Qəbələdə Azərbaycan və İtaliya musiqiçiləri Avropa bəstəkarlarının əsərlərini səsləndirmişlər

 

 Azərbaycanın milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli hesab olunan Qəbələ IV Beynəlxalq Musiqi Festivalı böyük müvəffəqiyyətlə davam edir.

AzərTAc xəbər verir ki, gündən-günə böyüyən tamaşaçı auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti çəkən festival çərçivəsində iyulun 27-də keçirilən ikinci kamera musiqisi konserti rəngarəngliyi baxımından digərlərindən zəngin olmuşdur.

 Konsertdə musiqisevərlərə  P.Sarasatenin, F.Pulentin, K. Debüssinin, J.Ninin, L.Delibin, A.Qlazunovun, M.İppolitovun, A.Arenskinin, C.Uilyamsın, K.Sen-Sansın, R.Leonkovallonun, P.Sorozabalın əsərləri təqdim edilmişdir. Avropanın klassik musiqisinin həvəskarları səhnəyə çıxan tanınmış pianoçu, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, xalq artisti Murad Adıgözəlzadənin, vokalçılardan İtaliyanın R.Leonkovallo Musiqi Festivalının və eyni adlı musiqi fondunun rəhbəri Ottavio Palmierinin (tenor), Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fəridə Məmmədovanın (soprano), opera tamaşalarında müxtəlif rolların ifaçısı Səbinə Əsədovanın (messo-soprano), gənc ifaçılardan Səidə Tağızadənin, İlahə Sadıxzadənin (piano), Aleksey Miltıxın (violonçel) və Ümidə Abbasovanın (violin) çıxışlarını maraqla dinləmişlər.

 

 

Azərbaycan.- 2012.- 28 iyul.- S. 3.