Bir-birindən gözəl konsertlər böyük tamaşaçı marağına səbəb olmuşdur

 

Qəbələ IV Beynəlxalq Musiqi Festivalının bir-birindən gözəl konsertləri ilk gündən böyük tamaşaçı marağına səbəb olmuşdur. Bakı, Sumqayıt, Gəncə, Yevlax, Göyçay, Ağdaş, Qax, Şəki, İsmayıllı və digər şəhər və rayonlardan, eləcə də xarici ölkələrdən yüzlərlə qonaq Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini tanınmış musiqiçilərin ifasında canlı olaraq dinləmək üçün Qəbələyə təşrif buyurur.

Bakı şəhərinin sakini, beynəlxalq musiqi festivalının daimi tamaşaçısı Elxan Rzayev AzərTAc-a müsahibəsində gözəl təbiət qoynunda mənalı istirahət etmək və möhtəşəm musiqi bayramına qatılmaq üçün ikinci ildir Qəbələyə gəldiyini bildirmişdir. O, Bülbül adına orta ixtisas  musiqi məktəbində təhsil alan iki azyaşlı övladı ilə birlikdə festivalın gedişini heyranlıqla izləyir.

Elxan Rzayev demişdir: "İstəyirəm ki, uşaqlar həm yerli, həm də xarici ölkə  musiqiçilərinin ifalarını canlı dinləsinlər. Uşaqların gələcəkdə yaxşı musiqiçi kimi yetişməsində bu kimi festivalların çox böyük rolu vardır. Ümid edirəm ki, mən və digər valideynlər maarifçilik məqsədilə keçirilən bu festivalın yaxın gələcəkdə müsbət nəticəsini görəcəyik. Uşaqların klassik musiqiyə, muğama olan marağı, sevgisi bundan sonra daha da artacaqdır".

E.Rzayev bu festivalın bir müsbət cəhətinin də olduğunu bildirmişdir. Onun sözlərinə görə, belə tanınmış musiqiçiləri bir yerə toplamaq çox çətin olur. Adətən, televiziyada gördüyümüz, radiolarda, disklərdə ifalarına qulaq asdığımız korifey sənətkarların indi qarşımızda çıxışı bizi heyrətləndirir. Biz xoşbəxtik ki, belə gözəl təbiət qoynunda təmənnasız olaraq məşhur ifaçıların vasitəsilə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini dinləyirik.

E.Rzayev ailə üzvləri adından musiqisevərlərə bu gözəl şəraiti yaradan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 29 iyul.- S. 4.