Azərbaycan ilə
Uruqvay arasında iki mühüm saziş
imzalanmışdır
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Şərq Respublikasına rəsmi səfəri çərçivəsində uruqvaylı həmkarı Luis Almaqro Lemas ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, L.Almaqro Lemas Azərbaycan nümayəndə heyətinin bu səfərinin ölkələrimiz arasında münasibətlərin tarixində ilk rəsmi səfərin olduğunu vurğulamışdır. Nazir bu cür qarşılıqlı səfərlərin Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini bildirmişdir.
E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin tarixi kökləri və ağır nəticələri, bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər, problemin həllinə dair ölkəmizin mövqeyi barədə məlumat vermişdir. Nazir münaqişənin həllinin regionda davamlı sülhə və sabitliyə, inkişafa verəcəyi töhfələrdən danışmışdır.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi, bu istiqamətdə yüksək səviyyəli ikitərəfli səfərlərin təşkili, hüquq-müqavilə bazasının möhkəmləndirilməsi, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulamışdır.
Tərəflər, həmçinin regional və beynəlxalq məsələlər, xüsusilə də Azərbaycanın qlobal enerji təhlükəsizliyində, regional əməkdaşlıq və inteqrasiyadakı rolu barədə geniş fikir mübadiləsi aparmışlar.
Sonda xarici işlər nazirləri Elmar Məmmədyarov və Luis Almaqro Lemas "Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik vətəndaşlara münasibətdə viza tələblərindən azad edilməsinə dair Saziş"i və "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Uruqvay Şərq Respublikasının Artiqas Xarici Xidmət İnstitutu arasında əməkdaşlıq haqqında Saziş"i imzalamışlar.
Görüşdən sonra nazirlər paytaxt Montevideonun "Santos" sarayında təşkil olunmuş Uruqvay-Azərbaycan biznes forumunda iştirak etmişlər.
Biznes forum
çərçivəsində Azərbaycanın və
Uruqvayın ekspertləri tərəfindən hər iki ölkənin iqtisadi vəziyyəti,
biznes və sərmayə mühiti,
potensial əməkdaşlıq perspektivləri
barədə təqdimatlar edilmişdir. Təqdimatlardan
sonra isə hər iki
ölkədən olan şirkət
nümayəndələri arasında işgüzar
görüşlər keçirilmişdir.
Azərbaycan.- 2012.- 29 iyul.- S. 1.