Naftalan dünya səviyyəli kurort şəhərinə çevrilir

 

Bu günlərdə şəhərdə altı aylığın yekunları müzakirə olunarkən belə bir fakt səsləndi. Ötən ilin müvafiq dövründəkinə nisbətən müalicəyə və istirahətə gələn yerlixarici qonaqların sayı 40 faiz artaraq dörd min nəfərə çatmışdır.

Naftalan kurortunun yeni həyatı, təzə inkişaf dövrü başlanır. Bu möcüzələr diyarına maraq, qayğı və diqqət getdikcə artır. Şəhər icra hakimiyyətinin başçısı Natiq Abbasov deyir ki, Naftalan həmişə dövlət başçısının diqqət mərkəzindədir. Burada iqtisadiyyat yüksəlir, abadlıq, quruculuq işləri geniş miqyas alır. Təkcə cari ilin altı ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən ümumdaxili məhsul istehsalı 18 faiz artmışdır. Böyük Vətən müharibəsi iştirakçılarının, Qarabağ və 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi üçün yeni xatirə kompleksləri ucaldılmış, Heydər Əliyev Mərkəzinin və uzun müddət nəzər-diqqətdən kənarda qalan 280 yerlik uşaq bağçası-körpələr evinin tikintisinə başlanılmışdır. Heydər Əliyev, Səməd Vurğun, Nəriman Nərimanov parklarında, Şirvan prospektində, Dövlət Bayrağı meydanında və yolların kənarlarında 10 mindən artıq həmişəyaşıl ağacgül kolu əkilmişdir. Bir sözlə, Naftalan aybaay, ilbəil gözəlləşir, tanınmaz olur.

Başqa cürola bilməz. Naftalan neftinin müalicəvi əhəmiyyəti  hamıya bəllidir. Hələ XII yüzillikdə işbilənlər xam nefti müalicə üçün çıxarıb satırdılar. Deyirlər, Naftalan sözü də elə oradan gəlib, yəni neft alan. XIX əsrin ortalarında almanlar mexaniki üsulla neft çıxarmağa başlamışdılar.

Möcüzəli neftin şöhrəti yayıldıqca burada şəhər salındı, yollar çəkildi, sanatoriya sistemi yaradıldı. Bir zaman Naftalan bütün sovet məkanında ad çıxarmışdı. Burada hər il 70 mindən artıq adam şəfa tapırdı.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində müalicə-sağlamlıq mərkəzinin genişlənməsi üçün misilsiz işlər görülüb. 1982-ci ildə ulu öndər Naftalanın inkişafı ilə bağlı mühüm qərar qəbul etmişdi. Bu qayğı və diqqətin sayəsində qısa müddət ərzində yeni-yeni sanatoriyalar tikildi, çoxlu ictimai və fərdi bina inşa olundu, bağlar, parklar salındı. O zaman hər il burada on minlərlə adam dincəlir, müalicə olunurdu. Lakin Heydər Əliyev Moskvaya gedəndən sonra naşı insanların səriştəsizliyi ucbatından hər şey pozuldu. Xüsusən 1990-cı illərin burulğanında möcüzəli Naftalan sanatoriya kompleksi, demək olar ki, tamamilə sıradan çıxdı. Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıdanda hər şey tədricən nizama düşdü. Sonra ulu öndərin yolunu uğurla davam etdirən İlham Əliyev Naftalanın əvvəlki şöhrətinin qaytarılması üçün konkret tədbirlər görməyə başladı.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Naftalanda əhalini narahat edən sosial məsələlərin həlli istiqamətində bir çox tədbirlər həyata keçirildi.

Yollar, küçələr, keçidlər sahmana salındı. İşıq, su qaz problemləri həll edildi. Neçə illərdən bəri heç bir təmir-təmizlik işi görülməyən çoxmərtəbəli binaların liftləri bərpa edildi, dam örtükləri təzələndi. Divarlar milli naxışlı aqlaylarla bəzədildi. Ən əsası isə illər boyu sıradan çıxmış qazanxanalar bərpa olundu. Küçələrə asfalt döşəndi. Parklara, bağlara, xiyabanlara on minlərlə ağac əkildi. Hovuzlar, fəvvarələr, yaşıl zolaqlar, al-əlvan xiyabanlar düzəldildi.

Naftalanda su qıt idi. Dağların qoynundan təzə xətt çəkildi. Su anbarları təmir edilərək işə salındı. Təqdirəlayiq cəhətlərdən biribudur ki, şəhərdə kəhrizlərin bərpasına xüsusi fikir verilir. Çəkil kəhrizi işə salınıb. Digər kəhrizlərin də istifadəyə verilməsi üçün tədbirlər görülür.

Bütün bunlar kurort kompleksinin müasir tələblər səviyyəsinə çatdırılmasına güclü təkan verdi. Prezident İlham Əliyevin xeyir-duası ilə "Çinar" və "Qaşaltı" sanatoriyalarının açılışı oldu.

Təntənəli mərasimdə dövlət başçısı hamının qəlbindən xəbər verən fikirlər söylədi: "Mən bir də demək istəyirəm ki, "Çinar"ın bərpası böyük məna daşıyır. Çünki "Çinar"ın bərpasından Naftalan şəhərinin yeni inkişaf dövrü başlayır. Mən keçən dəfə burada olarkən, vəziyyətlə tanış olarkən, sözün düzü, bir az məyus oldum. Çünki gördüm ki, buradakı vəziyyət o qədər də ürəkaçan deyil. Ona görə də müvafiq tədbirlər görüldü, göstərişlər verildi. Qısa müddət ərzində həm şəhərin abadlaşdırılması üçün tədbirlər görülür, həm də Naftalanın əsas inkişaf sahəsi olan sanatoriya-kurort komplekslərinin yaradılması və bərpası işində konkret addımlar atılır. "Çinar" mehmanxanası dünyanın ən yüksək standartlarına cavab verir. Həm mehmanxana kimi, həm müalicə mərkəzi, həm də istirahət mərkəzi kimi burada bütün şərait var. Ən önəmlisi də odur ki, burada insanlar Naftalan kimi nadir müalicəvi neftdən istifadə edəcəklər".

Yay mövsümündə bu səfalı guşəyə axın çox olur. Naftalan Sanatoriya-Kurort Birliyinin baş həkimi Hətəm Qocayev deyir ki, müalicəyə, istirahətə gələnlər üçün hər şərait yaradılır. Ən müasir tələblərə cavab verən "Çinar" və "Qaşaltı" sanatoriyaları bu il ilk dəfə qonaqları qəbul edir. Həmkarlar Konfederasiyasının sanatoriyasından və əlillərin bərpası mərkəzindən başqa, "Möcüzəli Naftalan", "Şəfa vannaları", "Sehrli Naftalan", "Müalicə və sağlamlıq ocağı" da qonaqlara xidmət göstərir. Sanatoriyaların şəbəkəsi getdikcə genişlənir. Hazırda "Qarabağ"ın bərpası üçün geniş işlər görülür. Bir sözlə, Naftalan gəl-gəl deyir. Möcüzəli neft insanlara şəfa verir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 28 iyul.- S. 1.