Prezident İlham Əliyevin
təməlini qoyduğu yeni Sumqayıt Azərbaycanda tərəqqi
və yüksəlişin əsas ünvanlarından birinə
çevrilib
Sumqayıt Şəhər İcra
Hakimiyyətinin başçısı Eldar ƏZİZOV:
"Sumqayıt Bakıya sürətlə
yaxınlaşır. Tək məsafəcə yox, həm də
quruculuq və inkişafın dinamikasına görə"
Son
illərdə Azərbaycanın bütün bölgələri
sosial-iqtisadi inkişaf baxımından mühüm nəticələr
əldə edib. Həm regionların tərəqqi
dinamikası yüksəlib, həm də genişmiqyaslı
abadlıq-quruculuq prosesləri şəhərlərin, qəsəbələrin,
kəndlərin mənzərəsini müasirləşdirərək
gözəlləşdirib. İnsanların sosial vəziyyətinin
davamlı olaraq yaxşılaşdırılması,
onların yaşam tərzinin yüksəlməsi də
ölkə iqtidarının yürütdüyü inkişaf
konsepsiyasının nailiyyətlərindəndir.
Bu
inkişaf tendensiyasının özünü daha aydın
büruzə verdiyi məkanlardan biri də Sumqayıtdır.
Tarixən "gənclər şəhəri" kimi
tanıdığımız Sumqayıt indi
inkişafının yeni mərhələsinə qədəm
qoyub. Hər addımda modernləşmə, yeniləşmə,
abadlaşmanın müşahidə olunduğu şəhərdə
quruculuğun daha mükəmməl formaları tətbiq olunur
və ilkin uğurlu nəticələrini verir.
Sumqayıtın artıq paytaxt Bakının standartlarına
yaxınlaşdığı da hər addımda
görünür.
Elə
müsahibimiz Sumqayıt Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar ƏZİZOVla söhbətimizə
də bu məqamlardan başladıq.
-
Eldar müəllim, ilkin müşahidəmiz budur ki,
Sumqayıt artıq Bakıya hər mənada
yaxınlaşır...
- Əslində,
bu bizim fəaliyyətimizdə əsas vəzifələrdən
biridir. Daha dəqiq desək, məramımız
Sumqayıtı modern, müasir, zövqlü şəhərə
çevirməkdir. Amma unutmayaq ki, inkişafın müvafiq
meyarları, hədəfləri, məramları və buna
uyğun da nəticələri olur. Şübhəsiz, Azərbaycan
miqyasında hər bir şəhərin hədəfi də
paytaxtın inkişaf tendensiyasına hansısa mənada
yaxınlaşmaqdır. Yəni, Bakı bu gün yüksəlişin
və quruculuğun ölkə miqyasında əsas
meyarıdır. Respublikamızdakı şəhərlər,
yaxud rayon mərkəzləri də hansısa küçəsində,
məkanında paytaxtın müəyyən elementlərini tətbiq
edirlər. Amma bizim qarşımızda dayanan əsas məsələ
Sumqayıtı bütünlüklə paytaxtın inkişaf
tempinə uyğunlaşdırmaqdır. Bu barədə
tapşırıq şəxsən cənab Prezident İlham Əliyev
tərəfindən bizə verilib. Ölkə rəhbərinin
qarşımızda müəyyənləşdirdiyi vəzifələrin
kompleks mahiyyəti məhz budur: Sumqayıt tez bir zamanda
Bakı standartlarına yaxınlaşmalıdır.
Ötən
ilin iyul ayında möhtərəm Prezidentimiz Sumqayıta gələrkən
görülən işlərlə tanış oldu, öz
tövsiyə və tapşırıqlarını verdi. Cənab
İlham Əliyev vurğuladı ki, "biz şəhərin
inkişafına kompleks şəkildə yanaşırıq.
Şəhərin inkişafı üçün master plan hazırlanır,
onun ilkin əlamətləri artıq var və
reallaşır. Mən yeni, müasir yanaşma ilə hesab
edirəm ki, bir neçə il ərzində Sumqayıtda
çox böyük quruculuq, abadlıq işləri başa
çatacaq və şəhər ölkəmizin, bölgənin
və bəlkə də dünyanın ən gözəl
şəhərlərindən birinə çevriləcəkdir.
Bu, bizim hədəfimizdir. Bəzi hallarda qarşıya
qoyduğumuz hədəflər çox böyük
görünür, ancaq həyat göstərir ki, biz
bütün məqsədlərə çatırıq".
Prezidentin
bu sözləri bizə həm etimadın göstəricisi
idi, həm də qarşımızda daha böyük məsuliyyət
müəyyənləşdirirdi. Çünki Prezident
bütün layihələrin
reallaşdırılmasının konkret müddətlərini
müəyyən etməklə faktiki olaraq yeni
Sumqayıtın təməlini qoymuşdur. Prezidentin iş
üslubu və metodlarına bələd olan adam kimi
yaxşı bilirəm ki, əgər o bir söz deyibsə,
deməli, elə də olacaqdır.
Diqqəti
bir məqama da çəkmək istərdim. Cənab İlham
Əliyev zəngin zövqə malik olmaqla yanaşı, həm
də tikinti, quruculuq, abadlıq, bir sözlə, şəhərsalma
prosesində də mükəmməl təşkilatçı
və istiqamətvericidir. Mən hərdən düşünürəm
ki, Prezident həm də çox mahir memardır.
Çünki hansısa bir layihəyə, - istər park, istər
məscid, istərsə də, istehsal müəssisəsi
olsun, - nəzər salarkən, hökmən yeni təkliflərini
verir, bizim müəyyən hallarda nəzərə
almadığımız ən xırda detallar barədə
tövsiyələri olur, ən əsası isə hər bir
işi yüksək zövqlə, müasir standartlara uyğun
tərzdə həyata keçirməyimizi istəyir. Bu
cür tələbkarlıq istər-istəməz hər bir məmurun
məsuliyyətini daha da artırır. Çünki hesabat
verəcəyin və görəcəyin işi təslim alacaq
insan məhz cənab İlham Əliyevdir.
Bir
sözlə, Prezidentin dəyərli tövsiyələri və
birbaşa şəxsi nəzarətinin məntiqi davamı
olan maddi dəstəyi nəticəsində "Yeni
Sumqayıt" quruculuğunda əsaslı müsbət irəliləyişlər
müşahidə olundu. Ötən ilin dekabr ayında möhtərəm
Prezidentimiz növbəti dəfə Sumqayıtda olarkən
vurğuladı ki, "Sumqayıtı memarlıq
baxımından gözəl şəhərə çevirmək
üçün artıq konkret proqramlar icra edilir. Mən bu məsələləri
nəzarət altında saxlayıram və Sumqayıtı
gözəlləşdirmək üçün konkret planlarımız
vardır. Mən keçən dəfə də burada olarkən
demişəm, Sumqayıtda, memarlıq sahəsində, tikintidə
Bakı standartları tətbiq edilməlidir. Bakı bu gün
dünyanın ən gözəl şəhərlərindən
biridir. Sumqayıt da geri qalmamalıdır".
Yəni,
bu, artıq qarşımızda müəyyənləşdirilən
yeni vəzifə idi. Bununla da Prezident "Yeni Sumqayıt"
quruculuğunun növbəti mərhələsinə start
verdi: abadlaşan, gözəlləşən Sumqayıt
artıq modern, daha müasir, daha zövqlü metropol
standartlarına malik olmalıdır.
Yeni
standartları tətbiq etmək, Sumqayıtı Bakı səviyyəsinə
çatdırmaq əlbəttə ki, bəzilərinə
xülya kimi də görünə bilər. Şübhəsiz,
burada müəyyən çətinliklər də
olmalıdır. Çünki etiraf etməliyik ki, Bakıya
çatmaq asan məsələ deyil. Bu gün Azərbaycanın
paytaxtı Avropanın ən çox inkişaf etmiş şəhərləri
ilə uğurla rəqabət aparır, bəzi parametrlərə
görə isə hətta onlardan üstündür. Bakı
özünün min beş yüz illik tarixi ərzində bəlkə
də ilk dəfə bu səviyyəyə
çatmışdır. Amma Prezidentin qarşımızda
müəyyənləşdirdiyi bu tələbi həyata
keçirməkdə heç bir tərəddüdümüz,
narahatçılığımız yoxdur. Ona görə ki,
bütün bu proseslər birbaşa ölkə
başçısının şəxsi nəzarətindədir.
Bu işlərə cənab İlham Əliyev həm
intellektual, həm də praktiki baxımdan rəhbərlik edir.
Azərbaycan
Prezidenti fəaliyyətə başlayanda elan etmişdi ki, əsl
siyasət real iş və konkret fəaliyyətdən ibarətdir.
Bu məram mübaliğəsiz olaraq, cənab İlham Əliyevin
fəaliyyət kredosuna çevrilib. Prezidentimizin bütün
vədləri necəki əməli işdə gerçəyə
çevrilib, əminik ki, Sumqayıtın da
genişmiqyaslı inkişafına qısa müddətdə
nail olunacaq. Çünki bir daha xatırladıram,
Sumqayıtda şəhərin yenidən qurulması prosesi
şəxsən cənab İlham Əliyevin rəhbərliyi
və nəzarəti altında gedir, buna görə mən
inanıram ki, biz ən yaxın zamanlarda Bakı
standartlarına uyğunlaşacağıq. Bu prosesin ilkin nəticəsi
artıq var: Sumqayıt sürətlə Bakıya
yaxınlaşır. Özü də təkcə məsafəcə
yox, həm də quruculuq və inkişaf dinamikasına görə.
-
Prezidentin Sumqayıta səfərlərinə toxundunuz.
Maraqlıdır, bu səfərlərin iqtisadi-sosial aspektdə
şəhər üçün hansı nəticələri
olub?
- Prezident
son bir il ərzində üç dəfə
Sumqayıtda olmuşdur. Hər səfər də
əlamətdar məqamlarla zəngin idi. Yeni infrastruktur,
istehsalat, mədəniyyət, təhsil, sosial, idman obyektlərinin
açılışlarında, çoxsaylı təməlqoyma
mərasimlərində iştirak etmiş, quruculuq işləri
ilə tanış olmuşdur. Hər səfər özü-özlüyündə
Prezidentə bir hesabatımız olmaqla yanaşı, həm də
yeni layihələrin başlanmasına ölkə rəhbəri
tərəfindən verilən xeyir-dua idi.
Amma onu da nəzərə alaq ki, bu səfərlər
Prezidentin Sumqayıta münasibətinin yalnız bir məqamıdır. Cənab
İlham Əliyev daim Sumqayıtda görülən işlərlə
maraqlanır, elə olur ki, həftədə 3-4 dəfə
şəhərimizlə bağlı verdiyi
tapşırıqların icra vəziyyətini öyrənir,
qarşımıza çıxan problemlərin həllinə
yardımçı olur. Bu qədər işinin
olduğu bir vaxtda, cənab Prezidentin konkret şəhərin
problemləri ilə məşğul ola
bilməsi adamı həm təəccübləndirir, həm
də valeh edir.
Eyni zamanda, Prezident Sumqayıtın abadlaşmasına və
quruculuğuna, həmçinin şəhər xəstəxanasının
yenidən qurulmasına, Kimya Sənaye parkının
yaradılmasına böyük məbləğdə vəsaitlər
ayırıb.
Prezidentin dəstəyi hər bir sahəni əhatə
etdiyindən, Sumqayıtda elə hər bir sahədə də
mühüm artım, yüksəliş müşahidə
olunur. 2011-ci ilin yekunlarına görə,
iqtisadiyyatda artım 137 faiz olub. Bu il
üçün proqnoz göstəriciləri daha yüksəkdir.
Həmçinin orta aylıq əməkhaqqının
ötən ilə nisbəti 140 faiz artıq olub. Bir sözlə, bu gün Sumqayıt ölkənin ən
böyük şəhərlərindən biri olaraq möhtərəm
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda
yüksək dinamizmə əsaslanan tərəqqi və
yüksəlişin əsas ünvanlarından birinə
çevrilib.
-
Sumqayıt şəhəri yaranarkən əsas məqsəd
buranı sənaye mərkəzinə çevirmək idi. Onilliklər boyu Sumqayıt bu missiyasını
uğurla həyata keçirdi. Lakin yeni
iqtisadi formasiyaya keçid müddətində şəhərin
sənaye potensialı öz qüdrətini demək olar ki,
itirdi. Bu sahədə mövcud vəziyyət
necədir?
-
Sumqayıt onillər boyu tək Azərbaycanın yox, Cənubi
Qafqazın, keçmiş ittifaq məkanının əsas sənaye
mərkəzlərindən olub. Demək olar ki,
bütün müəssisələrin istehsal təyinatı və
əmək qüvvəsi məhz bu sahəyə yönəlib.
Ötən əsrin 90-cı illərinin məlum
prosesləri bu sferada da böyük böhran yaratdı. Ulu öndər Heydər Əliyevin məqsədyönlü
islahatları nəticəsində Sumqayıtın sənaye
potensialı demək olar ki, yenidən qurulmağa
başladı. Bu proses indi daha geniş vüsətlə
aparılır.
Əsas
konseptual xətt Prezident İlham Əliyev tərəfindən
çox dəqiq müəyyən edilmişdir: Sumqayıt
regionun mühüm sənaye mərkəzi olmalıdır. Burada sənaye obyektlərinin yenidən qurulması və
modernləşdirilməsi işinə xüsusi diqqət
yetirilir. Eyni zamanda sənaye
potensialının inkişafı üçün vacib
infrastruktur layihələri icrası da xüsusi diqqət mərkəzində
yer alır. Kimya kompleksində görülən
yenidənqurma işləri isə burada istehsal edilən məhsulların
təkcə yerli tələbatın ödənilməsində
yox, ixrac həcminin genişlənməsində də yeni
imkanlar yaradıb. Bundan başqa, dövlət
başçısının təşəbbüsü ilə
Sumqayıtda nəinki ölkəmizdə, bölgədə, Cənubi
Qafqazda ən böyük texnologiyalar parkı ərsəyə
gətirlib. Sumqayıt Texnoloji Parkı - Sumqayıtın
yeni şansıdır. Məhz bu texnologiyalar
parkının fəaliyyəti nəticəsində şəhərin
tutduğu mövqe artacaq. Bu,
bütünlükdə respublikamızın bölgələrinin
Sumqayıtla əlaqələrinin yaranması və inkişafı
deməkdir.
Bu proses fəal
inkişaf edir. Prezidentin təşəbbüsü
ilə yeni müəssisələr tikilir, həmçinin
Bakı müəssisələrinin bir hissəsi Sumqayıta
köçürülür, lakin bunlar artıq əvvəlkindən
fərqli, yüksək texnologiyalara əsaslanan
istehsalatlardır. Sənaye limanının
tikintisi haqqında qərar qəbul edilmişdir.
Müvafiq infrastruktur obyektləri yaradılır, yeni iş
yerləri açılır, lakin orada artıq uyğun
ixtisaslara malik insanlar işləyə biləcəklər. Buna görə də Prezidentin
tapşırığına əsasən, burada müvafiq texniki
peşə məktəbləri açılır.
Bu gün
Sumqayıtda sənaye məhsulu buraxılışında 151
faiz, o cümlədən kimya sənayesində 167 faiz, yeyinti sənaye
məhsullarında 186 faiz, metallurgiyada 3 dəfə, tikinti
materiallarının istehsalında 2,4 dəfə
artım var. Bütün bunlar o deməkdir ki, sənaye mərkəzi
olaraq Sumqayıtın xüsusi çəkisi
qarşıdakı müddət ərzində daha da artacaq və
yaradılan yüksək keyfiyyətli məhsullar ölkəmizdə
onlara tələbatın ödənilməsinə imkan verməklə
yanaşı, ixrac potensialının genişlənməsinə
də öz töhfəsini verəcək.
Həmçinin şəhərdə digər təyinatlı
məhsulların istehsalı ilə məşğul olan
müəssisələrin də maddi-texniki bazası
davamlı olaraq möhkəmləndirilir, müasir tələblərə
uyğunlaşdırılır, yeniləri inşa edilir. Görülən
işlər öz növbəsində əhalinin məşğulluq
səviyyəsinin yüksəlməsinə, şəhər
sakinlərinin maddi gəlirlərinin artmasına, insanların
layiqli həyat tərzinin təmin olunmasına gətirib
çıxarır. Sumqayıtda yeni iş yerlərinin
yaradılması, o cümlədən özəl sektorun
inkişaf etdirilməsi prosesi uğurla davam edir. Elə şəhərdə yeni infrastrukturun
qurulması istiqamətində görülən işlər nə
qədər insanın işlə təmin olunması deməkdir.
Bir faktı misal çəkim ki, əhalinin işlə təminat
göstəricisi bir il ərzində 143
faiz yaxşılaşıb. Məncə, bu,
uğurdur. Bütün bunlar ölkədə
qeyri-neft sektorunun inkşafını nümayiş etdirir.
Sumqayıt
texnologiyalar parkının uğurlu fəaliyyəti,
yaradılacaq kimya parkı, Sumqayıtda və ölkəmizin
digər bölgələrində qurulan ən yüksək tələblərə
cavab verən müəssisələr bir daha təsdiq edir ki,
akademik Ramiz Mehdiyevin elə "Azərbaycan" qəzetində
dərc edilən "XXI əsrdə Azərbaycan ideyası
kreativ millət kontekstində" əsərində qeyd
edildiyi kimi, bu gün Azərbaycanın yüksək texnoloji
dövlətə çevrilməsi və yaradıcı təfəkkürlü
mütəxəssislərin hazırlanması üçün
fundamental baza yaradılır.
- Şəhərinizin inkişaf təmayüllərini
"Yeni Sumqayıt" adı ilə müəyyənləşdirirsiniz. "Yeni
Sumqayıt"ın əsas mahiyyəti nə olacaq?
- "Yeni Sumqayıt" şərti adı verdiyimiz
inkişaf konsepsiyasının hədəfi şəhərin
giriş qapısından ən ucqar məhəlləyədək,
mərkəzi prospektdən ən uzaq küçəyədək
bütün ərazilərin abadlaşdırılması,
modern standartlara uyğunlaşdırılması, müasir
zövqlə yenilənməsidir. Bu məqsədlə
Prezident İlham Əliyevin rəhbərliyilə mühüm
layihələr hazırlanıb və onların icrası
uğurla həyata keçirilir.
Bu gün Sumqayıt dinamik inkişaf edir,
bütövlükdə respublikada gedən proseslərlə həmahəng
abadlaşır. Yeniliklər həyatın bütün sahələrini
əhatə edir. Hazırda şəhərin
əhalisi 500 min nəfərə çatmaq üzrədir.
Yaxın bir neçə ildə verilən
proqnozlara görə, əhalinin sayı daha da artacaq. Bütün bunlar şəhərdə aparılan
abadlıq-quruculuq işləri, o cümlədən
infrastruktur obyektlərinin inşası prosesində indidən
nəzərə alınmalıdır. Cənab Prezidentin
tövsiyələrinə uyğun olaraq bu gün şəhərin
infrastrukturu elə formada qurulur ki, şəhər əhalisinin
sayının artması fonunda belə yaxın bir neçə
on il ərzində heç bir problem
yaranmasın. Sözügedən kontekstdə təsadüfi
deyil ki, Sumqayıt həm əhalinin say tərkibi
baxımından, həm də inzibati ərazi vahidi olaraq
sürətlə böyüməkdə, eyni zamanda ölkənin
əsas iqtisadi və sənaye mərkəzlərindən birinə
çevrilməkdədir. Şəhərin
sürətli böyüməsi fonunda genişmiqyaslı
işlər görülmüş, müxtəlif sahələrdə
yaşanan inkişafın müasir tələblərə
cavab verdiyi, o cümlədən infrastrukturun yeniləndiyi
açıq-aydın nəzərə çarpır.
Şəhər əhalisinin dinamik artımı burada təbii
olaraq yaşayış evlərinə tələbatın
yüksəlməsinə səbəb olur. Bu mənada
Sumqayıtda yeni yaşayış binalarının
inşası, əvvəl mövcud olanlarda modernləşmə
işlərinin həyata keçirilməsi diqqət mərkəzindədir.
İndi şəhərin demək olar
bütün əsas prospekti, küçəsi və məhəllələrində
quruculuq, təmir-tikinti işləri aparılır və bəzilərində
artıq başa çatıb. Son zamanlar
görülən tikinti işləri sistemli hala
salınıb. Şəhərin vahid
baş planına uyğun olaraq aparılacaq tikinti, yenidənqurma
və digər işlər öncə müzakirə edilir,
sonra onun inşasına başlanır.
Bu gün Sumqayıtın qəsəbə, məhəllə
və mikrorayonlarında əhalinin istirahətini normal qaydada təşkil
edəcək müasir tələblərə cavab verən
yaşayış massivlərinin yaradılması istiqamətində
müəyyən işlər görülüb. Ölkə
başçısının tövsiyə və
tapşırıqları əsasında yaradılan belə
yaşayış massivlərində insanların günün
hər hansı bir vaxtında istirahət etmələri
mümkündür. Bu gün şəhərdə
nümunəvi mikrorayon və bir neçə nümunəvi məhəllələr
yaradılıb. Bu istiqamətdə işlər
davam edir. Həmçinin təkcə
şəhər daxilində deyil, ətraf qəsəbələrdə
də tikinti-abadlıq işləri görülür. Həmin qəsəbələrin öncə yol
infrastrukturu dəyişdirilir. Qəsəbələrin
işıqlandırma sistemləri yenilərilə əvəzlənir,
qədim tarixə malik binalar yararlı hala gətirilir. Ümumiyyətlə, qarşıya qoyulan vəzifə
ondan ibarətdir ki, şəhərin qəsəbələri
simasını dəyişməli, müasirləşməlidir.
Lakin bu zaman ənənəvi memarlıq
üslubu və digər mental məqamlar mütləq nəzərə
alınmalıdır. Məsələn,
Sumqayıtın ən böyük qəsəbələrindən
sayılan Corat qədim yaşayış məntəqəsidir.
Burada həyata keçirilən yenidənqurma
işlərində qədimliyin saxlanması ilə
müasirliyin birliyi yaradılmalı, bunun vəhdəti
tapılmalıdır. Qəsəbələrin
müasirləşdirilməsini nəzərdə tutan layihələrin
hazırlanması zamanı belə həssas məqamlar
mütləq nəzərə alınır.
- Onilliklər
boyu burada yerləşən sənaye müəssisələrinin
fəaliyyəti nəticəsində Sumqayıt ekoloji cəhətdən
bərbad məkan sayılıb. Bu mənfi imicdən
şəhər qurtulurmu?
- Bəli,
bu mənfi imic artıq keçmişdə qalıb. Cənab Prezident Sumqayıtı ekoloji cəhətdən
ölkənin ən gözəl məkanlarından birinə
çevirməyi qarşımıza bir vəzifə kimi qoyub.
Qeyd etdiyiniz kimi, şəhərimizin çirklənməsinin
əsas səbəbi buradakı müəssisələr olub.
İndi fəaliyyət göstərən sənaye
müəssisələri isə texniki standartlar
baxımından olduqca mükəmməldir və ətraf
mühitə mənfi təsiri yoxdur. Demək
problemi yaradan səbəblər aradan qaldırılıb.
Nəqliyyat, sosial, mədəni və digər sahələr
üzrə infrastrukturun yenilənməsi prosesi şəhər
sakinlərinə xidmət səviyyəsinin daha da yüksəlməsi
ilə yanaşı, həmçinin ekoloji vəziyyətin
davamlı şəkildə yaxşılaşması deməkdir. Məsələn,
görülən işlər çərçivəsində
şəhərin kanalizasiya sistemi tamamilə dəyişdiriləcəkdir.
Bu gün çirkli suların 60 faizi təmizlənmədən
dənizə axıdılır. Lakin təmizləyici
qurğuların tikintisinin başa çatması nəticəsində
çirkli sular demək olar ki, təmiz su kimi dənizə
axıdılacaq. Artıq bu proses başlayıb. Sumqayıt bütün Cənubi Qafqazda şəhər
kanalizasiyasının təmizləmə sistemləri ilə
yüz faiz əhatə edildiyi ilk şəhərlərdən
biri olacaq. Bunun nəticəsində ekoloji
baxımdan dəniz daha da təmiz olacaq, sahildə havanın
çirklənmə səviyyəsi aşağı
düşəcək.
Bundan başqa, şəhərdə
yaşıllaşdırma işləri getdikcə daha
geniş vüsət almaqdadır. İnsanların
xoş və mənalı istirahəti üçün
salınan yeni park və xiyabanlarda ağacların, digər
yaşıllıq bitkilərinin əkilməsi prioritet istiqamətlər
sırasında yer alır. Bu işə təkcə
müvafiq dövlət strukturları yox, hər bir Sumqayıt
sakini öz töhfəsini verməyə
çalışır. Məhz bunun nəticəsidir
ki, Sumqayıt artıq yaşıllıqlar məskəninə
çevrilməkdədir.
Sosial infrastrukturun yenilənməsi, əhaliyə
yüksək keyfiyyətli xidmətlərin göstərilməsi,
bu zaman ən qabaqcıl təcrübənin nəzərə
alınması, insanların istirahəti üçün
yüksək şəraitin yaradılması hər zaman əsas
diqqət mərkəzində yer alıb. Bu kontekstdə
Sumqayıtda möhtəşəm işlərə, analoqu
olmayan layihələrə imza atılmaqdadır. Görülən işlər çərçivəsində
Nəsimi istirahət parkının dənizə doğru ərazisindən
yeni magistral yol çəkilməsi nəzərdə tutulub.
Azərbaycan üçün analoqu olmayacaq həmin
yerdə dəniz-yol-park-şəhər dördlüyü
düzənlənəcək. Burada ucaldılacaq beş ulduzlu mehmanxananın, yaxt klubun,
müasir istirahət komplekslərinin tikintisi
planlaşdırılır. Şəhərimizin
təmizlənməsinə, ekoloji cəhətdən
saflaşmasına yönələn bütün işlərin
Prezidentin dəstəyilə uğurla başa
çatacağına sumqayıtlılar tam əmindirlər.
-
Sumqayıtda humanitar sferada vəziyyət necədir?
- Humanitar
sahəni əhatə edən bütün istiqamətlər
üzrə - səhiyyədən mədəniyyətədək,
təhsildən elmə qədər hər bir sahədə
dövlət qayğısı var və bu himayədarlıq
öz məntiqi nəticəsini verir. Son
dövrlərdə səhiyyə obyektlərinin modernləşdirilməsi,
onların ən müasir tibbi texniki avadanlıqlarla təmini
sahəsində işlər uğurla həyata keçirilir.
Ölkə rəhbərinin bir saylı şəhər
xəstəxanasının ən müasir standartlar əsasında
yenidən qurulması haqqında sərəncamı
sumqayıtlılar tərəfindən böyük məmnunluq
və minnətdarlıqla qarşılandı. Təhsil, mədəniyyət və digər
mühüm sahələr üzrə də infrastrukturun
qurulması prosesi qabaqcıl təcrübəyə uyğun
aparılır. Humanitar sahədə
görülən işlərdə bütün ölkədə
olduğu kimi, əsas dəstəyi Heydər Əliyev Fondu
göstərir. Sumqayıtlılar ölkənin
birinci xanımının fəaliyyətini böyük
qürurla izləyirlər. Hansısa
problemlə üzləşən insanlar Fonda müraciət
edirlər. Bir sözlə, Heydər Əliyev
Fondu və şəxsən Mehriban xanım Əliyeva
sumqayıtlılar üçün böyük inam və
etimad ünvanıdır.
Yerli əhali müstəqillik tariximizin ən
böyük mədəniyyət hadisəsi olan
"Eurovision" mahnı müsabiqəsini böyük
qürur hissi ilə izlədi. Bu müsabiqə vasitəsilə
500 milyona yaxın insan televiziya vasitəsilə Azərbaycana
baxdı, ölkəmizin gücünü, qüdrətini
müşahidə etdi. Bu,
özlüyündə böyük nailiyyətdir. Azərbaycan özünün yüksək mədəni
səviyyəsini və təşkilatçılıq qabiliyyətini
nümayiş etdirdi. Bu tədbir çərçivəsində
respublikamız bütün dünyaya fəal təbliğ
olunurdu. Sumqayıtlılar bütün
bunları yaxşı başa düşür və bu işləri
təşkil edənlərin zəhmətini yüksək qiymətləndirirlər.
"Eurovision" mahnı müsabiqəsinin Təşkilat
Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın
yüksək təşkilatçılıq qabiliyyəti, mədəniyyəti
və intellekti sayəsində müsabiqə qüsursuz
keçirildi. İnamla deyə bilərik
ki, indi dünyanın ictimai-siyasi sistemində Azərbaycana
müsbət münasibət əhəmiyyətli dərəcədə
artmışdır.
- Son
vaxtlar Sumqayıtda müxtəlif dini konfessiya üzvlərinin
siyasi avantüra cəhdləri də müşahidə
olunur...
- Bəli,
belə cəhdlər olub. Ancaq anındaca
qarşısı alınıb. Azərbaycan
tolerantlığa görə dünyada model dövlət
olaraq qəbul edilir. Ölkəmizdə əsas
etiqad vasitəsi olan İslam dini ilə yanaşı, digər
dinlər də, onlara bağlı olan təriqətlər də
normal fəaliyyət göstərir. Hər
biri dini ayinlərini, rituallarını həyata keçirməkdə
sərbəstdirlər. Vicdan
azadlığı tam qorunur, heç kəs dini etiqadına
görə təqib edilmir. Onlardan sadəcə bir tələb
var: dini fəaliyyətinizi siyasi vasitə predmetinə
çevirməyin, ölkə qanunvericiliyinin normalarına
hörmətlə yanaşın.
Təəssüf ki, bu tələblərə cavab verməyən,
radikal abu-havada olan bəzi ünsürlərə də rast gəlinir. Belələri şəhərimizdə
çox az da olsa mövcud olub. Açıq deyək, xüsusi xidmət və
hüquq-mühafizə orqanlarının apardığı
operativ əməliyyat tədbirləri sayəsində məlum
olub ki, bu ünsürlər dövlətçiliyə
qarşı qəsd cəhdləri
hazırlayırlarmış. Şübhəsiz, bu
avantüralarda xarici qüvvələrin də birbaşa təsiri
və dəstəyi var. Bunlar Azərbaycan Prezidenti İlham Əliyevin
müstəqil xarici siyasəti ilə barışmayan,
respublikamızın bəzi xarici ölkələrin
maraqları əsasında deyil, yalnız öz dövlətçilik
mənafeyi əsasında inkişafından narahat olan qüvvələrdir.
Belə qüvvələrin fəaliyyəti
xalqımız tərəfindən böyük hiddət və
nifrətlə qarşılanır. Belə
avantürist və utopik cəhdlərin ölkəmizdə hər
hansı bir nəticə verəcəyinin mümkünsüzlüyü
bir daha öz təsdiqini tapır.
Qeyd etdiyim kimi, bu gün dünya miqyasında Azərbaycanı
fərqləndirən əsas xüsusiyyətlərdən biri
yüksək tolerantlıq, dini dözümlülük
mühitinin mövcudluğudur. Bütün Azərbaycanda
olduğu kimi, Sumqayıtda da demokratiyanın əsas prinsiplərindən
biri olan vicdan azadlığı prinsipi tam həcmdə
reallaşır. Bu şəhərdə
dünyanın demək olar ki, bütün konfessiyaları təmsil
olunmuş, onların öz imkanlarını
reallaşdırması üçün normal şərait
yaradılmışdır. İslam bizim ənənəvi
dinimizdir. Respublikamızda məscidlərin,
ziyarətgahların ən yüksək səviyyədə
yenidən qurulması və əsaslı təmiri Heydər Əliyev
siyasətinin, İlham Əliyev hakimiyyətinin dinimizə və
dindarlara olan qayğısını, hörmətini
nümayiş etdirir. Sumqayıtın
dindarları bir müddət öncə Cümə məscidinin
yenidənqurulması üçün ölkə
başçısına müraciət etdilər və Azərbaycan
Prezidentinin tapşırığına əsasən şəhərin
baş məscidində minarə ucaldılıb,
genişmiqyaslı yenidənqurma, təmir işləri
aparılır. Bu, nadir memarlıq abidəsi
olacaq. Cənab Prezident məscidin yenidən qurulması
işləri ilə yerində tanış
olmuş, bu məqsədlə xüsusi vəsait
ayırmışdır. Biz dindarlarla tez-tez
görüşürük və deyə bilərəm ki,
onlar Prezidenti dəstəkləyən elektoratın fəal
hissəsidir. Onlar belə məsələləri
siyasiləşdirmək üçün kənardan göstərilən
cəhdlərə görə təəssüfləndiklərini
bildirirlər. Dinimizi bölmək,
parçalamaq, belə deyək, klassik islama, elə Qurani-Kərimə
də ziddir. Müqəddəs kitabın özündə
deyilir ki, bölünməyin, bir olun! Belə
olan halda hansı parçalanmadan söhbət gedə bilər.
Biz dünyəvi ölkədə
yaşayırıq. Sumqayıt
yaradıldığı gündən dünyəvi şəhərdir.
Burada hər hansı bir avantüra həyata
keçməmiş iflasa uğrayacaq.
- Eldar
müəllim, ümumiyyətlə, bu gün
sumqayıtlıların əhval-ruhiyyəsi necədir?
- Olduqca
yüksək! Bu yaxınlarda nümunəvi
mikrorayonun açılış mərasimində
"açıq mikrofon" tədbiri keçirildi.
İyirmi minə yaxın sakinin iştirak etdiyi həmin tədbirdə
otuzdan çox adam çıxış
etdi. Onların hər biri Prezidentin fəaliyyəti
barədə məhəbbətlə danışırdı.
Bu, danılmaz faktdır! Belə tədbirləri
reqlamentləşdirmək qeyri-mümkündür, onları
xalqın fikri kimi qəbul etmək lazımdır.
Sumqayıtlılar sabaha böyük ümidlə
baxırlar. Sakinlərimiz bilirlər ki, məhz cənab İlham
Əliyevin intellekti, istedadı, qeyri-ordinar şəxsiyyəti
sayəsində ölkəmiz qısa müddətdə bir
neçə onilliyə bərabər inkişaf yolu
keçmişdir. Prezident intensiv işləyir,
mütəmadi olaraq bölgələrdə olur və öz fəaliyyəti
ilə hətta zamanı qabaqlayır. Azərbaycan getdikcə
daha güclü olur! Bu isə xaricdə Azərbaycanı
zəif və asanlıqla idarə edilən bir ölkə kimi
görmək istəyən müəyyən siyasi dairələrdə
narahatlıq doğurmaya bilməz. Belələri vaxtilə
öz səriştəsizliyini sübut etmiş, ölkəni
parcalanma, məhv olma həddinə çatdıran və ya hərc-
mərclikdən istifadə edərək külli miqdarda vəsait
mənimsəmiş, xaricə qaçmış və Azərbaycana
qayıdacağını söyləyən, lakin buna cəsarəti
çatmayan, iradəsiz insanların vasitəsi ilə ara qarışdırmağa cəhd göstərirlər.
Amma xalqımız başa düşür ki, güclü Azərbaycan,
təəssüf ki yalnız bizim özümüzə
lazımdır və bu gün onu yalnız Prezident İlham Əliyev
möhkəmlədə bilər! Prezidentin iş üslubu hər
məsələdə konseptuallığı və konkretliyi
ilə səciyyəvidir. Onun atdığı
addımlar həmişə insanların istəklərini
qabaqlayır və onlara müsbət təsir edir.
Prezident İlham Əliyev insanları yaxşı hiss edən,
onları sevən və qurub-yaradan, buna görə də cəmiyyətdə
böyük xarizmatik potensiala malik olan qeyri-adi, son dərəcə
istedadlı insandır. Bu həqiqətləri xalq dərindən
anlayır! Ona görə də Heydər Əliyev
siyasi kursuna - Prezident İlham Əliyevin fəaliyyətinə
alternativ görmür. Buna görə də
bütün xalqımız, o cümlədən qədirbilən
sumqayıtlılar dövlət başçısının ətrafında
sıx səfərbər olublar.
İxtiyar HÜSEYNLİ
Azərbaycan.- 2012.- 3 iyul.- S. 6.