Ağcabədi sürətlə inkişaf edən aqrar-sənaye rayonudur

 

 Uğurla reallaşdırılan dövlət siyasəti sosial-iqtisadi inkişaf sahəsində paytaxt Bakı ilə bölgələr arasındakı fərqi sürətlə azaldır. Bu, özünü Qarabağın dilbər guşəsi olan Ağcabədi rayonunun timsalında daha qabarıq göstərir. Beş-altı il əvvəl Ağcabədidə olan hər kəs onun bugünkü siması qarşısında heyrətini gizlədə bilmir. Bu bölgədə, demək olar ki, hər şey inkişafa doğru çox dəyişib. Rayon mərkəzindəki qışda palçıqdan, yayda toz-torpaqdan keçilməz olan yollardan, qarğı hasarlardan, gecələr zülmət çökən küçələrdən, həftələrlə götürülməyən zir-zibildən, antisanitariya vəziyyətindən əsər-əlamət qalmayıb. İndi burada hansı küçəyə qədəm qoysan, al-əlvan gül-çiçəklər, yaşıl şərv ağacları, vüqarlı çinarlar üzünə güləcək, qarşılaşdığın səliqə-sahman səndə xoş ovqat yaradacaqdır.

Son illər rayon mərkəzində çoxsaylı parklar, xiyabanlar salınıb. Xalqımızın ümummilli liderinin əziz xatirəsinə sonsuz hörmət və ehtiramın ifadəsi olan Heydər Əliyev parkı özü boyda bir sənət əsəri təsiri bağışlayır. Burada daş üstə qoyulan hər daşın, görkəmi ilə seçilən hər nadir ağacın, rənginə, ətrinə görə yerləşdirilən hər gülün-çiçəyin sözlə ifadə olunmayan öz mənası, öz anlamı var.

Təbii ki, bölgə əhalisi Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi qayğısından güc alan bu inkişafı hədsiz razılıqla qarşılayır, doğma yurdun hər qarışını cənnətə döndərmək uğrunda mübarizədə ürəklərinin odunu, əllərinin hərarətini əsirgəmirlər. Dövlətin güclü əlini kürəyində hiss edən ağcabədililərin atdığı addımlar daha inamlı, daha qətiyyətli olur. Sahibkarlığın inkişafı ilə bağlı yeni istehsalemal müəssisələri yaratmaq barədə yerlərdən edilən təşəbbüslər dövlət səviyyəsində  müdafiə olunub dəstək aldıqca Ağcabədinin iqtisadi  gücü də sürətlə artır. Dövlət başçısının tövsiyəsinə uyğun olaraq rayon rəhbərliyi hər vasitə ilə çalışır əhalinin həyat şəraiti, dolanışıq səviyyəsi yaxşılaşsın. Bu aydın məqsədin, fəal vətəndaş mövqeyinin nəticəsidir ki, imkanlı və bacarıqlı adamları Ağcabədiyə dəvət olunur, onların səmərəli qurması üçün əlverişli şərait yaradılır. Nəticə isə təbii ki, uğurlu olur. İlk növbədə dövlət siyasətində prioritet olan yeni yerlərinin açılması təmin edilir. Eyni zamanda rayonun  iqtisadi potensialından, əmək ehtiyatlarından səmərəli istifadə olunur. Rayon rəhbərliyi tərəfindən bu işin elmipraktiki surətdə əsaslandırılmış şəkildə tənzimlənməsi ümumi inkişafda proporsionallığı təmin edir. Reallığa nəzər yetirək. Rayonda fəaliyyət göstərən "Atena" süd məhsulları kombinatı artıq ölkədə kifayət qədər məşhurdur. Kombinatın istehsal etdiyi müxtəlif çeşidli süd məhsulları respublika bazarında böyük rəğbət qazanmışdır. Kombinatın işə düşməsi həm də Ağcabədi kəndlisinin heyvandarlığa olan marağını birə-beş artırmışdır. Kombinatın xammalla təmin edilməsi məqsədilə Ağcabədi və ətraf rayonlarda 21 süd qəbulu məntəqəsi yaradılmışdır. Bu, bölgədə fəaliyyət göstərən fermerlərin və ailə təsərrüfatlarının qayğılarını əsaslı şəkildə yüngülləşdirmişdir. İndi fermerin, yaxud ailə təsərrüfatının istehsal etdiyi süd elə yerindəcə qəbul edilir. Artıq kəndli bazar qayğılarından, nəqliyyat xərclərindən qurtulmuşdur.

"Atena" süd kombinatının açılmasında iştirak edən respublika Prezidenti İlham Əliyev burada görülmüş işləri yüksək qiymətləndirməklə yanaşı, yeni və dəyərli tövsiyələr də verdi. Bu, kombinatı xammalla təmin etmək üçün yeni heyvandarlıq kompleksinin yaradılması ilə bağlı idi. Artıq bu istiqamətdə xeyli görülmüşdür. 40 hektar ərazini əhatə edən 3 min başlıq heyvandarlıq kompleksinin inşası müvəffəqiyyətlə davam etdirilir. Tikintisi başa çatdırılan sexlər mal-qara ilə kompleksləşdirilmişdir. Keçən ilin payızında kompleksə məhsuldar cinsli 1200 baş düyə gətirilmişdir. "Aqrolizinq" xətti ilə alınan düyələrin seçilməsində kompleksin mütəxəssisləri də iştirak etmişlər. Mal-qaranın saxlanması üçün müəssisədə, sözün həqiqi mənasında, ideal şərait yaradılmışdır. Yüksək zoobaytar xidməti əsasında qulluğun nəticəsidir ki, indiyədək 340 baş sağlam buzov alınmışdır. Kompleksdə sağılan hər inək indi orta hesabla gün ərzində 25 kiloqram süd verir. 

İnşa edilməkdə olan yeni  heyvandarlıq kompleksinin böyük perspektivləri var. Burada çalışan türk mütəxəssisi Alp Barmaksızoğlu söhbət zamanı dedi ki, kompleks 3 min baş sağmal inək üçün nəzərdə tutulur. Bu ilin payızında müəssisəyə Almaniyadan yeni heyvanlar gətiriləcəkdir. Kompleksdə 3 min baş sağılan inəyin olması üçün burada heyvanların ümumi sayı 9-9,4 min  başa çatdırılacaqdır. Mütərəqqi texnologiya ilə işləyən bu nəhəng kompleks təkcə "Atena"nı xammalla təmin etməyəcəkdir. Bura həm də məhsuldar cinsli inəklərin damazlıq təsərrüfatına çevriləcəkdir. Kompleks öz ehtiyaclarını ödəyəndən sonra respublikanın müxtəlif təsərrüfatlarına yerli şəraitə uyğunlaşdırılmış cins düyələr satacaqdır.

Erkək heyvanlar isə xüsusi şəraitdə ətlik istiqamətində bəslənib yüksək köklük səviyyəsinə çatdırıldıqdan sonra satışa çıxarılacaqdır.

Bu gün Ağcabədidə ölkədə analoqu olmayan bir heyvandarlıq kompleksi yaradılır. Burada hər şey elmin son nailiyyətlərinə əsaslanır. Bütün işlər mexanikləşdirilmişdir. Kompyuter xidməti istehsalın bütün sahələrini əhatə edir. Bu mütərəqqi texnologiyanın əsas üstünlüyü ondadır ki, tullantısız prinsipi ilə işləyir. Burada bütün heyvanların peyini bir mərkəzi hovuza yığılır. 38 min kubmetr tutuma malik bu nəhəng hovuzda toplanan peyin kompleksin əkib-becərdiyi yem bitkiləri sahələrinə veriləcəkdir. Bunun üçün indidən hazırlıq görülür. Lazım olan yem bitkilərinin əkinini reallaşdırmaq üçün torpaq sahibləri ilə sərfəli şərtlərlə müqavilələr bağlanır. Bu yeni heyvandarlıq kompleksinin tam gücü ilə işləməsi yaxın gələcəyin reallığıdır. Nəhəng aqrar-sənaye kompleksinin nəzərdə tutulan layihə gücü ilə işləməsi "Atena" süd kombinatının xammal problemini həll etməklə yanaşı, Ağcabədinin iqtisadi yüksəlişinə də əhəmiyyətli təsir göstərəcəkdir.

Bu gün Ağcabədi sürətlə inkişaf edən  bir aqrar-sənaye rayonudur. Çoxsaylı tikintilər sırasında 15 min tonluq ət kombinatının xüsusi yeri vardır. Kombinatın direktoru Azər Abbasovun dedikləri:

- 15 min ton illik istehsal gücünə malik kombinatın tikintisi başa çatmaq üzrədir. Biz belə böyük bir müəssisəni yaratmaq barədə qərar qəbul edərkən dövlətin dəstəyinə, ölkəmizdə sahibkarlığın inkişafı yolunda möhtərəm Prezident İlham Əliyevin yandırdığı yaşıl işığa arxalandıq. Smeta dəyəri 3,5 milyon manat olan kombinatın tikintisi üçün İqtisadi İnkişaf Nazirliyinin xətti ilə Sahibkarlığa Milli Kömək Fondundan güzəştli şərtlərlə 2 milyon manat kredit götürdük. Artıq işin çoxunu görmüşük. Bəzi sexlər işə düşüb. Hələlik kombinatda 30 nəfər çalışır. Onu da qeyd edim ki, kombinat tamamilə Avropa standartları səviyyəsində qurulur. İstifadə olunan bütün avadanlıqlar Almaniya istehsalıdır.

Kombinatın direktoru dedi ki, kəsim, emal, qablaşdırma sexləri tam gücüylə işləyəndə müəssisədə çalışanların sayı 75 nəfərə çatacaqdır. Kombinatda ay ərzində 50 ton ət konservi, 100 ton kolbasa, sosiska istehsalı nəzərdə tutulur. Sovet dönəmində cins mal ferması olan bu məkanda  indi müasir tipli sənaye müəssisəsi yaradılır.

Əhalisi son illərədək elektrik enerjisi, təbii qaz, içməli su, rahat yol sarıdan korluq çəkən Ağcabədinin sosial problemləri artıq çoxdan həll olunub. Bir zaman geridə qalan kənd təsərrüfatı rayonu kimi tanınan Ağcabədidə indi bir-birinin ardınca müasir tələblərə cavab verən istehsalemal müəssisələri tikilir. Bu fərəh doğuran proses indiuğurla davam etdirilir. Meyvə-tərəvəz saxlamaq üçün 5 min  tonluq soyuducu, taxıl anbarları, olimpiya idman kompleksi, möhtəşəm xəstəxana, şəhərdə və kəndlərdə məktəb tikintisi, yol çəklişi sözün həqiqi mənasında  Ağcabədini bu gün böyük inşaat meydanına çevirib. Hər yerdə adamlar həvəslə işləyir, sabahların daha işıqlı, həyatlarının daha firavan olacağına inanırlar. Bu yenilməz inam dövlətin gündən-günə artan qayğısından qaynaqlanır.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2012.- 29 iyul.- S. 3.