Naxçıvan: ilkin şəhər və Duzdağ mövzusunda Beynəlxalq simpozium öz işinə başlamışdır

 

İyulun 27-də Naxçıvan şəhərində "Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzusunda Beynəlxalq simpozium öz işinə başlamışdır. Əvvəlcə simpozium iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, sonra Heydər Əliyev Muzeyi ilə tanış olmuşlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Beynəlxalq simpoziumda iştirak edən alimlərin bir qrupu ilə də görüşmüşdür.

Ali Məclisin Sədri demişdir ki, "Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzusunda beynəlxalq əhəmiyyətli elmi tədbirin keçirilməsi üçün uzun illər hazırlıq işləri görülmüş və bunun üçün real zəmin yaradılmışdır. Hələ 1996-cı ildə "Uluslararası qaynaqlarda Naxçıvan" mövzusunda keçirilən beynəlxalq simpozium Naxçıvanın qədim tarixi və zəngin mədəniyyətinin öyrənilməsi və təbliğində istinad nöqtəsi olmuş, 2009-cu ildə keçirilən "Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan" və 2011-ci ildə keçirilən "Naxçıvan ilk yaşayış və şəhərsalma yeri kimi" mövzularında beynəlxalq simpoziumlar da mühüm elmi və ictimai əhəmiyyət daşımışdır. Bu tədbirlərin nəticəsi kimi yeni tədqiqat işləri və arxeoloji qazıntılar aparılmış, "Naxçıvan abidələri ensiklopediyası", "Naxçıvan tarixi atlası", "Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan", "Naxçıvanda arxeoloji tədqiqatlar" adlı elmi ədəbiyyatlar nəşr olunmuş, 2000-ə yaxın tarixi abidə qeydə alınaraq pasportlaşdırılmış, 50-dən artıq tarix və mədəniyyət abidəsi bərpa edilmişdir.

İndiki simpoziumun əhəmiyyəti isə ondan ibarətdir ki, o, Naxçıvanın ilkin yaşayış yeri kimi tədqiqatında, ilkin şəhər mədəniyyətinin öyrənilməsində yeni mərhələnin başlanğıcı olacaq.

Qeyd olunmuşdur ki, əldə olunan  arxeoloji materiallar bizim eradan əvvəl XII minillikdən başlayaraq indiki Naxçıvan ərazisində intensiv həyatın davam etdiyini, bu ərazidə ikinci sivilizasiyanın mühüm elementi olan ilkin şəhər mədəniyyətinin formalaşdığını sübut edir. Naxçıvan ərazisindəki Duzdağ ilkin şəhər mədəniyyətinin ən dəyərli və qədim nümunələrindən biridir. Bu simpozium Duzdağ mədəniyyətinin sistemli şəkildə və dərindən araşdırlmasına stimul verəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov, akademik Nailə Vəlixanlı və türkiyəli professor Oktay Bəlli bildirmişlər ki, Nuh peyğəmbərin vətəni olan Naxçıvan tarixi abidələr diyarı, dünya mədəniyyətinin beşiyidir

Simpoziumun plenar iclası Heydər Əliyev sarayında keçirilmişdir. Simpozium iştirakçıları əvvəlcə sarayın foyesində Naxçıvanın tarixi ilə bağlı yazılan kitab və monoqrafiyalardan, arxeoloji qazıntılar və aparılan tədqiqatlar zamanı əldə olunan maddi-mədəniyyət nümunələrindən ibarət sərgi ilə tanış olmuş, Naxçıvan Dövlət Televiziyasının hazırladığı "Naxçıvanda ilkin şəhər mədəniyyəti" adlı sənədli filmə  baxmışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov simpoziumda çıxış edərək demişdir ki, hər bir xalqın həyatında onun tarixi və əsrlər boyu yaratdığı mədəni irs mühüm əhəmiyyətə malikdir. Odur ki, xalqların və ölkələrin tarixinin araşdırılması hər zaman olduğu kimi, bu gün də aktualdır.

Qeyd olunmuşdur ki, Azərbaycan xalqı çox qədim və zəngin tarixə malikdir. Təəssüf  ki, ölkəmizin tarixi uzun müddət lazımınca araşdırılmamış, xalqımızın mənsub olduğu dəyərlərin öyrənilməsinə imkan və şərait yaradılmamışdır. Azərbaycan müstəqillik qazandıqdan və müdrik dövlət xadimi Heydər Əliyev ikinci dəfə ali hakimiyyətə qayıtdıqdan sonra bir sıra taleyüklü məsələlər kimi Azərbaycan tarixinin, arxeologiya və etnoqrafiyasının, milli dəyərlər sisteminin elmi dəlil və konkret faktlar əsasında tədqiq olunması sahəsində də əsaslı tədbirlər görülmüş, ayrı-ayrı bölgələrin, o cümlədən Naxçıvan tarixinin də araşdırılmasına başlanmışdır. Ümummilli lider Heydər Əliyev Naxçıvanı bəşəri dəyərlərin daşıyıcısı adlandıraraq demişdir:  "Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır". Ulu öndər Naxçıvan torpağının "tarixiliyi" və "müqəddəsliyi" barədə fikirləri müasir şəraitdə elmi tədqiqatlara yeni istiqamət vermişdir.

"Tarixşünaslıq baxımından bugünkü Naxçıvan özündə 3 vacib elementi birləşdirir: o, həm tarixiliyi yaşadır, həm müqəddəsliyi yaşadır, həm də yeni həyatın başlandığı yerdir". Dünyada çox az sayda ərazilər var ki, qədim sivilizasiyanın davamlı inkişafını izləmək üçün qeyd olunan 3 amilin hamısını özündə cəmləşdirə bilsin.

Naxçıvan şəhəri ətrafında bol sulu çayların, təbii nemət kimi Duzdağın mövcudluğu qədim dövrlərdən bu ərazinin ilkin yaşayış yeri kimi seçilməsinə səbəb olmuşdur. 2011-ci ildə "Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi" mövzusunda keçirilmiş beynəlxalq simpozium bu mülahizəni elmi dəlillərlə daha da zənginləşdirmiş, həmin simpoziumda ilk dəfə olaraq Naxçıvan şəhərinin yaşı və ilkin şəhər yeri öz təsdiqini tapmışdır. Əldə olunmuş maddi mədəniyyət nümunələri sübut edir ki, Naxçıvan şəhərinin əsası 5 min il bundan əvvəl qoyulmuşdur. Həmin simpoziumda qarşıya qoyulan mühüm elmi istiqamətlərdən biri də Naxçıvan Duzdağ mədəniyyətinin araşdırılması idi. Nə üçün məhz Naxçıvan Duzdağı? Ona görə ki, Naxçıvan Duzdağını öyrənmədən, ümumiyyətlə, Naxçıvanda ilkin şəhər mədəniyyətini öyrənmək mümkün deyil.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov çıxışında dünya alimlərinin iştirakı ilə "Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzusunda Beynəlxalq simpoziumun keçirilməsini ölkəmizin elmi-ictimai həyatında mühüm hadisə kimi dəyərləndirmişdir.

Simpoziumun plenar iclasında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Nailə Vəlixanlı "Naxçıvan ilkin şəhər mədəniyyətinin tədqiqində və təbliğində Milli Azərbaycan Tarixi Muzeyinin materiallarının əhəmiyyəti", Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyli "Nuhdaban oturaq məkanı və Duzdağ şəhərətrafı mədəniyyəti", Amerika Birləşmiş Ştatları Pensilvaniya Universitetinin əməkdaşı, doktor Lauren Ristvet "2008-2012-ci illərdə Oğlanqalada aparılmış Azərbaycan-amerikan qazıntı işləri", Fransa Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı, doktor Katerine Marro "Duzdağda duz mədən sənayesinin mənşəyi və inkişafı", Rusiyadan gəlmiş tarix elmləri doktoru, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki Rudolf İvanov "Naxçıvan duz mədənlərinin rusiyalı tədqiqatçıları", Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov "Naxçıvan - müasir sivilizasiyanın ən qədim mərkəzlərindən biri kimi" və Ukrayna Elmlər Akademiyasının Arxeologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Vitali Otroşenko "Gəmiqaya petroqliflərinin dünyası: yanaşmalar və şərhlər" mövzusunda məruzə etmişlər.

Bu gün Duzdağ Fizioterapiya Mərkəzində və Naxçıvan Dövlət Universitetində simpoziumun bölmə iclasları keçiriləcək. Ümumilikdə simpoziumda "Duzdağ: şəhərətrafı mədəniyyət" və "Naxçıvan Duzdağı və duzun əhəmiyyəti" bölmələrində ABŞ, Fransa, Rusiya, İran, Türkiyə, Macarıstan, Ukrayna, Gürcüstan və Azərbaycandan olan alimlərin 72 məruzəsi dinləniləcək.

 

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan.- 2012.- 28 iyul.- S. 2.