Rauf ABDULLAYEV: Çox
istərdim ki, Qəbələ
festivalında tanınmış sənətkarlarla bərabər,
yerli və xarici gənc
musiqiçilər də iştirak etsinlər
Ölkəmizin beynəlxalq nüfuzunun formalaşması və inkişafında mədəniyyət sahəsi də əsas rol oynayır. Bu baxımdan paytaxtdan kənarda, kurort zonasında belə möhtəşəm musiqi festivalının keçirilməsi mühüm hadisədir.
AzərTAc xəbər verir ki, bu sözləri Qəbələ IV Beynəlxalq Musiqi Festivalının iştirakçısı, xalq artisti, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Rauf Abdullayev jurnalistlərə müsahibəsində demişdir. Tanınmış dirijor bildirmişdir ki, dünyada festival paytaxtları sayılan böyük şəhərlər tədricən öz yerlərini Qəbələ kimi sənət və təbiət gözəlliyinin uzlaşdığı kiçik şəhərlərə verir. Qəbələ şəhərində artıq dördüncü ildir ki, keçirilən beynəlxalq musiqi bayramı buna əyani sübutdur. Burada dörd tərəfi sıx meşəliklə əhatə olunan gözəl dağların ətəyindəki səssizliyi musiqi ritmləri pozur.
R.Abdullayev bildirmişdir ki, Qəbələ festivalının keçirildiyi günlərdə klassik musiqi həvəskarları Rusiya, Böyük Britaniya, Polşa, Sloveniya, Fransa, ABŞ, İtaliya, İsveçrə və digər ölkələrin müasir ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli ustad sənətkarların və məşhur kollektivlərin ifasında ölməz əsərlər dinləmək imkanı əldə edirlər. Amma çox istərdim ki, növbəti festivalda ustad sənətkarlar və tanınmış musiqiçilərlə bərabər, yerli və xarici gənc ifaçılar da iştirak etsinlər. Bu möhtəşəm səhnədə məşhur musiqiçilərlə birgə gənclərin konsert verməsi onların inkişafına böyük təkan verəcəkdir. Müxtəlif mədəniyyətlərin qovuşduğu bu diyarda keçirilən festival həmin mədəniyyətləri ən yüksək səviyyədə təmsil edir.
Tanınmış musiqiçi
bildirmişdir ki, iyulun 25-də mənim dirijorluğumla
Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestrinin
konserti oldu. Hər gün keçirilən belə konsertlərdə
bir-birindən gözəl ifalar, dahi bəstəkarların məşhur əsərləri
tamaşaçılara unudulmaz anlar bəxş edir.
Çıxışlar alqışlarla qarşılanır.
Qəbələ IV Beynəlxalq Musiqi
Festivalı musiqimizin dünyada
təbliğində böyük əhəmiyyət
daşıyan mədəni hadisədir.
Azərbaycan.- 2012.- 27 iyul.- S. 5.