Bakıda Böhrana cavab: Beynəlxalq icmaların yanaşmaları, imkanları və resursları mövzusunda beynəlxalq konfrans keçirilir

 

 İyulun 2-də Bakıda NATO-Azərbaycan Beynəlxalq Məktəbinin (NİSA) təşkilatçılığı ilə "Böhrana cavab: Beynəlxalq icmaların yanaşmaları, imkanları və resursları" mövzusunda beynəlxalq konfrans öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, iyulun 7-dək davam edəcək konfransda yerli mütəxəssislərlə yanaşı, NATO-nun üzvü olan və tərəfdaş ölkələrin nümayəndələri, o cümlədən diplomatlar, ekspertlər iştirak edirlər.

Konfransın əhəmiyyətindən danışan NİSA-nın icraçı direktoru Tamerlan Məmmədov bildirmişdir ki, tədbirdə dünyada baş verən maliyyə, iqtisadi və digər böhranlar müzakirə olunacaq, beynəlxalq icmaların bu məsələlərə yanaşmalarından danışılacaqdır. Konfransda, həmçinin təbii fəlakətlər və ətraf mühitin mühafizəsi ilə bağlı məsələlər də müzakirə olunacaqdır.

Azərbaycanın Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Məsələləri İdarəsinin rəis müavini Qaya Məmmədov dünyanın müxtəlif bölgələrində baş verən iqtisadi və maliyyə böhranlarından danışmışdır. Orta Şərq ölkələrində mövcud böhranların Azərbaycanın iqtisadi inkişafına təsirinin olduğunu diqqətə çatdıran Q.Məmmədov vurğulamışdır ki, böhranın idarə olunması Şimali Atlantika Alyansı üçün əsas məsələlərdən biridir.

Rumıniyanın ölkəmizdəki səfiri Daniel Kristian Çiobanu dünyada baş verən maliyyə və iqtisadi böhranların aradan qaldırılmasının beynəlxalq aləmdə təhlükəsizliyin və sabitliyin formalaşması üçün əhəmiyyətli olduğunu qeyd etmişdir. Bildirmişdir ki, bu böhranlar beynəlxalq ictimaiyyətə birbaşa təsir edir.

 NATO-Azərbaycan əlaqələrindən danışan diplomat Alyansın ölkəmiz ilə əməkdaşlığa böyük önəm verdiyini demişdir. Səfir Azərbaycanın NATO yüklərinin Əfqanıstana daşınmasında və bu ölkədəki sülhməramlı kontingentin tərkibində iştirakında mühüm rol oynadığını diqqətə çatdırmışdır.

Konfrans çərçivəsində "Nüvə energetikası və təhlükəsizlik", "Regional böhranlarregional təşkilatlar", "İqtisadisosial inkişaf", "Ətraf mühit problemləri" və digər mövzulara dair fikir mübadiləsi aparılacaqdır.

 

 

Azərbaycan.- 2012.- 3 iyul.- S. 7.