Murad Adıgözəlzadə: Çoxsaylı xarici ölkə musiqiçilərinin iştirak etdiyi festival beynəlxalq nüfuzunu ildən-ilə artırır

 

Qəbələ festivalı çərçivəsində keçirilən konsertlərin hər birinin özünəməxsus gözəlliyi vardır. Hər bir konsert digərlərindən fərqlənir.

AzərTAc xəbər verir ki, bu sözləri Qəbələ IV Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, xalq artisti Murad Adıgözəlzadə jurnalistlərə müsahibəsində demişdir.

 Festivalın Heydər Əliyev Fondu tərəfindən çox yüksək səviyyədə təşkil olunduğunu deyən Murad Adıgözəlzadə, avqustun 5-dək davam edəcək bu böyük incəsənət bayramında dünya şöhrətli musiqiçilərin çıxışlarının xoş anlar bəxş etdiyini bildirmişdir.

Murad Adıgözəlzadə builki festivalın proqramının çox zəngin olduğunu, gündə iki dəfə verilən konsertlərdə fərqli musiqi əsərlərinin səsləndirildiyini bildirmişdir. Qeyd etmişdir ki, iştirakçılar və qonaqlar arasında məşhur kollektivlər, müasir ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli ustad sənətkarlar vardır. Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri, məşhur musiqiçilərlə yaxından tanış edir. O, festivalın proqramına uyğun olaraq qarşıdakı günlərdə gənc xanəndələrin iştirakı ilə muğam axşamının, görkəmli dirijor, SSRİ xalq artisti Niyazinin 100 illik yubileyi münasibətilə London Royal Filarmonik Orkestrinin konsertinin, fortepiano və kamera  musiqisi axşamlarının, Rusiyanın "Moskva solistləri" orkestrinin və Sloveniyanın "Tartini kvarteti"nin konsertlərinin təqdim ediləcəyini diqqətə çatdırmışdır.

M.Adıgözəlzadə qeyd etmişdir ki, proqramdan da göründüyü kimi, builki festivalda iştirak edən xarici ölkə musiqiçilərinin çoxluğunu nəzərə alaraq bu festivalın artıq gözəl bir ənənəyə çevrilərək öz beynəlxalq nüfuzunu ildən-ilə artırdığı, xalqlar arasında mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı  etimadın möhkəmləndirilməsi işinə xidmət etməsi qənaətinə gəlmək olar.

 

 

Azərbaycan.- 2012.- 29 iyul.- S. 4.