Azərbaycan ilə Argentina arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığa dair saziş imzalanmışdır

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentinaya rəsmi səfəri çərçivəsində bu ölkənin  xarici işlər və etiqad naziri Hektor Timerman ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə vurğulanmışdır ki, hər iki ölkədə qarşılıqlı olaraq səfirliklərin təsis edilməsi, son dövrlər həyata keçirilmiş qarşılıqlı səfərlər, tərəflər arasında siyasi dialoqun gücləndirilməsi, habelə biznes forumların keçirilməsi Azərbaycan-Argentina əməkdaşlığının genişləndirilməsi üçün geniş imkanlar açmışdır.

Görüşdə həmçinin regional və beynəlxalq məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılmışdır. İqtisadi-ticarət, sərmayə, elm və texnologiyalar sahələrində əlaqələrin genişləndirilməsi, xüsusilə enerji, kənd təsərrüfatı, aqrobiznes, əczaçılıq, İKT, infrastruktur, tikinti sektorlarında birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunmuşdur.

Tərəflər iki ölkə arasında hüquq-müqavilə bazasının genişləndirilməsi, xüsusilə də sərmayələrin qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, təhsil, mədəniyyət, turizm, rabitə və informasiya texnologiyaları, ədliyyə sahələrində əməkdaşlıq haqqında müzakirə mərhələsində olan sənəd layihələrinin tezliklə imzalanmasının vacibliyini vurğulamışlar.

Görüşün sonunda Azərbaycanın və Argentinanın xarici işlər nazirləri "Azərbaycan Respublikası hökuməti və Argentina Respublikası hökuməti arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığa dair Saziş" imzalamışlar.

İmzalanma mərasimindən sonra nazirlərin birgə mətbuat konfransı keçirilmişdir. Nazirlər bu səfərin və apardıqları müzakirələrin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə mühüm təkan verəcəyini vurğulamışlar. Qeyd edilmişdir ki, imzalanmış sazişə əsasən, yaradılacaq hökumətlərarası iqtisadi komissiya Azərbaycan ilə Argentina arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı və konkret layihələrin razılaşdırılması üçün əhəmiyyətli çərçivə olacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 28 iyul.- S. 2.