Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycana dəymiş ziyan beynəlxalq standartlara uyğun qiymətləndirilməlidir

 

İyulun 27-də Beynəlxalq Mətbuat Mərkəzində "Sosial İqtisadi İdeyalar İnstitutu" İctimai Birliyi və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən "Dövlətlərarası münaqişələr zəminində baş verən itki və tələfatların dəyərləndirilməsi və təzminatların müəyyən edilməsi" mövzusunda üçüncü beynəlxalq simpozium keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə beynəlxalq qiymətləndirmə standartlarına əsaslanaraq itki və tələfatların qiymətləndirilməsi, habelə həmin hesablamalar əsasında və beynəlxalq ekspertlərin iştirakı ilə təcavüzkar ölkə Ermənistandan müxtəlif növ təzminatların tələb edilməsi məsələləri müzakirə olunmuşdur.

Milli Məclisin deputatı, Avrasiya Qiymətləndiricilər Birlikləri Şurasının idarə heyətinin üzvü Xanhüseyn Kazımlı tədbiri açaraq bildirmişdir ki, dünyada baş verən qlobal iqtisadi və maliyyə böhranı şəraitində Azərbaycan yeni-yeni uğurlar qazanan, vətəndaşlarının rifahı getdikcə daha da yaxşılaşan, siyasətində ədalətli tərəfdaşlıq nümayiş etdirən ölkələrdən birinə çevrilmişdir. Bütün bu uğurlar  Azərbaycanın 80 faiz potensialı ilə əldə edilmişdir. Çünki 20 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyondan çox qaçqın və məcburi köçkünün sosial-iqtisadi problemləri, habelə 1988-ci ildən indiyədək müharibə şəraitində yaşamağın ağırlıqları da bu ölkənin çiyinlərindədir.

Qeyd olunmuşdur ki, cari il iyunun 7-8-də Almatıda keçirilmiş beynəlxalq konqresdə Avrasiya Qiymətləndiricilər Birlikləri Şurası dövlətlərarası münaqişələr zəminində baş vermiş itki və tələfatların dəyərləndirilməsi və təzminatların müəyyənləşdirilməsi qaydalarının beynəlxalq qiymətləndirmə standartlarına daxil edilməsi haqqında xüsusi qərar qəbul olunmuşdur. Ermənistanın işğalı nəticəsində Azərbaycana dəymiş ziyanın dəyərləndirilməsi və beynəlxalq qurumların diqqətinə çatdırılması işi həm hökumətin, həm də vətəndaş cəmiyyəti qurumlarının fəaliyyət istiqamətlərinə daxil edilməlidir. Azərbaycanda artıq bu prosesə başlanılmışdır. Yaxın vaxtlarda bununla bağlı hesabat hazırlanacaqdır.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə Ermənistan tərəfindən Azərbaycana dəymiş ziyanın hesablanması üçün yeni strukturun yaradılmasının vacibliyini vurğulamışdır. Bildirilmişdir ki, məqsəd - dəymiş ziyanın beynəlxalq qurumların iştirakı ilə hesablanması və beynəlxalq standartlara uyğun sənədin hazırlanmasıdır. Azərbaycana dəymiş ziyanın qiymətləndirilməsi prosesinə başlanılması Ermənistan üçün ciddi ismarıcdır. Əgər Ermənistan tərəfi bundan xəbərdardırsa, artıq nəticə çıxarmalıdır. Bu, o deməkdir ki, Azərbaycan artıq Ermənistanın tutduğu mövqeyə qarşı səbir nümayiş etdirməyəcəkdir. Azərbaycan dəymiş ziyanın ödənilməsi məsələsində heç bir güzəştə getməyəcəkdir. On il əvvəl dəymiş ziyan 60-70 milyard ABŞ dolları təşkil edirdisə, hazırda bu məbləğ 100 milyard dolları ötmüşdür.

Ə.Həsənov demişdir ki, Azərbaycanın 560 kilometr sərhədi nəzarətsizdir. Bu ərazi nəinki Azərbaycanın, hətta BMT-nin də nəzarətindən kənardadır. Azərbaycan 20 ildən artıqdır ki, Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə terrorçu qrupların hazırlandığına görə həyəcan təbili çalır. Ölkəmiz dəfələrlə buna dair faktları beynəlxalq qurumlara təqdim etmişdir. Bundan başqa, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarından narkotik maddələrin dövriyyəsi məqsədi ilə istifadə edir. Hazırda işğal edilmiş ərazilərdən narkotik vasitələrin AvropayaAsiya ölkələrinə daşınması üçün həm tranzit, həm də istehsal məqsədi ilə istifadə edilir. Ermənistan tutduğu qeyri-konstruktiv mövqedən imtina etməsə, Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi üçün digər vasitələrə əl atacaqdır. Artıq Azərbaycan hökuməti işğal altında olan ərazilərin azad edilməsindən sonrakı prosesə hazırlığa başlamışdır.

Avrasiya Qiymətləndiricilər Birlikləri Şurası idarə heyətinin üzvü Dmitri Tereburke, Gürcüstanın Gənc PedaqoqPsixoloqlar Assosiasiyasının rəhbəri Nana Çopliani, Rusiya Qiymətləndiricilər Cəmiyyətinin vitse-prezidenti İqor Artemenov və digər çıxış edənlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəyən ziyanın beynəlxalq standartlara uyğun qiymətləndirilməsinin vacibliyini vurğulamışlar.

Sonda müzakirə olunan məsələ ilə bağlı xüsusi bəyanat qəbul edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 28 iyul.- S. 2.