Uruqvay Prezidenti Azərbaycana
rəsmi səfərə dəvət olunmuşdur
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Uruqvay Şərq Respublikasına rəsmi səfər etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, E.Məmmədyarov səfər çərçivəsində Uruqvay Prezidenti Xose Alberto Muxika Kordano ilə görüşmüşdür.
Prezident Azərbaycan nümayəndə heyətinin Uruqvaya bu ilk rəsmi səfərdən məmnunluğunu ifadə etmiş və bunun ölkələrimiz arasında əməkdaşlığın inkişafına böyük təkan verəcəyinə əminliyini bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını X.Muxika Kordanoya çatdıran E.Məmmədyarov dövlətimizin başçısının uruqvaylı həmkarına Azərbaycana səfər etmək ilə bağlı dəvət məktubunu Uruqvay Prezidentinə təqdim etmişdir.
Uruqvay dövlətinin başçısı onun da salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş etmiş, dəvətə görə təşəkkürünü bildirmişdir.
E.Məmmədyarov Uruqvay Prezidentinə ölkəmizin inkişaf strategiyası, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli layihələr, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qətnamələri, problemin həllinə dair ölkəmizin mövqeyi, o cümlədən münaqişənin nizamlanmasının regionun inkişafına verəcəyi töhfələr barədə ətraflı məlumat vermişdir.
Görüşdə Azərbaycanın
və Uruqvayın öz regionlarında strateji əhəmiyyətə və sürətlə
inkişaf edən iqtisadiyyata
malik ölkələr olduğu
vurğulanmış, respublikalarımız arasında əlaqələrin
inkişafı üçün geniş potensialın mövcudluğu
qeyd edilmişdir.
Bundan əlavə,
enerji, kənd təsərrüfatı, əczaçılıq,
informasiya texnologiyaları sahələrində
qarşılıqlı faydalı ticarət və sərmayə
imkanları barədə, eləcə də regional
və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2012.- 29 iyul.- S. 1.