Argentina Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıqda maraqlıdır

 

Argentina Prezidenti Kristina Fernandes de Kirşner ölkəsində səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul etmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Prezident Kristina Fernandes de Kirşner son illər iki ölkə arasında əməkdaşlığın dinamik inkişafından məmnunluğunu bildirmiş və Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulamışdır. Həm Argentina və həm də Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyata malik olduğunu bildirən Argentina Prezidenti ölkələrimiz arasında əməkdaşlığın inkişafının qarşılıqlı səmərəli nəticələrə gətirib çıxaracağına əminliyini ifadə etmişdir.

Nazir E.Məmmədyarov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Argentina dövlətinin başçısına çatdırmışdır. E.Məmmədyarov Prezident İlham Əliyev tərəfindən Prezident Kristina Fernandes de Kirşnerə ünvanlanmış Azərbaycan Respublikasına rəsmi səfərə dəvət məktubunu Argentina Prezidentinə təqdim etmişdir.

Prezident Kristina Fernandes de Kirşner də salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş etmiş və dəvəti məmnuniyyətlə qəbul etdiyini vurğulamışdır. Nazir ölkəmizin son illər əldə etdiyi yüksək iqtisadi nailiyyətlər, inkişaf strategiyası, regional inkişaf və əməkdaşlıqdakı rolu, beynəlxalq nüfuzunun güclənməsi, xarici siyasət prioritetləri barədə danışmışdır.  E.Məmmədyarov Azərbaycanın Latın Amerikası ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, bu istiqamətdə Argentinanın ölkəmiz üçün xüsusi önəm daşıdığını bildirmişdir.  Nazir  həmçinin Cənubi Amerikada ilk diplomatik nümayəndəliyimizin də məhz Buenos-Ayresdə təsis edildiyini qeyd etmiş, Bakıda da Argentina səfirliyinin açılması ilə bağlı verdiyi qərara görə Azərbaycan Respublikası adından Prezident Kirşnerə təşəkkürünü bildirmişdir.

Görüşdə həmçinin səfər çərçivəsində tərəflər arasında razılaşdırılmış əməkdaşlıq istiqamətləri, planlaşdırılan qarşılıqlı səfərlər, o cümlədən iki ölkə arasında yaradılacaq hökumətlərarası iqtisadi komissiyanın məqsədləri və bunun üçün atılacaq addımlar barədə geniş fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 28 iyul.- S. 2.