Gülbacı
İmanova: Sevindirici
haldır ki, bu festivala təkcə klassik
musiqi biliciləri deyil,
yerli sakinlər də həvəslə gəlirlər
Qəbələ Beynəlxalq Musiqi Festivalı ənənəvi olaraq keçirilən gözəl bir incəsənət bayramına çevrilmişdir. Bu günlər Qəbələdə xüsusi ab-hava hökm sürür. Bura gələn xarici qonaqlar ölkəmizin sürətli inkişafı, xalqımızın adət-ənənələri və mədəniyyəti ilə, milli musiqimizlə, muğam və bəstəkar əsərləri ilə yaxından tanış olurlar.
AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru, xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri professor Gülbacı İmanova demişdir. O bildirmişdir ki, qədim Qəbələ torpağında, füsunkar təbiət qoynunda istirahət edən yerli və xarici turistlər hər axşam festivalın konsertlərində dünya musiqisi incilərini dinləyirlər. Buranın havası, təbiəti, yüksək səviyyəli xidmətləri turistləri valeh edir.
Gülbacı İmanova
sözünə davam edərək demişdir: "Mənim dirijorluğumla
Azərbaycan Dövlət Xor Kapellası ilk dəfədir ki, bu musiqi festivalında iştirak edir. Bu, bizim üçün
çox şərəfli və sevincli hadisədir. Festivalın
açılış konsertində bizim kollektiv Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Bədəlbəylinin, C.Rossininin, C.Verdinin,
V.A.Motsartın, R.Leonkovallonun əsərlərini
səsləndirdi. Sevindirici haldır ki, bu
festivala təkcə klassik
musiqi biliciləri deyil,
həm də Azərbaycan və Avropanın dahi
bəstəkarlarının musiqisini kamera və simfonik orkestrin, xor
kapellasının ifasında ilk dəfə
canlı dinləyən yerli sakinlər də həvəslə
gəlirlər".
Azərbaycan.- 2012.- 27 iyul.- S. 5.