Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının hazırlanması üzrə AMEA-nın işçi qrupunun kütləvi informasiya vasitələrinin nümayəndələri ilə birgə iclası keçirilmişdir

 

İyulun 27-də AMEA Rəyasət Heyətində Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının layihəsini hazırlayan işçi qrupun üzvləri respublikanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşmüşlər.

AMEA Humanitarİctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayevin sədrliyi ilə keçirilən İclasda AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov, tanınmış jurnalistlər, media təmsilçiləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü K.Abdullayev "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" layihəsinin hazırlanması üzərində AMEA-nın alimləri, ali təhsil müəssisələrinin əməkdaşları və aidiyyəti nazirliklərin nümayəndələrinin çalışdıqlarını tədbir iştirakçılarının nəzərinə çatdırmış, işçi qrupun bugünə kimi gördüyü işlər haqqında məlumat vermişdir. O, dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanları, radioteleviziya kanallarında ədəbi dil normalarının pozulması, dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsinin yüksək estetik tələblərə cavab verməməsi kimi məsələlərin respublika Prezidentinin məlum sərəncamında vurğulandığını diqqətə çatdırmışdır. K.Abdullayev KİV nümayəndələrini dövlət proqramının hazırlanması ilə bağlı müzakirələrə dəvət edərək onların faydalı təkliflər irəli sürəcəyinə əmin olduğunu ifadə etmişdir.

İclasda AzərTAc-ın baş direktoru A.Aslanov, "Azərbaycan" qəzetinin baş redaktoru B.Sadıqov, "525-ci qəzet"in baş redaktoru R.Məcid,  Mətbuat Şurasının sədri Ə.Amaşov, Assa-irada informasiya agentliyinin baş redaktoru  F.Abbasov,  BDU-nun jurnalistika fakültəsinin dekanı Ş.Vəliyev, professor N.Əhmədli, media ekspertləri Q.Məhərrəmli, Z.Məmmədli, APA informasiya agentliyinin direktoru V.Mahirqızı, İREX-in media məsələləri üzrə hüquqşünası Ə.Məmmədli, Demokratik Jurnalistlər Liqasının sədri Y.Məmmədli çıxış edərək Azərbaycan Prezidentinin sərəncamında qaldırılan məsələlərə münasibət bildirərək dilimizin qorunmasına böyük ehtiyacın olduğunu qeyd etmişlər.  

Müzakirələrin gedişində orta məktəblərdə Azərbaycan dili dərslərinin tədris saatlarının artırılması, ali məktəblərin bütün fakültələrində nitq mədəniyyəti fənninin tədrisi, qəzetlərdə korrektorstilist redaktor vəzifələrinin bərpası, respublika üzrə vahid nüfuzlu Dil Qurumunun yaradılması, televiziyalarda bədii şuraların bərpa olunması, sosial şəbəkələrə yönəldilmiş xüsusi şuraların yaradılması, orfoqrafiya, orfoepiya lüğətlərinin vaxtaşırı çap olunması, inzibati metodların tətbiqi, ictimai qınağın gücləndirilməsi, Dilçilik İnstitutunda KİV-lərin dili ilə məşğul olan şöbənin açılması, dil polisinin yaradılması, dillə bağlı olimpiadaların keçirilməsi və s. təkliflər səsləndirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 28 iyul.- S. 2.