Londonda Olimpiya kəndində
Azərbaycan bayrağı
dalğalanır
Xəbər verildiyi kimi, Böyük Britaniyanın
paytaxtı Londonda Olimpiya kəndində Azərbaycan bayrağının
qaldırılması mərasimi
keçirilmişdir. Mərasimdə
gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin
nümayəndə heyətinin
rəhbəri İlham
Mədətov, Azərbaycanın
Böyük Britaniyadakı
səfiri Fəxrəddin
Qurbanov, Azərbaycan nümayəndə heyətinin
üzvləri və idmançılarımız iştirak
etmişlər.
Azərbaycan bayrağının qaldırılması
mərasimində Olimpiya
kəndinin rəhbəri
Tessa Couel ölkəmizin
nümayəndə heyətini
salamlamış və
London Olimpiadasının bütün
iştirakçılarına, o cümlədən Azərbaycan
olimpiyaçılarına parlaq
qələbələr arzulamışdır.
Artıq 32 idmançımız, rəsmi şəxslər, məşqçilər və hakimlər Olimpiya kəndindədirlər. Avqustun 4-də isə idmançılarımızın ikinci qrupu Londona yola düşəcək.
Sabah Böyük Britaniya paytaxtında Azərbaycan gecəsi keçiriləcək. Tədbirdə incəsənət ustalarımız çıxış edəcək, ölkəmizə həsr edilmiş videoçarxlar nümayiş olunacaq.
Xatırladaq ki, London Olimpiadasında Azərbaycan ilk dəfə bu cür geniş heyətlə çıxış edəcək. Ölkəmiz 16 növdə 53 idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, Olimpiya kəndinin tarixi hələ antik Olimpiya Oyunları vaxtlarından başlanğıc götürür. O vaxt atletlər üç həftə ərzində Olimpiya kəndində yaşamış və məşq etmişlər.
1924-cü ildə ilk dəfə olaraq Fransanın paytaxtı Parisdə Olimpiya kəndi tikilmişdir. 1932-ci ildə isə ABŞ-ın Los-Anceles şəhərində xüsusi layihə üzrə ilk Olimpiya kəndi inşa olunmuşdur.
Müasir Olimpiya kəndi idmançılar üçün yaşayış binaları kompleksindən ibarətdir. Olimpiya kəndinin inşası Oyunların təşkilatçısının əsas vəzifələrindən biridir.
Onu da qeyd edək ki, Londondakı Olimpiya kəndi oyunların keçirilməsi tarixində ən yığcamıdır. Böyük Britaniya paytaxtının şərqində - Stratford rayonunda inşa olunmuş kənd 36 hektar ərazidə yerləşir.
Olimpiya kəndində tikilmiş 2800 mənzildə idmançılar, habelə jurnalistlər yaşayacaq.
XXX Olimpiada başa çatdıqdan sonra həmin mənzillər satışa çıxarılacaq. Bundan əvvəl inşa olunmuş hər bir yaşayış obyekti isə yenidən qurulacaq. Yenidənqurma işlərindən sonra Olimpiya kəndi yaşayış massivinə çevriləcək və orada 15 min ailə yaşaya biləcək. İdman qurğuları isə yerli sakinlərə və komandalara veriləcək.
Rizvan HİLALOĞLU
Azərbaycan.- 2012.- 27 iyul.- S. 7.