Milyonçu haqqında monoqrafiya

 

 1919-cu ilin mart ayında Cümhuriyyət parlamentinin rəsmi orqanı olan "Azərbaycan" qəzetində dərc edilmiş nekroloqda yazılmışdı: "Ağa Musa Nağıyev - ən orijinal adamlardan biri, təbiətən intəhasız enerjili, qabiliyyətli, mükəmməl formalaşmış bir insan həyatdan getmişdir. İri kapital sahibi Ağa Musa xalqının bütün tələblərinə rəğbətlə yanaşıb. Elə bir əhəmiyyətli ictimai məsələ olmayıb ki, orada onun əvəzsiz xidməti olmasın. Rəhmətliyin xidmətləri onun xalq arasında xatirəsini əbədi yaşatmağa qadirdir". Təəssüf ki, belə bir qeyri-adi fenomen şəxsiyyətin məziyyətləri sovet dövründə bizdən gizlədildi. Qəsdən yaradılan karikaturalarda biz ancaq varlıların eybəcər sifətlərini görürdük. Halbuki bütün bunlar uydurmadan başqa bir şey deyilmiş. Dövlət müstəqilliyimizi qazandıqdan sonra Bakı milyonçularının gördüyü nəhəng işlərlə tanış olduqca heyrətə gəlirik.

Tanınmış Bakı milyonçuları içərisində öz vətənpərvərliyi, xeyirxahlığı ilə seçilən Ağa Musa Nağıyevin həyat və fəaliyyəti, demək olar ki, o qədər də araşdırılmamışdı. Təqdirəlayiq haldır ki, "Elm" nəşriyyatı tərəfindən çap edilən "Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti" adlı monoqrafiyada ilk dəfə olaraq bu məşhur milyonçunun sahibkarlıq, xeyriyyəçilik və ictimai fəaliyyəti kompleks şəkildə tədqiq edilib. Kitabın müəllifi Ağa Musanın nəvəsi Dilarə Nağıyevadır. Monoqrafiyada milyonçunun keçdiyi keşməkeşli həyat yolu tam şəkildə araşdırılaraq onun millət qarşısındakı xidmətlərinə də faktların köməyi ilə güzgü tutulub.

Monoqrafiya üç fəsil və nəticədən ibarətdir. Birinci fəsildə Ağa Musa Nağıyevin Azərbaycan neft sənayesinin inkişafındakı rolu araşdırılıb. Məlum olub ki, 1914-cü ildə Bakı neft sənayesi ilə məşğul olan 83 firma fəaliyyət göstərib, onun da sahibkarı 58 azərbaycanlı kapitalist idi. Bir milyon puddan çox neft hasil edən səkkiz sahibkarın adı isə xüsusilə qeyd edilib. Bu siyahıda Ağa Musa Nağıyevin adı üçüncü yerdə göstərilib.

Ağa Musa Nağıyev Azərbaycan milli burjuaziyasının görkəmli nümayəndələrindən olub. Kasıb bir ailədə doğulub. Ağır həyat yolu keçib, amma möhkəm iradəsi, işgüzarlığı, qabiliyyəti hesabına öz dövrünün sayılıb-seçilən insanlarından birinə - adını tarixə yaza bilən milyonçuya çevrilib. XIX əsrin axırları, XX əsrin əvvəllərində Azərbaycanın ictimai-iqtisadi həyatında Ağa Musa Nağıyev iri sahibkar kimi tanınmışdı. Kitabda oxuyuruq: "Ağa Musa Nağıyev 49 yaşında ikən artıq neft Bakısının məşhur milyonçusuna çevrilir. Amma qənaətcilliyindən də heç vaxt əl çəkməzdi". Bəzən onun barəsində "xəsis" deyirlər. Əlbəttə, qənaətcillik xəsislik demək deyil. O, israfçılığı sevməyən, pulu nəyə, niyə xərclədiyini bilən bir şəxsiyyət idi. Kitabda onun necə xeyriyyəçi, kasıba, kimsəsizə, xəstəyə əl tutan, yardım edən insan olduğu haqqında maraqlı faktlar var.

Monoqrafiyanın "Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti" adlı ikinci fəslində məhz milyonçunun bu xeyriyyəçilik fəaliyyəti təhlil edilib. Maraqlıdır ki, Ağa Musa Nağıyev tikdirdiyi binanı böyük məmnuniyyətlə "Cəmiyyəti-Xeyriyyə"yə bağışlamışdı. Daha sonralar isə o, cəmiyyətin sədri seçilib. Maarifçilik və xeyriyyəçilik istiqamətində apardığı işlərin isə sayı-hesabı bilinmir. Ağa Musa Nağıyev qurub yaradan insan kimi də səciyyələndirilib. İnqilabdan əvvəlki Bakının arxitekturasına yeni gözəllik, əzəmət gətirən binaların tikilməsində bu milyonçunun böyük xidməti olub. Belə binaların inşasında Şərq və Avropa memarlıq məktəblərinin nümunələrindən istifadə edilməklə bərabər Ağa Musa Nağıyevin özünün təklif və mülahizələri də əsas götürülürdü. İyirmi ildən artıq Bakı Şəhər Dumasının deputatı olmuş Ağa Musanın tikdirdiyi binalar Bakının simasına bir gözəllik gətirib. O, həm də Azərbaycanda ilk dəfə olaraq səhiyyənin inkişafına çalışan bir insan kimi də adını tarixə yazıb. Həm bina tikdirib, həm də insanların sağlamlığı naminə millətin balalarının elmə, savada yiyələnməsi üçün vəsait ayırıb. 1898-ci ilin yanvarında Bakıda körpələr evinin inşasına başlandı. Deyilənə görə, vəsait çatışmazlığı üzündən sonralar yarımçıq qalan tikiliyə məhz Ağa Musa Nağıyev və Şəmsi Əsədullayev külli miqdarda pul ayırmışdılar.

1919-cu ildə dünyasını dəyişdikdən sonra müxtəlif səbəblər ucbatından Ağa Musa Nağıyev üç dəfə dəfn edilib. Vəsiyyətinə görə onu Kərbəlada dəfn edə bilmədiklərindən Çəmbərəkənddə torpağa tapşırıblar. Çəmbərəkənddə  də 1931-ci ildə türkün qatı düşməni S.M.Kirovun adına park salındığından onu Biləcəridəki "Qayaaltı" adlandırılan qəbiristanlığa köçürüblər. 1938-ci ildə isə həmin qəbiristanlığın yerində vaqon deposunun salınacağı haqqında məlumat yayılıb. Bu xəbər Nağıyevlər nəslini çox sarsıdıb. Milyonçunun vəfatından 19 il sonra yenidən onu gordan ediblər... Hazırda Ağa Musanın nəşi Biləcəri qəbiristanlığının girəcəyində torpağa əmanət edilib. Qəbrinin üzərində "İsmailiyyə" binasının maketi qurulub.

Acı faktlardan biribudur ki, sovet hakimiyyəti dövründə Nağıyevlər nəsli bütövlükdə repressiyaya məruz qaldı. Amma Allahın köməyi sayəsində onun yadigarlarını tamamilə sıradan çıxara bilmədilər. Nağıyevlər şəcərəsinin üzvləri yenidən Bakıya qayıtdı. Hətta babalarının xeyriyyəçilik və maarifçilik fəaliyyətini qismən də olsa davam etdirmək məqsədilə "Milli dəyərlərin qorunması" adlı ictimai birlik yaratdılar. Ağa Musanın nəvəsi Dilarə Nağıyevaya dövlət tərəfindən mənzil də verildi. Nəcib əməllər heç vaxt itmir. Onun üzərinə nə qədər pərdələr çəkilsə də, zaman hər şeyi yerinə qoyur...E

Belə kitabların çapı isə məhz Ağa Musa Nağıyev kimi Vətən oğullarının həyatına güzgü tutmaq baxımından çox əhəmiyyətlidir.

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 27 iyul.- S. 8.