Parlamentlərarası
dostluq qrupu
yaradılmışdır
Uruqvay Şərq Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin vitse-prezidenti, Baş Assambleyanın və Senatın sədri Danilo Astori ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycanın inkişaf perspektivləri, xarici siyasət prioritetləri, regional və beynəlxalq siyasətdə tutduğu mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, habelə Azərbaycan-Uruqvay münasibətlərinin hazırkı vəziyyəti, xüsusilə də iqtisadi sahədə geniş əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılmışdır.
Parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan E.Məmmədyarov hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının yaradılmasının, habelə qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyətini xüsusi qeyd etmişdir.
Sonra nazir Uruqvay Nümayəndələr Palatasının sədri Jorge Orrico ilə görüşmüşdür. Görüşdə Uruqvay parlamentində Azərbaycan ilə yenicə yaradılmış dostluq qrupunun üzvləri də iştirak etmişlər.
Nümayəndələr Palatasının sədri Uruqvay parlamentinə Azərbaycandan ilk dəfə yüksək səviyyəli nümayəndə heyətinin gəlməsindən məmnunluğunu bildirmiş və ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğunu vurğulamışdır.
E.Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafı, xüsusilə də xalqların bir-birinə yaxınlaşdırılmasında parlamentlərarası əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd etmişdir. Nazir Uruqvay parlamentində Azərbaycan ilə dostluq qrupunun yaradılmasını ikitərəfli münasibətlərdə tarixi hadisə kimi qiymətləndirmişdir.
Sonda Uruqvay
parlamentində Uruqvay-Azərbaycan dostluq qrupunun yaradılması ilə bağlı Akt imzalanmışdır. Aktı Uruqvay tərəfdən Nümayəndələr
Palatasının sədri Jorge Orrico, beynəlxalq əlaqələr daimi komissiyasının sədri Xaime Trobo və Senatın
beynəlxalq əlaqələr daimi
komissiyası adından senator Karlos Baraiber, Azərbaycan
tərəfdən isə nazir Elmar Məmmədyarov və səfir Məmməd
Əhmədzadə imzalamışlar.
Azərbaycan.- 2012.- 29 iyul.- S. 1.