Şəmkirdə Mədəniyyət və Turizm Nazirliyinin səyyar kollegiya iclası keçirilmişdir

 

 Mədəniyyət və Turizm Nazirliyi Şəmkirdə bu rayonun mədəniyyət və turizm şöbəsinin və onun tabeliyində olan müəssisələrin fəaliyyətinə həsr edilmiş səyyar kollegiya iclası keçirmişdir.

AzərTAc xəbər verir ki, iclas iştirakçıları ümummilli lider Heydər Əliyevin Şəmkir şəhərindəki abidəsini ziyarət etdikdən sonra rayondakı bir neçə mədəniyyət ocağında, o cümlədən Heydər Əliyev Mərkəzində, tarixi-memarlıq abidəsi olan alman kilsəsində aparılan təmir-bərpa işləri ilə tanış olmuşlar. 

Səyyar kollegiya iclasında rayon icra hakimiyyətinin başçısı Nazim Veysov çıxış edərək bu tədbirin Şəmkirdə mədəniyyətin və turizmin inkişafına müsbət təsir göstərəcəyinə əmin olduğunu  bildirmişdir.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir ki, nazirliyin bölgələrdə səyyar kollegiya iclasları keçirmək təcrübəsi artıq ənənəyə çevrilmişdir. Belə bir iş üslubu bölgələrdə gedən müsbət proseslərə yeni stimul verir və işlərin ətraflı təhlilinə, həmçinin yeni dövrün irəli sürdüyü tələblərlə uyğunlaşdırılmasına, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişaf siyasətinə mədəniyyət və turizm sahəsində dəstək verməkdə mühüm əhəmiyyət kəsb edir.

Nazir qeyd etmişdir ki, Şəmkir rayonunda turizmin inkişafı  üçün geniş imkanlar vardır və bu şəraitdən maksimum istifadə edilməsi ən vacib məsələlərdəndir. Növbəti səyyar kollegiya iclasının məhz Şəmkir rayonunda keçirilməsində də əsas məqsəd bu potensialı aşkara çıxarmaq, işdə yol verilən nöqsanların aradan qaldırılması üçün tədbirlər görməkdir.

Nazirliyin regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərlinin Şəmkir rayon mədəniyyət və turizm şöbəsinin və onun tabeliyində olan müəssisələrin fəaliyyəti ilə bağlı məruzəsi dinlənilərək müzakirə edilmişdir.

Kollegiya iclasında rayonda mədəniyyət və turizmin inkişafı istiqamətində qazanılan nailiyyətlərlə yanaşı, bir sıra problemlərin və nöqsanların da olduğu diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, hazırda rayondakı 33 klub müəssisəsinin, 35 kitabxana filialının və Çənlibel xalq-tətbiqi sənəti muzeyinin əsaslı təmirə ehtiyacı vardır. Tarix-diyarşünaslıq muzeyi 2006-cı ildən rayon mədəniyyət evinin zirzəmisində yerləşir. Muzey eksponatları rütubətli hava rejimində saxlanılır. Ekspozisiya kimi təqdim olunan iki salon muzey işinin tələblərinə cavab vermir. Hər iki muzeyin elmi-köməkçi fondu yoxdur. Rayon mərkəzləşdirilmiş kitabxana sisteminin fəaliyyətində də nöqsan və çatışmazlıqlar vardır.

Səyyar kollegiya iclasına yekun vuran nazir Əbülfəs Qarayev ölkədə aparılan genişmiqyaslı yenidənqurma işlərində mədəniyyət və turizm sahələrində çalışanların üzərinə düşən vəzifələrdən danışmış, ölkəmizin mədəniyyət və turizm sistemində köklü islahatların aparılması üçün bölgələrdə, o cümlədən Şəmkirdə işlərin canlandırılmasının vacibliyini vurğulamışdır.

Kollegiya iclasında Şəmkir rayon mədəniyyət və turizm şöbəsinin və onun tabeliyində olan müəssisələrin fəaliyyəti ilə bağlı qərar qəbul edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 27 iyul.- S. 5.