Today`s Zaman qəzeti: Dağlıq Qarabağda keçirilmiş qondarma prezident seçkiləri danışıqlar prosesinə zərbədir

 

Türkiyənin nüfuzlu "Today's Zaman" qəzetində "Dağlıq Qarabağda qondarma "prezident seçkiləri" danışıqlar prosesinə zərbədir" sərlövhəli məqalə dərc edilmişdir.

Məqalədə qeyd olunur ki, dünya ictimaiyyəti Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni pisləmiş və qeyri-legitim elan etmişdir.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov "Sunday's Zaman"a müsahibəsində bildirmişdir ki, bu "seçkilər" münaqişə tərəfləri arasında danışıqlar prosesinə zərbədir. Bu cür saxta seçkilər beynəlxalq hüququn normalarına və prinsiplərinə ziddir və bölgədəki vəziyyəti daha da gərginləşdirir. Digər tərəfdən, bu addım Dağlıq Qarabağın iki icması arasında ziddiyyətləri daha da dərinləşdirmişdir. Bundan başqa, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı təcavüzkar mövqeyi bir daha göstərmişdir ki, Türkiyə-Ermənistan sərhədlərinin bağlanması düzgün addımdır və bu, davam etməlidir.

Azərbaycan torpaqlarının işğalı haqqında məlumat verən məqalənin müəllifi vurğulayır ki, beynəlxalq aləmdə Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınmışdır. Təəssüf ki, işğala son qoyulması və münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməmişdir.

Qəzetə müsahibə verən türkiyəli siyasi şərhçinin sözlərinə görə, qondarma "prezident seçkiləri" elə bir əhəmiyyət daşımır. Zaman-zaman sərhəddə atəşkəsin pozulması münaqişənin "dondurulmasının" təhlükəli olduğunu da göstərir.   

Qondarma "prezident seçkiləri"ndən əvvəl bütün ölkələr, o cümlədən Türkiyə, habelə beynəlxalq təşkilatlar  - Avropa İttifaqı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş və qanunsuz "seçkiləri" pisləmişlər.

Ermənistan rəsmilərinin Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatına verdiyi sərt reaksiya və Kipr problemini ortaya atmaları isterik və absurd sayılmalıdır. Bu, onu göstərir ki, Yerevan hələ də qeyri-konstruktiv mövqeyindən əl çəkmək istəmir və regionda gərginliyi artırmaq niyyətindədir.

 

 

Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 31 iyul.- S. 2.