Baku Cup-2012 Beynəlxalq turnirinin qalibləri müəyyənləşmişdir

 

İyulun 28-də Bakı Tennis Akademiyasında keçirilən "Baku Cup-2012" beynəlxalq turnirinə yekun vurulmuşdur.

AzərTAc xəbər verir ki, turnirdə şəxsi yarışların həlledici qarşılaşması Serbiya tennisçisi Boyana Yovanovski və ABŞ idmançısı Culiya Kohen arasında olmuşdur. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda hər iki setdə, müvafiq olaraq 6:3 və 6:1 hesabı ilə qalib gələn Boyana Yovanovski "Baku Cup-2012" beynəlxalq turnirinin qalibi olmuşdur - 2:0.

Qoşa yarışların final mərhələsində isə Eva Birnerova (Çexiya) - Alberta Briyanti (İtaliya) cütlüyü İrina Buryaçok (Ukrayna) - Valeriya Solovyeva (Rusiya) dueti ilə qarşılaşmışdır. İnamlı oyun nümayiş etdirən İ.Buryaçok (Ukrayna) - V.Solovyeva (Rusiya) cütlüyü rəqibini 2:0 (6:3, 6:2) hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

Turnirin bağlanış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, "Paşa Bank"ın idarə heyətinin üzvü Emil Hacıyev və "Baku Cup-2012" turnirinin direktoru, Gürcüstan Tennis Federasiyasının prezidenti, tanınmış tennisçi Leyla Mesxi çıxış etmişlər.

Natiqlər Azərbaycanda idmanın inkişafından, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan, beynəlxalq turnirin Bakıda keçirilməsinin əhəmiyyətindən bəhs etmiş, turnirin qaliblərinə uğurlar arzulamışlar. Sonda qaliblər mükafatlandırılmışdır.

Qeyd edək ki, çempionluğa görə, B.Yovanovski 280 reytinq xalı və 37 min ABŞ dolları, C.Kohen 200 reytinq xalı ilə yanaşı 19 min ABŞ dolları əldə etmişlər. Karyeraları ərzində ilk dəfə çempionluq qazanan İ.Buryaçok - V.Solovyeva cütlüyü 280 reytinq xalı ilə yanaşı 11 min ABŞ dolları qazanmışlar. Finalda məğlub olan E.Birnerova - A.Briyanti cütlüyü isə 200 reytinq xalı ilə birlikdə 5 min 750 ABŞ dolları əldə etmişlər. 

 

 

Azərbaycan.- 2012.- 29 iyul.- S. 6.