Quruculuq davam edir

 

 Samux rayonunda son ayların ən önəmli hadisələrindən biri budur ki, Prezident İlham Əliyevin sərəncamı ilə ayrılmış 2,5 milyon manat vəsait hesabına qısa müddət ərzində Gəncə-Sərkar-Qarayeri-Qədili avtomobil yolu çəkilmişdir. Bununla da on yeddi min əhalinin yaşadığı altı kəndin - Sərkarın, Ziyadlının, Qovlarsarının, Qarayerinin, Seyidlərin və Qədilinin yol şəraiti tamamilə yenidən qurulmuşdur.

Aybaay, ilbəil gözəlləşən bu rayonda quruculuq ənənəsi davam edir. Odur ki, respublikanın ən cavan rayonlarından biri olan Samuxun da adı indi ən qabaqcıl bölgələrlə bərabər çəkilir. Altı ayın yekunlarına həsr olunmuş müşavirədə bu barədə geniş söhbət getmişdir. Müşavirəni giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Alı Qocayev ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin ümumən ölkəmizin, eləcə də Samux rayonunun inkişafına göstərdiyi tükənməz qayğı və diqqətdən danışmışdır. Sonra altı aylığın yekunları və qarşıda duran vəzifələr barədə icra hakimiyyəti başçısının birinci müavini Tahir Qarayev məruzə etdi və ayrı-ayrı idarə və müəssisə nümayəndələrinin məlumatları dinlənildi.

Məruzədə və çıxışlarda qeyd edildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tələbləri Samux rayonunda uğurla icra olunur. Son altı ay ərzində 39,7 milyon manatlıq ümumdaxili məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Yüksəliş hər sahədə nəzərə çarpır. Xüsusən kənd təsərrüfatında artım 18 faiz olmuşdur. Gəlir, qazanc çoxaldıqca quruculuq işləri yeni miqyas alır, rayon sürətlə inkişaf edir, gözəlləşir, müasirləşir. Geniş prospektlər, abad küçələr göz işlədikcə uzanır. Bir-birindən yaraşıqlı binalar ucalır. Parklar, bağlar, fəvvarələr göz oxşayır.

Gözəlləşən Samux şəhəri Heydər Əliyev prospekti boyunca Gəncəyə doğru uzanır. Yolun hər iki tərəfində müasir görkəmli fərdi evlər və ictimai binalar ucalır. Maliyyə şöbəsinin, statistika idarəsinin, poçtamtın, baytarlıq mərkəzinin, polis şöbəsinin, ağır atletika idman kompleksinin, başqa idarə və təşkilatların, mərkəzdə  icra hakimiyyətinin müasir üslublu üçmərtəbəli binası və bir də müqəddəs Bayraq meydanı bu yerlərin simasını xeyli dəyişib.

Toplantıda ayrı-ayrı küçələrdə, yollarda, parklarda, bağlarda, habelə qəsəbə və kəndlərdə görülən işlər barədə çoxlu faktlar göstərildi. Qeyd olundu ki, indi rayonda respublika əhəmiyyətli obyektlər ucalır. Lək kəndində beş yüz kilovoltluq yardımçı stansiya tikilib. Sərkarda sənaye üsulu ilə quş əti istehsal edən fabrik istifadəyə verilib. "Universal H.A.A." meyvə emalı və saxlama anbar kompleksi Qərb bölgəsinin ən gərəkli obyektlərindən biri sayılır. Burada iyirmidən artıq soyuducu kamera işləyir. Kartof, soğan, kələm və digər meyvə-tərəvəzlə yanaşı, ət və süd məhsullarının mühafizəsi üçün hər şərait yaradılıb. Onun nəzdində mürəbbə zavodu tikilib, kənd təsərrüfatı məhsullarının pərakəndə və topdan satışı üçün "Yaşıl bazar" kompleksi istifadəyə verilib.

Son vaxtlarda yaradılmış ət və süd kombinatında, sement və sirkə sexlərində, Poylu şərab zavodunda, inşası başa çatmaqda olan mebel fabrikində yüzlərlə iş yeri açılıb.

Samux əsasən kənd təsərrüfatı rayonu, sarı buğdanın vətəni, maldarlığın məskənidir. Toplantıda bu sahədə görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışıldı. Suvarma sistemləri idarəsinin rəisi Güloğlan Bağırov dedi ki, aqrar sahədə fasilələr olmur, gərək il boyu səylə çalışasan. Təkcə son bir neçə ay ərzində 195 ədəd nasos, 29 ədəd elektrik avadanlığı, 12 quyuda güc transformatorları sazlanmışdır. Su itkisinin qarşısının alınması üçün kanallarda lildən və kol-kosdan təmizləmə, habelə sahilbərkitmə işləri görülmüş, 19 hidrotexniki qurğu, 8 hidrotexniki məntəqə, 640 metr boru təmir edilmişdir. Qarabağlı, Salahlı, Qarasaqqal, Allahdad, Xanarx, Dərin-arx və Direnaj kanallarında təmir işləri vaxtından əvvəl  başa çatdırılmışdır. Burunqovaq kəndinin sel-sudan qorunması üçün mühafizə kanalları çəkilmiş, Qabırrı çayında bənd vurulmuşdur. Qırmızı Samux qəsəbəsində və Lüksemburq kəndində əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması üçün "Meliorasiya və su təsərrüfatı" ASC-nin köməyi ilə Yenikənddə 315 kilovat gücündə nasos stansiyası qurulmuşdur.

Rayonda təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin görkəmi tədricən dəyişir, müasirləşir. Təkcə cari ildə 6 yeni məktəb binasının inşasına başlanılmışdır. 2 nömrəli  şəhər, habelə Poylu, Salahlı və Seyidlər, Lək, Qiyaslı kənd orta məktəbi üçün isə müasir görkəmli binalar tikilir.

İstixana kəndi ərazisində üç hektar sahədə meyvə-tərəvəz kombinatının tikintisinə başlanılmışdır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri Üzrə Dövlət Agentliyi tərəfindən Samux rayonunda saf ərzaq və kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, istehsalı və emalı sahəsində "Aqroenerjikompleksi"nin yaradılması qərara alınmışdır. Burada alternativ enerji istehsalı üzrə elektrik stansiyasının, istixananın, balıq yetişdirilməsi hovuzunun, heyvandarlıq kompleksinin inşası nəzərdə tutulur. Ümumi dəyəri 94 milyon manat olan kompleksdə azı min nəfər daimi işlə təmin ediləcəkdir.

Toplantıda, həmçinin bildirildi ki, Samuxda sosial problemlər də həmişə icra orqanlarının diqqət mərkəzindədir. İndi rayonun ən ucqar qəsəbə və kəndlərində də elektrik enerjisi və təbii qaz sarıdan elə bir nigaranlıq yoxdur. Əsas diqqət isə ayrı-ayrı yerlərdə nəzərə çarpan qüsurlara cəlb edildi və onların aradan qaldırılması yolları göstərildi.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 29 iyul.- S. 3.