Şuşa, 29 iyul 1982-ci il

 

"Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".

 

Heydər ƏLİYEV

 

 

 İllər ötür, amma tarixin yaddaşından işıqlı əməllər, xeyirxah hisslər heç vaxt silinib getmir, əksinə, günü-gündən daha böyük məna və əhəmiyyət kəsb edir. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin keçdiyi ömür yolu  Azərbaycanın hər bir guşəsi kimi, Qarabağın da yaddaşına əziz bir xatirə kimi yazılmışdır. Bu xatirənin yaşı otuz ildir. Söhbət 29 iyul 1982-ci ildən gedir.

Elə bu münasibətlə "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyində (İB) ulu öndər Heydər Əliyevin 1982-ci ilin iyulun 29-da Şuşada Molla Pənah Vaqifin poeziya günlərində iştirakının 30-cu ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, İB-in sədri Bayram SƏFƏROV onun  hər zaman Şuşaya böyük diqqət və qayğı göstərdiyini xüsusi vurğuladı. Ulu öndərin Şuşaya ilk səfəri 1967-ci ilə təsadüf edir. Lakin 1970-ci illərin ikinci yarısında artıq şəhərin inkişafı üçün verdiyi qərarlar, burada kurort kompleksinin inkişaf etdirilməsi istiqamətində görülən işləri hamı yaxşı xatırlayır. Ümummilli lider Heydər Əliyevin 1982-ci ilin yanvarın 14-də M.P.Vaqifin məqbərəsinin açılışında iştirak etdiyini xatırladan sədr qeyd etdi ki, həmin il iyulun 29-da ulu öndər tanınmış Azərbaycan şairləri və yazıçıları ilə birlikdə M.P.Vaqifin poeziya günləri çərçivəsində Xurşidbanu Natəvan və Mir Möhsün Nəvvabın abidələrinin açılışında da olmuşdur:

- Ümumimilli lider Heydər Əliyev Azərbaycana sovet dövründə rəhbərliyi zamanı (1969-1982-ci illər) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, Azərbaycan torpaqlarının bir qarışı da Ermənistana verilməmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdır. Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl Ermənistan Azərbaycanla sərhəd olan bəzi əraziləri ələ keçirmək istəyirdi. Erməni rəsmi dairələri və alimləri hətta ötən əsrin 20-ci illərinin saxtalaşdırılmış xəritələrini ortaya çıxarmışdılar. Ərazi məsələsinə dair danışıqlar artıq müzakirə obyektinə çevrilmişdi. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev o zaman erməni millətçilərinin qarşısını qətiyyətlə alaraq Moskvadakı bəzi qüvvələrin qərarlarının həyata keçirilməsinə imkan verməmişdir. Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərinin tarixi keçmişini yaxşı bilən Heydər Əliyev bu şəhərin inkişafına çox böyük qayğı göstərmişdi. Şuşanın kurort şəhərinə çevrilməsi üçün qərarlar qəbul etmiş, genişmiqyaslı quruculuq işlərinə təkan vermişdi. 1982-ci il yanvarın 14-də ümummilli liderin iştirakı ilə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışı oldu. Bu, Heydər Əliyevin milli ədəbiyyata, tarixə, etnik mənsubiyyətə bir daha diqqətinin təzahürü idi. Ulu öndərin 29 iyul 1982-ci ildə yenidən Şuşaya gəlməsi, elm, ədəbiyyat xadimlərini, ailəsini özü ilə gətirməsi Qarabağa olan diqqətini bir daha göstərdi. İyul ayının 29-dan avqust ayının 3-nə kimi dörd gün müddətində bir sıra tədbirlərə qatılan ulu öndər avqustun 2-də Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak etdi. Onun poeziya bayramında saatlarla görkəmli Azərbaycan və Qarabağ şairlərinin şeirlərinə qulaq asması tədbirdə iştirak edən hər bir şuşalının bu gün də xatirindədir. Həmin illər Heydər Əliyevin göstərişi ilə açılan Xankəndi Pedaqoji İnstitutu da Qarabağın elmi-mədəni mühitinin formalaşmasına, yerli əhalinin ali təhsil almasına, doğma torpağa sıx bağlanmasına əlverişli şərait yaratdı. Xalqımızın böyük oğlu Sov. İKP MK  Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən az sonra 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü və ölkəmizə qarşı hərbi təcavüzə başladı. 1988-1993-cü illərdə Dağlıq Qarabağ və onun ətrafındakı yeddi Azərbaycan rayonu Ermənistan silahlı güvvələri tərəfindən işğal edildi. 1993-cü ildən doğma ocaqlarından didərgin salınmış 1 milyonadək qaçqın və məcburi köçkünün bütün qayğı və problemləri Heydər Əliyevin gündəlik fəaliyyətinə çevrildi.

Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçisi Vaqif HÜSEYNOV ümummilli liderin 1969-cu ildə respublikamıza rəhbərliyə gələndən sonra Dağlıq Qarabağın Azərbaycanla bağlılığının daha da gücləndirilməsi üçün gördüyü işlərdən, xüsusilə Xankəndiyə dəmir yolunun çəkilişindən danışdı:

- "Şuşa şəhərində kurort kompleksini daha da inkişaf etdirmək tədbirləri haqqında" Azərbaycan KP MK və Nazirlər Sovetinin birgə qərarı, şuşalı görkəmli şəxsiyyətlərin ev-muzeylərinin, xalça muzeyinin yaradılması, Molla Pənah Vaqifin məqbərəsinin tikintisi, abadlıq işləri üçün ayrılan vəsaitin hər il əhəmiyyətli dərəcədə artırılması, Şuşa Dram Teatrının yaradılması, Qarabağ İpək Kombinatının və Bakı Radio Zavodunun filiallarının açılması, turist bazasının və yeni məktəblərin tikintisi də onun Şuşaya olan qayğı və diqqətinin nəticəsi idi.

O zaman mən Şuşa Şəhər İcraiyyə Komitəsinin sədri idim və təbii ki, şəhərin bu qəbula, bu şərəfli gəlişə hazırlanmasına rəhbərlik edirdim. Özü ilə Bakıdan böyük bir heyət gətirmişdi: MK-nın Büro üzvləri, İ.Şıxlı, M.İbrahimov, Q.Qasımzadə, S.Rüstəmxanlı və başqaları. Erməni şair və yazıçıları da orada idilər. Onlar da Vaqifi vəsf eləyən şeirlər söyləyir, onun yaradıcılığını, Qarabağ xanının vəziri kimi yüksək siyasi keyfiyyətlərini qeyd edirdilər. Sonra Natəvanın şəhər parkındakı büstünün açılışı oldu. Həmin büst, eyni zamanda dahi Üzeyir bəyin, Bülbülün də erməni vandalları tərəfindən güllələnən büstləri indi Bakıdadır.

Heydər Əliyevin Şuşaya bu qədər diqqət və qayğı göstərməsi heç də sadə məsələ deyildi. Bu, ilk növbədə Ermənistana, separatçı erməni ünsürlərinə xəbərdarlıq idi ki, Qarabağdan gözlərini çəksinlər.

 

Ramiq MƏHƏRRƏMOV - Şuşa Mərkəzi Rayon Xəstəxanasının baş həkimi:

- Məşhur rus kurort tədqiqatçısı professor Fiqrovski 1926-cı ildə Şuşanı dağ iqlimi stansiyası kimi tədqiq edərək onu Azərbaycanın Davosu adlandırmışdı. Lisaqorda (Keçəldağ) narzan tipli turşsu tədqiq edildi və Şuşada kurort yaratmaq məsələsi qaldırıldı. Dağlıq Qarabağ rəhbərliyi 1928-ci ildə Azərbaycanda kurortların inkişaf perspektivi müzakirə edildikdə Şuşa şəhərinə Xankəndini də kurort kimi əlavə etməyə nail oldu. 1928-ci ildə "Qırmızı aypara" sanatoriyasında istirahət etmiş 242 uşağın sağlamlıq vəziyyəti tədqiq edildi. Şuşada 1932-ci ildə 30 yerlik istirahət evi yaradıldı. Sonra Çanaqqala "Ərimgəldi" deyilən yerdə əsasən Firidun bəy Köçərlinin, Bəhmən Mirzə Qacarın evində və məscidində, Xan İsmayılın evində və Ağayevlərin mülkündə təşkil olunan istirahət evi 300 yerlik oldu. 1934-cü ildə V çağrış Azərbaycan MİK-in III sessiyasında Xalq Səhiyyə Nazirliyinə tapşırıldı ki, keçmiş Xan sarayı uşaq sanatoriyasından ötrü ayrılsın.

1943-cü ildə Azərbaycan SSR XKS və Azərbaycan K(b) P MK-nın "Şuşa şəhərində kurort-sanatoriya inşaatı haqqında" birgə qərarı ilə Şuşa şəhərindən müxtəlif cəhətli iqlim və balneoloji kurort kimi istifadə olunması nəzərdə tutulmuşdu. Yalnız 1969-cu ildə Heydər Əliyev respublikada hakimiyyətə gəldikdən sonra 700 nəfərlik "Şuşa" dağ iqlimi sanatoriyası - onun 330 nəfərlik pansionatı, vanna binası, içməli su qalereyası, 100 nəfərlik meşə sağlamlıq məktəb kompleksi, 120 çarpayılıq xəstəxana tikilib istifadəyə verildi. Bu, Şuşa şəhərinin simasını dəyişdirdi, rayonun inkişafına səbəb oldu və Şuşa kurortunu Ümumittifaq səviyyəli kurort kompleksinə çevirdi. Qərarın icrası nəticəsində Şuşa şəhərində turist bazasının genişləndirilərək çarpayılarının sayı 300-ə çatdırıldı, il boyu işləyən 400 nəfərlik uşaq sanatoriyası kompleksi tikilib istifadəyə verildi, Qocalar evi AHİŞ tabeliyinə keçirilərək Şuşa sanatoriyasına verildi və sanatoriyanın 6-cı korpusu oldu. Azərbaycan Kurort Ticarəti Şuşa şöbəsinin anbar bazası tikildi, Səhiyyə Nazirliyinin 120 çarpayılıq sanatoriyasının təməli qoyuldu, rabitə evi və camaşırxana tikildi, süzgəc stansiyalı bölüşdürücü su kəməri şəbəkəsi inşa edildi, Kirs-Daşaltı su kəməri də genişləndirildi. Şəhər daxilində qaz çəkildi, Milli Musiqi Alətləri Fabrikinin fəaliyyəti genişləndirildi. Şuşa rayonundakı Əzizbəyov adına kolxoz südcülük-tərəvəzçilik sovxozuna çevrildi. Şuşa şəhərində 600 yerlik qış kino-teatrı tikildi. Natəvanın büstü qoyuldu və Natəvanın evi təmir edildi, ətrafı abadlaşdırıldı. Mehmandarovların malikanəsi bərpa edildi, orada "Yaşıl aptek" və "Xalça muzeyi" təşkil edildi. Bu siyahını davam etdirmək olar. Heydər Əliyev "Şuşa abidələr şəhəridir" deyirdi. Onun bu sözlərinin nəticəsində Azərbaycan SSR Nazirlər Soveti "Şuşa şəhərində tarixi-memarlıq qoruğunun təşkili barəsində" qərar qəbul etdi. Həmin qərardan sonra Şuşada bir çox bərpa işləri görüldü, tarixin daş kitablarına yeni nəfəs verildi. "Xan qızı" bulağı, "Gəncə qapısı", "Şor bulaq", "Hacıqulular" adlanan memarlıq kompleksi və sair tarixi abidələr bərpa olundu. Uzun illərdən bəri baxımsızlıq üzündən uçulub dağılmış qala divarları, Qara Böyükxanım məqbərəsi, K.Əsgərov küçəsindəki məscid, mərkəzi rayon xəstəxanasının ərazisindəki qala bürcləri və divanxana öz əvvəlki görkəminə qaytarıldı. Bir sözlə, Heydər Əliyev hansı rayona gedirdisə, hər gedişi zamanı həmin yer daha abad olurdu, o cümlədən Şuşa şəhəri də abadlaşırdı. Heydər Əliyevin 29 iyul 1982-ci ildə Şuşaya gəlişi "Şuşa şəhərində kurort kompleksini daha da inkişaf etdirmək tədbirləri haqqında" qərarın yerinə yetirilməsinin, bir növ, hesabatı idi. Təəssüf ki, bu, onun Şuşaya son gəlişi oldu. Cəmi üç aydan sonra Moskvaya, SSRİ Baş nazirinin birinci müavini vəzifəsinə dəyişildi və bununla respublikamızda olduğu kimi, Şuşa şəhərində də sürətli inkişafa son qoyuldu. Onun respublikadan uzaqlaşmasından sonra yuxarıda qeyd etdiyim qərarda nəzərdə tutulmuş bəzi məsələlərin icrası unuduldu.

 

Zahid ABBASOV - Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri:   

- Mənim həyatımda Heydər Əliyev xeyirxahlığının, dəstəyinin  dərin izi var. Belə ki, mənim vilayət ierarxiyasında təmsilçiliyim nəhz Heydər Əliyevin tövsiyəsi ilə gerçəkləşmişdi.

Düz 30 il əvvəl - 1982-ci ilin 29 iyulu idi. Şuşada həmin ilin yanvarında Heydər Əliyevin iştirakı ilə təntənəli surətdə M.P.Vaqifin məqbərəsi açılmışdı. Yayda isə Vaqifin poeziya günləri keçirilirdi. O zaman mən Şuşa Rayon  Komsomol Komitəsində azad komsomol komitə katibi işləyirdim. Heydər Əliyevin başçılığı ilə respublikanın tanınmış ziyalıları, yazıçı və şairləri poeziya  günlərində iştirak etmək üçün Şuşaya gəlirdi. Qonaqların qarşılanması   yerləşdirilməsi üçün rayonda ciddi hazırlıq gedirdi. Ulu öndər Heydər Əliyevin 1982-ci il 29 iyul tarixdə Şuşaya səfəri Azərbaycanda böyük bir poeziya bayramı kimi yaddaşlarda qalmaqdadır. Minlərlə insan qonaqları salamlayırdı. Azərbaycanın görkəmli yazıçı və şairlərinin, tanınmış müğənni və musiqiçilərinin Cıdır düzündəki konsertləri hamının yaddaşındadır. Lütfiyar İmanov, Zeynəb Xanlarova, Arif Babayev, Ədalət Nəsibov, Teymur Mustafayev, Amaliya Pənahova, Əlabbas Qədirov və başqalarının çıxışları poeziya bayramını daha da gözəlləşdirdi. Ümumiyyətlə, poeziya və musiqi Şuşa mədəniyyətinin sütunudur. Heydər Əliyev bunu gözəl bilirdi və bu sahəyə olan diqqəti onun necə böyük insan olduğunu bir daha sübut edirdi.

İyulun 23-də Heydər Əliyev Şuşaya gəldi. O öz ailə üzvlərini də Şuşaya gətirmişdi. Həyat yoldaşı Zərifə xanım və oğlu - hazırkı Prezident İlham Əliyev onunla birlikdə Şuşanı  gəzdilər. O vaxt mənə də xüsusi  işlərdən  biri tapşırılmışdı.  Ulu öndər məni görəndə tanıdı (o məni qışda məqbərənin açlışına gələndə görmüşdü) və mənimlə səmimi görüşdü, işlərimlə maraqlandı. Bir azdan vilayətin rəhbəri məni kənara çəkdi və soruşdu ki, "Şuşada  komsomolun birinci katibi işləmək istəyirsən?" Cavab verdim: "Yox!" "Vilayət Komsomol Komitəsində necə, işləmək istəyirsən?" Cavab verdim: "Bəli". Dedi ki, sabah saat 9-da olarsan mənim yanımda.

Doğrusu, mən inanmadım. Bilmirdim ki, bunu vilayətin o vaxtkı rəhbərliyinə Heydər Əliyev tapşırıb.

 Səhəri gün, yəni iyulun 30-da məni Vilayət Partiya Komitəsinə çağırıb Komsomol Komitəsində şöbə müdiri təyin etdilər. Onda mənə aydın oldu ki, bütün bunların hamısı Heydər Əliyevin tapşırığıdır... Sonra onun tapşırığı ilə Ali Partiya Məktəbini də bitirdim. Onu da deyim ki, vilayətdə bu vəzifədə çalışan ilk azərbaycanlı idim. Bu da erməniləri lap qıcıqlandırırdı.

Beləliklə, onda Heydər Əliyevin Şuşaya gəlişi mənim həyatımda da  ən əziz xatirə olaraq yaşamaqdadır.

 

Əyyub ŞIRLANLI - şair:

- "Şuşa təkcə təbii gözəllik diyarı yox, həm də poeziya və musiqi beşiyidir. Bu şəhər dünyaya dahi şəxsiyyətlər, sənət korifeyləri bəxş etmiş müqəddəs azərbaycanlı anasıdır.

1982-ci il yanvarın 14-nü, mənə elə gəlir ki, şuşalılar heç vaxt unutmayacaqlar. Molla Pənah Vaqifin xatirəsinə ucaldılmış məqbərənin açılışı idi. Həmin gün Şuşa "qar cicəyi"nə - lopa-lopa yağan qara bələnmişdi. Həmin anlarda şuşalılar öz əziz qonaqlarını, xüsusən xalqımızın böyük oğlu Heydər Əliyevin Şuşaya gəlişini səbirsizliklə gözləyirdilər. Onlar kücələrdə, yol kənarlarında, eyvanlarda dayanaraq Heydər Əliyevə sonsuz ehtiramlarını bildirirdilər... Bu, səbəbsiz deyildi. Heydər Əliyev Qarabağa, onun zirvə şəhəri Şuşaya gəlmişdi. O, əvvəlcə Cıdır düzündə Vaqifin adına ucaldılan məqbərənin qarşısındakı lenti kəsdi. Alqış sədaları altında dahi Üzeyir bəyin "Koroğlu" uvertürası əsrarəngiz Qarabağ dünyasına yayıldı. Heydər Əliyev öz dərin, parlaq çıxışının sonunda "Şuşa Azərbaycanın tarix və memarlıq abidəsidir" deyərək iştirakçılara tövsiyə etdi ki, bu ənənəni hər il davam etdirmək lazımdır.

 

Əli MAHMUD - "Qarabağa aparan yol" qəzetinin redaktoru:

- Mən o vaxt "Vaqif çeşməsi" ədəbi birliyinə rəhbərlik edirdim. Heydər Əliyev biztmlə, birlik üzvləri ilə də görüşdü və mən o görüşdə həmişə Şuşada ədəbi məclislərin fəaliyyət göstərdiyini yada salaraq ulu öndərdən xahiş etdim ki, hər il Sabir və Müşfiq poeziya günləri keçirildiyi kimi, Vaqif poeziya günləri də təşkil olunsa, yaxşı olar. O, bu təklifi çox yaxşı qarşıladı və İsmayıl Şıxlıya, Mirzə İbrahimova gənclərin bu arzusunu nəzərə almağı tapşırdı. "Mən özüm də gəlib iştirak edəcəyəm" dedi. Həqiqətən də o gün böyük bir tədbirə start verildi və o, Şuşanın işğalına qədər davam elədi.

 

Elçin ƏHMƏDOV - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru:

- Sovet dövründə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda da (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, buna görə erməni iddiaları o zaman iflasa uğramışdı. O dövrdə erməni milllətçiləri imkan düşdükcə Azərbaycan torpaqlarına əsassız iddialar irəli sürürdülər. Ancaq Heydər Əliyev Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bilirdi. Hələ DTK sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı dəfələrlə, ən qəti surətdə alınmışdı.

Ümummilli lider Heydər Əliyev sonrakı illərdə də Azərbaycanın rəhbəri kimi də bu istiqamətdə sistemli və məqsədyönlü fəaliyyət göstərirdi. 1977-ci ildə SSRİ Konstitusiyası, 1978-ci ildə isə Azərbaycan Konstitusiyası qəbul edilərkən ermənilər müxtəlif mərkəzi orqanlara müraciət edərək Dağlıq Qarabağ məsələsini yenidən qaldırmışdılar. Lakin  Heydər Əliyev o zaman Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnevlə görüşmüş və məsələni qəti həll edərək erməni millətçilərinin iddialarını puça çıxarmışdı.

Bütün bunlarla yanaşı, ümummilli lider Qarabağın dağlıq və aran hissələrinin təsərrüfat, iqtisadi cəhətdən daha sıx birləşdirilməsinə çalışırdı. Yuxarı Qarabağın Aran Qarabağla və digər rayonlarla əlaqəsini daha da möhkəmləndirmək, strateji əhəmiyyətli kommunikasiya xətlərinin sayını artırmaq məqsədilə  o illərdə Ağdam- Xankəndi dəmir yolu çəkildi və 1979-cu il yanvarın 12-də ümummilli liderin özünün iştirakı ilə istifadəyə verildi. Dəmiryol xəttinin işə düşməsi ilə muxtar vilayətin iqtisadi cəhətdən Azərbaycanın digər rayonları ilə daha sıx əlaqəsi yaradıldı. Bu, Heydər Əliyevin Dağlıq Qarabağın Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2012.- 29 iyul.- S. 2.