Adaşlar
Məhərrəm - ərəb qəməri təqviminin birinci ayının adıdır. İmamlarımız bu ayda qətlə yetirildiyi üçün hər ilin məhərrəmində yas tutublar. Müsəlman aləmində bu mərasimə "məhərrəmlik" deyilir. Bu ayda doğulan oğlan uşaqlarına da Məhərrəm adı vermək adət halını almışdı. Nəinki bir kənddə, bir nəsildə, hətta eyni ailədə doğulan uşaqlar da bu mənada adaş ola bilirdilər.
Amma onlar nəinki qardaş, heç qohum da deyildilər. Bir şəhərdə - Şuşada doğulmuşdular. Hər ikisi də Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. İxtisasca filoloq olublar. Azərbaycanın müxtəlif bölgələrində müəllim işləyiblər. Sonralar ədəbi mühit onları Bakıya bağlayıb. Biri Azərbaycan ədəbiyyatı tarixinin tədqiqi ilə məşğul olub, nəsr əsərləri yazıb. O biri də Azərbaycan ədəbiyyatına maraqlı dram əsərləri bağışlayıb. Adları da, soyadları da eynidir: Məhərrəm Əlizadələr!
Yarıda qırılan ömür
1909-cu ildə Şuşa şəhərinin Dəmirçilər məhəlləsində anadan olub. Atası Fərəc kişi xırdavatçı idi. İbtidai təhsilini Şuşa şəhərindəki birinci dərəcəli məktəbdə alan Məhərrəm Əlizadə sonralar pedaqoji məktəbdə oxuyub. Bir müddət Ağdam rayonunun kəndlərində, Şuşada müəllimlik edib. Ali təhsil almaq arzusu ilə paytaxta gəlib. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olub. Təhsilini pedaqoji fəaliyyətdən ayrılmadan başa vurub. Ali məktəbi birinci dərəcəli diplomla bitirdiyindən onu institutun aspiranturasında saxlayıblar. Bu təhsil ocağında Azərbaycan ədəbiyyatı tarixindən mühazirələr oxuyub. Eyni zamanda, incəsənət işləri idarəsində də çalışıb. Sonralar bioqrafiyasına Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatının adı yazılıb.
Bədii yaradıcılığa ötən əsrin
30-cu illərində başlayan Məhərrəm Əlizadənin mətbuatda kiçik hekayələri dərc edilirdi. Həm Azərbaycan, həm də rus dillərində qələmə alınan nəsr əsərlərində müasirlərinin həyatı,
yeni quruluşun vəsfi, gənclərin arzu və istəkləri tərənnüm olunurdu.
"Dostlar" adlı ilk hekayələr kitabı
işıq üzü
görəndə Məhərrəm Əlizadənin
25-26 yaşı
var idi. İkinci kitabı
"Qonaq"
çap ediləndə (1941) müəllif özü İkinci Dünya müharibəsinin soyuq səngərlərində faşistlərə qarşı vuruşurdu. Əslində, bu kitabın üzünü
o, heç görmədi də. Qələmi silahla əvəz edən şuşalı gəncin sorağı müxtəlif döyüş
meydanlarından gəlirdi.
Amma o, şücaətini, hünərini
uzun müddət davam etdirə bilmədi. 1942-ci ildə Krasnodar ətrafında
gedən ağır döyüşlərdə qəhrəmancasına
həlak oldu. Şuşada
yaşadığı evə
Xatirə lövhəsi
də vurulmuşdu.
Uzun illərdən
sonra, yəni 1962-ci ildə "Sevinc və kədər" adlı kitabı çap edildi. O zaman tənqidçi Məsud Əlioğlu müəllifin
ölümündən çox
sonra oxuculara çatdırılan bu yeni toplu haqqında
ürək sözlərini
"Azərbaycan" jurnalında
dərc etdirdi: "Qarşımızda həcmcə
çox da böyük olmayan bir kitab var. Onun müəllifi 1930-cu ildə ədəbiyyata gəlmiş və uzun müddət ali məktəblərdə
müəllimlik etmiş
Məhərrəm Əlizadədir.
İndiki oxucuların bir
çoxu üçün
bu ad, bəlkə də, unudulmuşdur.
Müharibədən əvvəlki illərin
şahidi olanların isə yaxşı xatirindədir ki, bir vaxt gənclərin
sevə-sevə mütaliə
etdiyi yazıçı
olub Məhərrəm
Əlizadə".
Deyirlər ki, zaman bədii
sənətin təsir
gücünü və
bununla əlaqədar olaraq hisslərin möhkəmliyini, davamlığını,
düzgünlüyünü sınaqdan keçirən
ən yaxşı meyardır. Bəzən də yazıldığı
dövr üçün
dəyərli, müəyyən
tələblərə cavab
verən əsərlərin
bir çoxu zamanın çətin imtahanına davam gətirə bilmir, həyatın hökmü
və məntiqi qarşısında məğlub
olur. Belə əsərlər az bir müddət
içərisində köhnəlir,
ədəbi qiymətini,
emosional təsirini itirir, yaddan çıxır. Məhərrəm Əlizadənin ötən
yüzilliyin əvvəlində
yazdığı hekayələri
XXI əsrdə oxuyanda
bir daha inandıq ki, həyatın sınaqlarına
yalnız o yaradıcılıq
məhsulu davam gətirə bilir ki, həmin əsərlərdə sənətkarlıq
üçün zəruri
sayılan "iki mühüm keyfiyyət - fikir və hiss köhnəlməmiş olsun"
(M.Əlioğlu). Elə bu
mənada da Məhərrəm Əlizadədən
bizə yadigar qalan əsərlərində
təbliğ olunan fikirlər, təsvir edilən insan duyğu və arzuları bu gün üçün də yenidir, təravətlidir, aktualdır.
Təmiz
əxlaqın təbliği
həmişə müasirdir.
Bu, bütün dövrlərdə insanın
ən yüksək mənəvi keyfiyyəti sayılır. Məhərrəm
Əlizadənin də
qəhrəmanları bax
belə mənəvi dəyərləri ilə
örnək ola
bilən müsbət
obrazlardır. İnsanın nurlu əməllərinin təbliği, mənəvi
paklığa ləkə
gətirənlərin tənqidi
Məhərrəm Əlizadə
hekayələrinin sarı
simi idi. Çox təəssüf ki, biz belə yazıçıları
bəzən ya qəsdən, ya da bilməyərəkdən
unuduruq. Halbuki sözün
urvatdan düşdüyü
bir zamanda sözü ucalıqda saxlamağı bacaran nasiri müntəzəm çap edərək gənc nəslə tanıtmaq gərəkdir.
Güldürən, düşündürən dramaturq
Onun komediyaları ötən
əsrin ortalarından
başlayaraq Azərbaycan
teatrının repertuarında
əsas yer tuturdu. Həm ədəbiyyatın inkişafında, həm də teatr sənəti
sahəsində xidmətlərinə
görə dəfələrlə
dövlət tərəfindən
təltif edilmişdir.
O,
1913-cü ilin martında
Şuşa şəhərində doğulmuşdu.
İbtidai təhsilini bu
dağlar diyarında aldıqdan sonra 1930-cu ildə Bakıda ikiillik Hüquq İnstitutunu bitirib. Azərbaycan
Ali Məhkəməsində katib müavini, sonralar Masallı və Ağcabədi rayonlarında kənd müəllimi işləyib.
Təhsilini davam etdirmək
niyyəti ilə yenidən Bakıya qayıdaraq Azərbaycan Dövlət Universitetinə
daxil olub. Eyni zamanda Bakı Teatr Texnikumunda dərs hissə müdiri, İncəsənət
İşləri İdarəsində
təlimatçı vəzifələrində
çalışıb. İkinci Dünya müharibəsi başlayanda könüllü
olaraq cəbhəyə
gedib. Müharibədən sonrakı illərdə
"Azərbaycanfilm"də kinoxronika şöbəsinin
rəisi, ssenari şöbəsinin baş
redaktoru, 1946-cı ildən
"Kommunist" qəzetində
ədəbi işçi
və "Bilik" cəmiyyətində təlimatçı
işləyib. Maraqlıdır ki, 1949-cu ilin dekabrında Məhərrəm
Əlizadə yenidən
orduya çağırılıb.
1954-cü ildə vətənə qayıtdıqdan
sonra "Kirpi" jurnalında əmək fəaliyyətinə başlayıb.
Ədəbiyyata "İftira" (1937) komediyası ilə gələn Məhərrəm
Əlizadənin "Toy kimindir?",
"Qızılgül", "Gözün aydın",
"Nazxanım naz eyləyir", "Rəisin
arvadı", "Altı
qızın biri Pəri", "Səndən
mənə yar olmaz", "Şeyx Rəhmətulla", "İki
könül bir olsa", "Dağ çiçəyi", "Qığılcım",
"Qonşumuzda bir oğlan var" və s. komediyaları teatr repertuarına daxil edilmiş, təkcə Azərbaycanda
deyil, başqa ölkələrdə də
tamaşaya qoyulmuşdur.
Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə
tərcümə edilmişdir.
Müəllifin "Papiros qutusu"
əsəri 1955-ci ildə
respublikada keçirilən
müsabiqədə mükafata
layiq görülmüşdür.
Ədibin 300-dən artıq hekayə, povest və novellaları dövri mətbuatda dərc edilmişdir.
Azərbaycan radio və televiziyasında
əsərləri səslənmişdir.
On kitabı işıq
üzü görmüşdür.
Müəllifin əsərləri 50 ildən artıq Musiqili Komediya Teatrının səhnəsində
oynanımışdır. Onun əsərləri əsasında hazırlanan
tamaşalarda mədəniyyətimizin
çox görkəmli
nümayəndələri - Lütfəli Abdullayev, Bəşir Səfəroğlu,
Ağahüseyn Cavadov,
Nəsibə Zeynalova,
Hacıbaba Bağırov,
Siyavuş Aslan kimi gülüş ustaları çıxış
etmişlər.
Tənqidçi Qulu Xəlilov yazırdı: "Məhərrəm
Cəlal oğlu Əlizadə yarım əsrə yaxındır
ki, satirik qələmi ilə əyrilərin, oğruların,
tənbəllərin, yaltaqların,
hər cür tüfeyli həyat sürənlərin və
mövqeyindən sui-istifadə
edənlərin saxta, rəzil simalarını açaraq oxucu və tamaşaçılar
qarşısında nümayiş
etdirir".
...Onlar Şuşada doğuldular. Böyük arzularla ədəbiyyata
gəldilər, yazdılar,
yaratdılar. Adları da,
soyadları da, sənət yolları da eyni idi. Birinin ömrü çox
yarıda - döyüş
meydanında qırıldı.
Digəri isə 70 yaşında
dünyasını dəyişdi.
Hər ikisinin də ruhu doğma
Şuşadan nigarandı!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 29 iyul.- S. 6.