmaq üzrədir.
Bu gün İmişli nəhəng inşaat meydanını xatırladır. Rayon mərkəzinin prospekt və küçələrində təmir-tikinti, abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Xoşa gələn ən əsas cəhət isə odur ki, aparılan abadlıq və quruculuq işləri yüksək zövqlə görülür, keyfiyyətə, müasirliyə xüsusi fikir verilir.
Bu günlər şəhərin Heydər Əliyev prospektində, S.Fətəliyev, M.Əzizbəyov, A.Şadlınski, S.Ağamalıoğlu, 20 Yanvar, H.Aslanov küçələrində, Sabir və Nizami adına istirahət parklarında qızğın iş gedir. Təmir-tikinti, abadlıq-quruculuq işlərində 40-a yaxın briqada çalışır. Quruculuq prosesi hesabına 400-dən çox yeni iş yeri açılmışdır. İşə cəlb edilənlərin böyük əksəriyyəti yerli əhalidəndir. Şəhərin giriş qapıları milli memarlıq üslubunda yenidən inşa olunur. Küçələr boyu yüksək zövqlə hasarlar çəkilir, divarlar ağlay daşı ilə üzlənir, şəhərdə müasir işıqlandırma sisteminin qurulması sürətlə davam etdirilir.
Respublikamızın hər yerində olduğu kimi, İmişlidə də xalqımızın ümummilli lideri Heydər Əliyev ideallarına sonsuz məhəbbət və ehtiram hər addımda hiss olunur. Rayon mərkəzində ulu öndəri xatırladan çox amil var. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyevə sonsuz ümumxalq məhəbbətinin ifadəsidir ki, onun şəhərin mərkəzində ucalan əzəmətli abidəsinin önündə hər gün tər qızıl güllər görmək olar. Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının qərargahı son günlər nəfis şəkildə əsaslı təmir edilmişdir. Ən müasir layihə əsasında Heydər Əliyev Mərkəzinin tikintisinə başlanmışdır. Şəhərin dəmiryol vağzalının qarşısında bölgədə ən böyük Bayraq Meydanının inşasına start verilmişdir. Küçələrin və Bayraq Meydanının işıqlandırılması üçün 350 ədəd ən müasir formalı işıqlandırma dirəyi sifariş verilmişdir. Şəhərin gecə görüntüsünə xüsusi yaraşıq verəcək bu dirəklərin artıq 100 ədədi gətirilərək quraşdırılmışdır.
İmişlini respublikanın ən gözəl, ən abad şəhərləri sırasına çıxarmaq üçün məqsədyönlü axtarışlar aparılır. Ölkənin peşəkar arxitektorları, memarları, dizaynerləri rayona dəvət olunmuş, İmişlinin sabahı mövzusunda fikir mübadiləsi edilmişdir. İndi müasir şəhərsalmanın tələbləri əsasında yeni layihələr üzərində iş gedir. Abadlıq, quruculuq işləri isə zərbəçi ahənglə davam etdirilir. Hazırda Tarix-Diyarşünaslıq Muzeyində əsaslı təmir işləri aparılır. Gənc və yeniyetmələrin çoxdan gözlədikləri Şahmat məktəbi inşa olunur. Şəhərin küçələrində ticarət və müxtəlif xidmət obyektlərinin fasad və dam örtükləri müasir memarlıq üslubuna uyğun dəyişdirilir. İctimai yaşayış binalarının dam örtükləri yenilənir.
Küçələr boyunca hasarlara, evlərin fasadına milli ornametlərlə naxışlanmış ağlay daşından üzlük çəkilir. Rayon mərkəzinin əksər küçələrində vətəndaşlara məxsus köhnəlmiş və səliqəsiz görünən darvazalar dəyişdirilib eyni formalı yaraşıqlı darvazalarla əvəz olunur.
Dövlətin qayğısından güc alan İmişli camaatı doğma yurdun hər qarışını cənnətə döndərmək üçün ürəklərinin odunu, əllərinin hərarətini əsirgəmədən çalışır. Qısa müddət ərzində rayonda formalaşan sağlam mənəvi-psixoloji mühit adamlara sözün həqiqi mənasında qol-qanad verir. Hər bir rayon sakini doğma İmişlinin xoş novrağına öz şəxsi töhfəsini verməyə çalışır. Rayon rəhbərinin əsl vətəndaş mövqeyindən qaynaqlanan və heç kəsə sirr olmayan aydın məqsədi, xoş niyyəti mövcud qüvvələrin, imkan və ehtiyyat mənbələrinin səfərbər edilməsində müstəsna rol oynayır. Məqsəd isə dövlətin və bu dövlətə məharətlə rəhbərlik edən Prezident İlham Əliyevin xalqın həyat şəraitini hər vasitə ilə yaxşılaşdırmağa hesablanan humanist siyasətini yüksək məsuliyyətlə icra etmək, dövlətin xalq üçün çalışdığını bütün məqamlarda ən xırda detallarla, konkret əməli işlərlə ortaya qoymaqdır. Xalqa xidmətlə, əhalinin dolanışıq səviyyəsini yaxşılaşdırmağa yönəlik fəaliyyətlə bağlı çox işlər görülməkdədir. İlk öncə yerli əhalini daha çox razı salan bir cəhəti xüsusilə qeyd etmək lazımdır. Bu, rayonda sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şəraitlə bağlıdır. Bölgədə sahibkarlıq fəaliyyətinə kənar müdaxilələr tamamilə aradan qaldırılmışdır. Sahibkarlığın inkişafı yolunda yandırılan yaşıl işıq rayonun iş adamlarının əl-qolunu açmış, biznes dairəsini genişləndirməyə imkan yaratmışdır. Təsadüfi deyil ki, indi rayonda istehsal olunan ümumi daxili məhsulun, göstərilən müxtəlif xidmətlərin 90 faizindən çoxu özəl sektorun payına düşür.
Rayonda zərbəçi ahənglə davam etdirilən tikinti, quruculuq işləri təkcə abadlıq çərçivəsində aparılmır. On illərdi ki, İmişli rayonunun sosial həyatında içməli su problemi ən ağrılı məsələ olaraq qalırdı. Su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına başlanması rayon əhalisində sözün həqiqi mənasında əsl bayram əhval-ruhiyyəsi yaratmışdır. İlk mərhələdə Beyləqan istiqamətindən 29 kilometr məsafədə magistral su xəttinin çəkilişi artıq başa çatmaq üzrədir. Böyük sosial əhəmiyyətli bu layihənin davamı olaraq yaxın günlərdə şəhər ərazisində içməli su xətlərinin və kanalizasiya sisteminin çəkilişinə başlanılacaqdır. Layihə tam həyata keçdikdən sonra İmişli şəhərinin 35 min nəfərdən çox əhalisi keyfiyyətli içməli su ilə təmin olunacaqdır. Magistral su kəmərinə yaxın ərazidə yerləşən yaşayış məntəqələri əhalisinin də içməli su təminatının yaxşılaşdırılacağı nəzərdə tutulur.
İmişlidə həyat qaynayır. Bu gün çəkilən zəhmət, axıdılan alın təri tezliklə öz fərəhli bəhrələrini verəcək, daş üstə qoyulan hər daş göz oxşayan bir binaya çevriləcək, əkilən hər ağac, hər gül-çiçək kolu, abadlaşan hər küçə, yenidən qurulan hər park İmişlinin gözəlliyinə yeni naxışlar vuracaqdır. Yetər ki, məqsədin aydın, niyyətin xoş olsun.
Lazım
QULİYEV
Azərbaycan.- 2012.- 27 iyul.- S. 3.