Milli elmi istinad
indeksi ətrafında müzakirələr
aparılmışdır
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda milli elmi informasiya resursları və istinad indeksinin formalaşdırılması mexanizmləri, problemləri, elmi-nəzəri əsasları, beynəlxalq təcrübə və bu istiqamətdə əməkdaşlar tərəfindən əldə edilmiş nailiyyətlərə həsr olunmuş elmi seminar keçirilmişdir.
Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev milli elmi informasiya resursları və istinad indeksinin formalaşdırılması mexanizmlərinin işlənməsi istiqamətində araşdırmaların aparılmasının dövrün tələbi olduğunu qeyd etmişdir. Milli istinad indeksini Azərbaycan elminin güzgüsü adlandıran alim qloballaşmanın ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliyi qoruyub saxlamaq zəruriyyətini meydana çıxardığını, Avropaya inteqrasiya prosesinin milli ideologiyaya əsaslanaraq həyata keçirilməsinin vacibliyini vurğulamışdır.
Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"da elmi-texniki infrastrukturu modernləşdirmək, elmi innovasiya siyasətinin səmərəsini artırmaq və s. kimi məsələlərin öz əksini tapdığını qeyd edən R.Əliquliyev dövlət başçısının alim və mütəxəssislərimizin qarşısında qoyduğu konkret vəzifələrdən söhbət açmışdır.
Seminarda "Azərbaycan alimlərinin nəşrlərinin vahid reyestrinin formalaşdırılması prinsiplərinin işlənməsi", "Respublikada elmi nəşrlərə qoyulan tələblər" mövzularında məruzələr dinlənilmişdir.
Tədbirdə çıxış edən alim və mütəxəssislər milli istinad indeksinin əhəmiyyətindən danışmış, gənc tədqiqatçılara tövsiyələrini bildirmiş, rəy və təkliflərini səsləndirmişlər.
AzərTAc
Azərbaycan.- 2012.- 29 iyul.- S. 2.