012- Bakı Public Art Festivalı çərçivəsində gənc rəssam Şərqiyyə Rəhmanlının Gələcəyə qayıdış əsəri təqdim edilmişdir

 

 İyulun 27-də Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının birinci "012- Bakı Public Art Festivalı" çərçivəsində gənc rəssam Şərqiyyə Rəhmanlının "Gələcəyə qayıdış" əsəri təqdim edilmişdir.

Təqdim olunan əsər festival çərçivəsində sonuncu layihədir.

AzərTAc xəbər verir ki, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının qarşısında təqdim olunan layihə canlı perfomansdan - tikinti körpücüklərində balerinaların rəqsindən ibarətdir. Bu mədəniyyət ocağının öz aurası, memarlıq zərifliyi, teatrın balet truppasının və tamaşaçılarının sevgisi ilə formalaşmış mənəvi məkanı vardır. Rəqs edən balerinalar intizarnostalji simvoludurlar. Onlar şövqlə çalışmaq istəyir, bu tikinti "torları", bu real durumla barışa bilmirlər. Sırf yaradıcılıq üçün yaranmış balerinalara maddi dünyanın qayda-qanunları yaddır.

Adi insan qavrayışı təmir-tikinti körpücüklərində çalışan fəhlələri görməyə adət etmişdir. Amma bu dəfə həmin körpücüklərdə fəhlələr deyil, qar kimi libaslarda incə balerinalardır ki, bu da faciəvi-məzhəkəli bir effekt yaratmışdır.

Təqdim olunan layihə balerinaların öz sənətinə və ikinci evi sayılan Azərbaycan Dövlət Akademik OperaBalet Teatrına olan fədakar məhəbbətini əks etdirir. Bu binanın tikilməsinə də səbəb məhəbbət olmuşdur.

Tarixə nəzər salsaq görərik ki, XIX əsrin sonu, XX əsrin əvvəli Bakıda "neft bumu" ilə əlamətdar olmuşdur. Həmin dövrdə şəhərdə ilk neft milyonçuları peyda olmuşdular. Elə bu vaxt Bakıya gözəllik və füsunkarlığı ilə çoxlarını heyran edən məşhur müğənni gəlmişdi. Müğənninin çıxış etdiyi müxtəlif yerlər onun istedad və peşəkarlıq səviyyəsinə uyğun gəlməmişdi. Ondan növbəti dəfə Bakıya dönəcəyini soruşanda müğənni ola bilsin ki, bir daha gəlməyəcəyini demiş, səbəbini isə şəhərdə onun çıxışı üçün peşəkarcasına təchiz edilmiş teatrın olmaması ilə izah etmişdi. Müğənninin etirafı gizli şəkildə ona aşiq olmuş maqnatlardan birinə təsir etmişdi. Həmin milyonçu, müğənniyə məhz onun şərəfinə belə bir bina tikdirəcəyini söz vermiş və müğənnidən bu teatrın açılış mərasimində iştirak etmək üçün Bakıya yenidən gəlməsini xahiş etmişdi. Bir çox çətinliklərə baxmayaraq, milyonçu sözünün üstündə durmuşdu - 1800 nəfər tamaşaçı tutan bina mühəndis Nikolay Bayevin rəhbərliyi ilə 10 aydan sonra inşa edilmişdir. 1911-ci il fevralın 28-də Bakıda OperaBalet Teatrının açılışı olmuşdur. Milyonçunun dəvəti ilə müğənni bir ildən sonra Bakıya gələrək bu binada konsert vermiş, bundan sonra isə o, sözün tam mənasında, "qızıla" qərq edilmişdir.           

Şərqiyyə Rəhmanlı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının ikinci kursunda təhsil alır. O, "YARAT!" qeyri-kommersiya təşkilatının "Artım" adlı proqramının dəstəyi ilə festivalda iştirak hüququ qazanan ən gənc rəssamdır.

Həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssamın iştirak etdiyi "012-Bakı Public Art Festivalı" çərçivəsində təqdim olunmuş əsərlər sentyabrın 1-dək Bakı şəhərinin müvafiq yerlərində nümayiş olunacaqdır.

 

 

Azərbaycan.- 2012.- 28 iyul.- S. 6.