RAGT nümayəndələri Kaluqa vilayətində Dördüncü Beynəlxalq Dialoq gənclik düşərgəsində iştirak etmişlər

 

 Bu günlərdə Kaluqa vilayətindəki "Etnomir" mədəni-təhsil turizm mərkəzinin bazasında Dördüncü Beynəlxalq "Dialoq" gənclik düşərgəsi keçirilmişdir.

"Dialoq" gənclik düşərgəsi Rusiya Federasiyası İdman, Turizm və Gənclər Siyasəti Nazirliyinin və Avropa Şurasının Gənclər və İdman Məsələləri üzrə Direktoratının 2009-2012-ci illər üçün Gənclik Siyasəti Sahəsində Əməkdaşlığa dair Çərçivə Proqramının 2012-ci il üçün Fəaliyyət Planının tərkib hissəsidir.

Düşərgənin 200-dən çox iştirakçısı arasında Rusiyanın müxtəlif regionlarının, Avropa Şurasının üzvü olan ölkələrinin, MDB-nin beynəlxalq və millətlərarası layihələrin həyata keçirilməsinə fəal cəlb edilmiş ictimai gənclik və etnik-mədəni təşkilatlarının nümayəndələri də vardı.

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) İdarə Heyətinin üzvü Emin Hacıyev AzərTAc-a bildirmişdir ki, "Dialoq" düşərgəsinin işində RAGT Kaluqa vilayət bölməsinin 10 nəfər fəal üzvü, habelə Bakıdan gəlmiş Azərbaycan gənclərinin nümayəndələri iştirak etmişlər. Gənclik düşərgəsinin təşkilatçıları bildirmişlər ki, əsas məqsəd Rusiya məkanında və onun hüdudlarından kənarda mədəniyyətlərarası və dinlərarası əməkdaşlıq sahəsində ən yaxşı təcrübə və innovasiyaları birləşdirən gənclərin mədəniyyətlərarası kommunikativ məkanını formalaşdırmaqdır. O demişdir: "Bu müddət ərzində Azərbaycan gəncləri müxtəlif ölkələrdən olan yaşıdları ilə əlaqələri tənzimləmiş, gələcək üçün planlar qurmuş, bu və ya digər layihələrdə əməkdaşlığın perspektivlərini müzakirə etmişlər. Dialoq gəncləri birləşdirmişdir. Onlar bir-biri ilə ünsiyyət saxlamış, bu və ya digər ölkənin cəmiyyətində yaşıdlarının ovqatından, dünyanın müxtəlif guşələrində gəncləri narahat edən aktual mövzulardan xəbər tutmuş, bir-birinin ənənələri ilə tanış olmuş, müxtəlif mövzular üzrə ustad dərsləri və treninqlər keçirmişlər. Azərbaycan gənclərinin nümayəndələri zəngin mədəniyyətə və ənənələrə malik olan, sürətlə inkişaf edən ölkəmiz barədə söhbət açmış, Azərbaycan mədəniyyətini və incəsənətini populyarlaşdırmışlar".

E.Hacıyev daha sonra bildirmişdir ki, gənclər bu düşərgə çərçivəsində mədəniyyətlərarası dialoq və formal təhsil, söz azadlığı və dini etika, mədəniyyətlərin və sivilizasiyaların dialoqunda gənclərin rolu kimi ümdə mövzuların müzakirə olunduğu diskussiya klublarında iştirak etmişlər. Ayrı-seçkiliyin və qərəzliliyin aradan qaldırılması, yeni çağırışlar və mədəni müxtəliflik, mədəniyyətlərarası dialoqun monitorinqi və onun səmərəsinin qiymətləndirilməsi, habelə gənclər mühitində qeyri-formal təhsil problemləri də müzakirə olunmuşdur.

E.Hacıyev demişdir ki, Azərbaycan milli mədəniyyətinin, ənənəvi Azərbaycan mətbəxinin, xalq musiqisinin və rəqslərin təqdimatı RAGT nümayəndələrinin bu düşərgədə iştirakının mühüm tərkib hissələrindən biri olmuşdur. RAGT nümayəndəsi demişdir : "Bizim stenddə Azərbaycanın bayrağı, ölkəmizin coğrafi xəritəsi asılmışdı, suvenirlər, füsunkar Odlar Diyarının mənzərəli yerlərinin fotoşəkilləri nümayiş etdirilirdi".

Emin Hacıyev RAGT-ın yaxın planlarından söhbət açaraq bildirmişdir ki, RAGT nümayəndələri Azərbaycan diaspor təşkilatlarının rəhbərlərinin "Xaricdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası" forumunda iştirak edəcəklər. Diasporla İş üzrə Azərbaycan Dövlət Komitəsi tərəfindən təşkil ediləcək bu forum avqustun 4-dən 8-dək Türkiyənin Bodrum şəhərində keçiriləcəkdir.

 

 

Asya HACIZADƏ

 

Azərbaycan.- 2012.- 27 iyul.- S. 5.