2800 illik tarixə malik möhtəşəm
idman bayramı
XXX London Yay Olimpiya Oyunları
Qədim Yunanıstanda hələ 28
əsr bundan əvvəl kimin daha güclü, çevik və
cəld olduğunu aşkara çıxarmaq üçün
atletlərin yarışı keçirilirdi. Məhz elə
buna görə də ən böyük və məşhur
idman yarışları Olimpiya şəhərində
keçirildiyi üçün bu oyunlar Olimpiya Oyunları
adlanırdı. Bu, Yunanıstanda böyük bayram
sayılırdı və 1417 gündən, yəni hər 4
ildən bir təşkil olunurdu.
Qədim
Olimpiya Oyunlarının tarixi
Qədim Olimpiya Oyunlarının yaranmasından
söz açarkən qeyd etməliyik ki, o dövrdə bu, bir
növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə
əsaslanırdı. Burada stadion, teatr və məbəd
müqəddəs yer sayılırdı. İki şəhərdə
Olimpiya və Delfidə hər dörd ildən bir xoşməramlı
oyunlar keçirilirdi. Bu şəhərlərdə oyunlardan əlavə,
şeir, mahnı, ədəbiyyat və incəsənət
üzrə istedadlı şəxslər bilik, bacarıq və
qabiliyyətlərini nümayiş etdirirdilər.
Olimpiya
Oyunlarının yaranma tarixi ilə bağlı
bugünümüzə qədər gəlib
çıxmış bir sıra rəvayətlər
mövcuddur. Belələrindən birində qeyd olunur ki,
Olimpiya Oyunları ilk dəfə eramızdan əvvəl
776-cı ildə qədim Yunanıstanda Olimpiya şəhərində
Zevsin şərəfinə keçirilməyə
başlandı. Olimpiada beş gün ərzində
keçirilir - 1-ci və 5-ci günlər təntənəli
mərasimlərə, qalan günlər isə idman
yarışlarına həsr edilirdi. Digər rəvayətə
görə, Ellada hökmdarı İfıt Sparta
hökmdarı Likurqla müqavilə bağlayır və bu
şərəfə dostluq bayramı keçirməyi qərara
alırlar. Müəyyən müddət keçdikdən
sonra Ellada torpağında bütün hərbi əməliyyatlar
dayandırılır. Oyunların keçirilməsi mərasimi
əmək, məişət və sülh rəmzinə
çevrilir.
Klassik
dövr (e.ə. V-IV əsrlər) Olimpiya Oyunlarının
proqramına ikitəkərli arabalarda yürüş, yumruq
döyüşü, beşnövçülük
(qaçmaq, nizə və disk tullamaq, uzununa tullanmaq, güləşmə),
həmçinin incəsənət müsabiqələri və
s. daxil idi.
Lakin
müasir Olimpiya Oyunlarının tarixin sınağından
keçərək bugünkü günə gəlib
çıxmasında ən böyük rol fransız pedaqoq
Baron Pyer de Kubertenə məxsusdur. Tarixi araşdırmalarda
yer alan mənbələrə əsasən, o, bu zaman Olimpiya
ideyalarını dərisinin rəngindən, sosial, siyasi, dini əqidəsindən
və idmana dəxli olmayan digər amillərdən
asılı olmayaraq, bütün qitələrin atletləri
arasında vicdanlı idman mübarizəsinin simvolu kimi qəbul
etmişdir. Bir faktı da unutmamaq lazımdır ki, Kubertenə
qədər Olimpiya Oyunlarının bərpası ilə məşğul
olanlar arasında
İtaliyanın görkəmli dövlət xadimi Mateo
Palmiyer də olmuşdur. O, hələ intibah dövründə
antik Olimpiya Oyunlarının bərpası ilə məşğul
olmuşdur. Sonrakı cəhdlər
isə ingilis alimləri Robero Dovero və Jilberta Vestan
(1703-cü və 1756-cı illər) tərəfindən
edilmişdir. Hətta J.Vesta özünün doktorluq
dissertasiyasını bu mövzuya həsr etmişdir.
Olimpiya 26 əsr sonra yenidən
Elladaya - Yunanıstana qayıtdı
Müasir Olimpiya Oyunlarının
yaranması ilə bağlı ən uğurlu təşəbbüs
XIX əsrin axırlarında qeydə alınır. Belə ki,
fransızlar gənclərin fiziki tərbiyəsi təcrübəsinin
öyrənilməsini qərara alırlar. Məhz bu işi
1889-cu ildə P.Kubertenə tapşırırlar. O,
bütün ölkələri gəzir, universitetlərdə,
kolleclərdə, liseylərdə olur və xarici ölkələrdəki
həmkarlarına məktublar yazır. O, əsasən,
yunanların 1859-1889-cu illərdə keçirdikləri
oyunları dərindən öyrənir. 1892-ci il noyabrın
25-də Fransaya qayıdaraq Sorbon Universitetində
özünün məşhur "Olimpiya renessans" adlı
mühazirəsini oxuyur. Yalnız bundan sonra XIX əsrin sonunda
müasir Olimpiya hərəkatı salnaməsinə ilk sətirlər
yazıldı. Bir çox ölkələrdə idman təşkilatları
və klublar, beynəlxalq idman birlikləri yaradılması
Fransanın ictimai xadimi Pyer de Kubertenə Olimpiya
Oyunlarını bərpa etmək ideyasını həyata
keçirməyə imkan yaratdı.
1894-cü
ilin iyun ayında Sorbon Universitetinin akt salonunda Pyer de Kuberten 13
ölkənin 79 nümayəndəsi qarşısında
Olimpiya Oyunlarının təşkili və Beynəlxalq
Olimpiya Komitəsi (BOK) yaradılması layihəsi ilə
çıxış etdi. Təsis Konqresi Kubertenin təklifini
bəyəndi. Olimpiya hərəkatına rəhbərlik və
oyunların təşkili üçün iyunun 23-də Beynəlxalq
Olimpiya Komitəsi yaradıldı. Onun tərkibinə Konqresdə
iştirak edən ölkələrin (13 ölkənin)
nümayəndələrindən fransız, yunan, ingilis, rus,
isveç, amerikan, ispan və macarlar BOK-un yaradılmasına səs
verdilər.
Təsis
Konqresi Kubertenin Olimpiya Oyunlarının əsas prinsiplərini,
qayda və müddəalarının xartiyasını bəyəndi.
Konqres Olimpiya Oyunlarını antik ənənələr
üzrə - dörd ildə bir dəfə keçirməyi qərara
aldı.
Qəbul
edilmiş qərardan sonra Kuberten müasir dövrün birinci
Olimpiya Oyunlarını 1900-cü ildə Parisdə keçirməyi
təklif etdi. Hamı buna səs verdi. Lakin Yunanıstan
nümayəndəsi, məşhur şair və tərcüməçi
Demetrios Vikelas olimpiadanı altı il gözləməyərək
ilk oyunları 1896-cı ildə keçirməyi təklif
etdi: "Qoy Paris oyunları 1900-cü ildə keçirsin. Məgər
ellinlər torpağı, antik olimpiadalar beşiyi Olimpiya
Oyunlarını bundan dörd il əvvəl keçirməyə
layiq deyildirmi?" Bu çıxışdan sonra təklif qəbul
olundu.
BOK-un ilk
prezidenti D.Vikelas, baş katib isə baron Pyer de Kuberten
seçildi (O, həm də 1896-cı ildən 1925-ci ilədək
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti olmuşdur).
Beləliklə,
Birinci Olimpiya Xartiyası təsdiq olundu və Olimpiya
Oyunlarının müddəti və keçirilmə yeri
müəyyən edildi. İlk Olimpiya Oyunları 1896-cı ildə Yunanıstanın
paytaxtı Afina şəhərində keçirildi.
Bizim
dövrümüzdə Olimpiya Oyunları əsl idman
bayramına çevrilmişdir. Bu oyunlarda dünya ölkələrinin
əksəriyyətinin ən yaxşı
idmançıları iştirak edir. Olimpiyalar müxtəlif
vaxtlarda Avropa, Amerika, Asiya və Avstraliyanın ayrı-ayrı
şəhərlərində keçirilir. Antik
olimpiadaları xatırlamaq üçün növbəti
oyunlar başlanan gün Olimpiya Oyunlarının
keçirildiyi baş stadionda Olimpiya məşəli
yandırılır, Olimpiya bayrağı
qaldırılır.
Olimpiya məşəli
Olimpiya
Oyunlarında qaldırılan bayraqla yanaşı,
açılış günü stadionda yandırılan alov
da yadda qalır. Ənənəyə görə, bu alov Yunanıstanın
Afina şəhəri yaxınlığında yerləşən
Olimpiya məbədindən götürülür. Bundan sonra
xüsusi seçilən oğlan və qızlar bu məşəli
Olimpiya Oyunları keçirilən şəhərə
doğru qaça-qaça bir-birlərinə ötürərək
irəliləyirlər. Son anda məşəl
adlı-sanlı bir idmançıya verilir, o, stadiona daxil olub
Olimpiya Oyunlarının məşəlini yandırır. Bu məşəl
yarışların açılışından
bağlanışına qədər yanır.
İlk
Olimpiya Oyunları zamanı stadionda məşəli əsasən
kişi idmançı yandırırdı. Qadın
idmançılar arasında ilk dəfə bu şərəfə
1968-ci ildə Mexikoda keçirilən olimpiadada meksikalı
Enriketta Basilio Sotelo layiq görülmüşdür. Maraqlıdır ki, BOK rəhbərliyi
məşəli əlində tutan idmançını
seçəndə əsasən onun ad-sanına,
qazandığı uğurlara və yaraşıqlı
olmasına fikir verir. Ancaq 1958-ci ildə Melburn Olimpiadasında
məşəli 18 yaşlı, heç kimin
tanımadığı avstraliyalı Ronald Klark
yandırmışdı. Səkkiz il sonra isə Tokioda məşəli
yandırmaq hüququ Yaponiyanın Xirosima şəhərinə
atom bombası düşən gün anadan olmuş İosinori
Sakaiyə verilmişdi.
Olimpiya
andı
"Bütün idmançılar
adından mən Olimpiya Oyunlarında idman qanunlarına
hörmət edib, əsl idman ruhunda və
komandalarımızın uğurunu düşünərək
çıxış edəcəyimə and içirəm!"
- İlk dəfə 1920-ci ildə Antverpendə keçirilən
olimpiadada yerli qılıncoynadan Viktor Buan bu andı söyləmişdi.
Və həmin vaxtdan indiyədək Olimpiya Oyunlarında hər
bir idmançı bu yarışların həmin qanunlarla
keçiriləcəyinə and içir.
1968-ci ildə
Meksikada keçirilən olimpiadada idmançılarla
yanaşı, hakimlər də ilk dəfə and içmişdilər.
Onun məzmunu belədir: "Hakimlərin adından mən
olimpiya yarışlarının bitərəf keçiriləcəyinə
və yarışların qanunlarına hörmət ediləcəyinə
and içirəm".
Onu da əlavə
edək ki, Olimpiya Oyunlarını yarışların
keçirildiyi ölkə Prezidenti açır və "Mən
... nömrəli olimpiadanı açıq elan edirəm",
- deyə nitqini tamamlayır. Dördilliyin ən əsas
yarışını Beynəlxalq Olimpiya Komitəsinin
prezidenti bağlayır. 1952-ci il Helsinkidə keçirilən
Olimpiya Oyunlarından sonra yeni bir ənənə yarandı. Yarış
bağlı elan edilən kimi stadionda olan tabloda "Əlvida,
Helsinki! Melburn bizi gözləyir!" sözləri
yazıldı.
Olimpiya bayrağı
Hər bir Olimpiya Oyununun
açılışı keçirilən stadionda havaya Beynəlxalq
Olimpiya Komitəsinin (BOK) bayrağı qaldırılır.
Ağ rəngli bu bayraqda dünyanın beş qitəsinin rəmzi
rənglərində olan bir-birinə keçirilmiş dairələr
təsvir olunmuşdur. İlk dəfə bu bayraq 1920-ci ildə
Belçikanın Antverpen şəhərində keçirilən
Olimpiya Oyunlarında qaldırılmışdır. Məhz o
vaxtdan etibarən, ənənəyə görə, əvvəlki
Olimpiya Oyunlarının keçirildiyi şəhərin
nümayəndəsi bayrağı BOK prezidentinə təqdim
edir. Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri isə
bayrağı yeni olimpiada keçiriləcək şəhərin
merinə təhvil verir. Bu ənənə o vaxtdan indiyədək
saxlanılmışdır. Onu da əlavə edək ki,
yarışların açılışından sonuna qədər
Olimpiya bayrağı stadionda dalğalanır. Olimpiya
Oyunları başa çatandan sonra isə bayraq şəhərin
merində dörd il ərzində saxlanılır. Məlumat
üçün onu da qeyd edək ki, Olimpiya bayrağı
ideyasını 1913-cü ildə BOK prezidenti Pyer de Kuberten
vermişdir.
Olimpiya
tarixinin ən yaşlı qalibləri
İdmanın
"şah"ı hesab olunan Olimpiya Oyunları rekordları
ilə də yadda qalmışdır. Çoxları hesab edir
ki, burada ancaq gənclər iştirak edə və medal qazana
bilərlər. Lakin 1972-ci ildə Almaniyanın Münhen şəhərində
keçirilən Olimpiya Oyunlarında iştirak edən ingiltərəli
Xilda Lorna Consonun 70 yaşı olmuşdur. Bu yaşa baxmayaraq,
Xilda atçılıq idmanının
çıxışetmə növündə böyük məharət
göstərmişdir.
Kişilər
arasında ən yaşlı olimpiya iştirakçısı
isə isveçli Oskar Svan olmuşdur. O, 1920-ci ildə
Stokholmda keçirilən Yay Olimpiadasında 73 yaşında
güllə atıcılığı proqramında
iştirak etmişdir. Maraqlıdır ki, Oskar Svan dörd il
sonra Parisdə keçirilən Olimpiya Oyunlarına
hazırlaşırmış, ancaq səhhətində
yaranmış problemə görə çıxış edə
bilmir. Qeyd edək ki, Svan həmçinin Olimpiya
Oyunlarının tarixində ən yaşlı qalib adına
malikdir. O, 1908-ci ildə 61 yaşında iki qızıl medal
qazanmışdır.
Olimpiya
tarixinə Norveç gəmisürəni (yaxtsmen) Maqnus Konovun
adı qızıl hərflərlə daxil omuşdur. Belə ki, o, 40 il ərzində -
1908-ci, 1912-ci, 1920-ci, 1936-cı və 1948-ci illərdə
keçirilən beş Olimpiya Oyununda iştirak etmiş, iki
qızıl və bir gümüş medal
qazanmışdır.
Məşhur
macar qılıncoynadanı Aladar Qereviç isə altı Olimpiya
Oyununda 1932-1960-cı illərdə keçirilən oyunlarda
iştirak edərək 7 qızıl, bir gümüş və
2 bürünc medal qazanmışdır.
Olimpiadanın ən çox
keçirildiyi ölkələr
İlk yarışlar 1896-cı ildə
Yunanıstanın Afina şəhərində
keçirilmişdir. Burada 13 ölkənin 311
idmançısı medallar uğrunda mübarizə
aparmışdır.
İndiyədək
sayca 29 Yay Olimpiya Oyunları keçirilmişdir. Məlumat
üçün qeyd edək ki, Olimpiya Oyunlarının
keçirilmədiyi hallarda da olimpiadaya nömrə verilir.
Yunanıstanın
paytaxtı Afinada start götürmüş ilk Yay Olimpiya
Oyunları 2004-cü ildə də
eyni adlı şəhərdə keçirilmişdir. ABŞ
isə 4 dəfə (1904-cü il Sent-Lüis, 1932 və
1984-cü illərdə Los-Anceles, 1996-cı il Atlanta) belə
bir mötəbər turnirə ev sahibliyi etmişdir.
Böyük Britaniyanın paytaxtı London isə 2012-ci il də
daxil olmaqla, üçüncü dəfədir (1908 və
1948-ci illər) turnirə ev sahibliyi edir. Almaniya (Berlin - 1936 və Münhen - 1972-ci il), Fransa (Paris,
1900 və 1924-cü il) və Avstraliya (Melburn - 1956, Sidney -
2000) hərəyə 2 dəfə, İsveç (Stokholm -
1912-ci il), Belçika (Antverpen - 1920), Hollandiya (Amsterdam - 1928),
Finlandiya (Helsinki - 1952), İtaliya (Roma - 1960), Yaponiya (Tokio -
1964), Meksika (Mexiko - 1968), Kanada (Monreal - 1976), SSRİ (Moskva -
1980), Cənubi Koreya (Seul - 1988), İspaniya (Barselona - 1992) və
Çin (Pekin - 2008) isə bir dəfə Yay Olimpiya
Oyunlarını keçirmişlər.
Məlumat
üçün qeyd edək ki, 1916-cı, 1940-cı və
1944-cü illərdə Olimpiya Oyunları təşkil
olunmamışdır. Bunların ən əsas səbəblərindən
biri isə həmin illərin I və II dünya müharibələri
dövrünə təsadüf etməsidir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2012.- 27 iyul.- S. 6; 7.