15 il öncə
Azərbaycan Olimpiya Hərəkatında İlham Əliyev
missiyası başladı
Hazırda Azərbaycan Milli Olimpiya
Komitəsinin istər ölkə daxilində, istərsə də
beynəlxalq miqyasda nüfuzu çox böyükdür. Azərbaycan
Milli Olimpiya Komitəsinin adı beynəlxalq Olimpiya ailəsində
hörmətlə çəkilir, onun işi nümunə
göstərilir, ölkəmiz dünyanın idman mərkəzlərindən
birinə çevrilmişdir. Bu, bir tərəfdən,
Olimpiya Komitəsinin ardıcıl, məqsədyönlü
işindən irəli gəlirsə, digər tərəfdən,
dövlətimizin Olimpiya Hərəkatına, idmana diqqət və
qayğısının, idmançılarımızın
beynəlxalq miqyasda uğurlarının nəticəsidir.
İlham ƏLİYEV
Müasir Olimpiya Oyunlarının başlandığı ilk dövrlərdə, daha dəqiq desək, ötən əsrin əvvəllərində Azərbaycan paytaxtı, dünyanın ən böyük neft şəhərlərindən biri olan Bakıda da idman sürətlə inkişaf edirdi. Şəhərdə güləş, yüngül atletika, futbol, su idmanı növləri, gimnastika ilə məşğul olan xeyli klublar yaranmışdı. O dövrdə Azərbaycan Rusiyanın tərkibində idi və onun idmançılarının Olimpiadalarda iştirakı bilavasitə Rusiyadan asılı idi. 1912-ci ildə keçirilmiş Olimpiya Oyunlarına Rusiya da qatılmışdı. Həmin oyunlarda Rusiya komandasının tərkibində 178 idmançı vardı. Bu atletlər arasında Azərbaycan idmançısının olub-olmaması dəqiq deyil.
1916-cı ilin Olimpiya Oyunlarının keçirilməsinə dünya müharibəsi mane oldu.
1918-ci ildə Azərbaycan müstəqillik qazansa da, onu qoruyub saxlamaq mümkün olmadı. 1920-ci ildə bolşevik işğalından sonra Azərbaycanda sovet hakimiyyəti quruldu. Ölkə SSRİ-nin tərkibinə daxil edildi. Amma sovet idmançıları Olimpiya Oyunlarına 1952-ci ildən qatıldılar. Həmin dövrdən başlayaraq 1988-ci ilə qədər Azərbaycan idmançıları da SSRİ yığma komandasının tərkibində Olimpiya Oyunlarında iştirak etmişlər. Azərbaycan idmançıları SSRİ yığma komandasının tərkibində Olimpiya Oyunlarının doqquzunda 46 idmançı ilə çıxış edərək 10 qızıl, 11 gümüş və 7 bürünc medal qazandılar.
Azərbaycan idmançılarının 1992-ci ildə Barselonada keçirilən XXV Yay Olimpiya Oyunlarında çıxışı isə ölkəmizin Olimpiya hərəkatında iştirakının ikinci dövrü hesab olunur. Həmin il Olimpiya Oyunları ərəfəsində dünyanın siyasi xəritəsi dəyişdi. 1991-ci ilin sonunda SSRİ dağıldı və tərkibinə daxil olan respublikalar müstəqillik qazandılar. Keçmiş sovet respublikalarının idmançıları Müstəqil Dövlətlər Birliyinin komandası adı altında çıxış etsələr də, qələbə zamanı məhz müstəqilliyə yenicə qovuşmuş dövlətlərin öz bayraqları qaldırıldı. Beləliklə, 1992-ci il Yay Olimpiya Oyunlarında ilk dəfə olaraq Azərbaycanın üçrəngli bayrağı dalğalandı.
Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin düşdüyü böhranlı vəziyyət idmanı da tənəzzülə uğratmışdı. İdmanın xilası və inkişaf etdirilməsi üçün ilk növbədə dövlətin idmana münasibətində dəyişklik yaranmalı idi. Belə dəyişiklik 1993-cü ilin ikinci yarısında xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasını öz üzərinə götürməsindən sonra başlandı. Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra idmana münasibət kökündən dəyişdi. Azərbaycan xaos və anarxiya girdabından çıxdığı zaman idmanın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.
Ulu öndər Heydər Əliyev Azərbaycanda Olimpiya Hərəkatının genişlənməsinin də təşəbbüskarı və ilhamçısı oldu. Beləliklə, ölkəmizin Olimpiya Oyunlarında iştirakının üçüncü dövrü başladı. 1994-cü ilin aprelində ulu öndər Heydər Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançı, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rananı, Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqqu qəbul etdi. Qəbulda Azərbaycanda Olimpiya Hərəkatının vəziyyəti və onun inkişaf perspektivləri haqqında geniş fikir mübadiləsi aparıldı. Bu görüşdən üç ay sonra Prezidentin fərmanı ilə Azərbaycan Gənclər və İdman Nazirliyi yaradıldı.
Olimpiya Hərəkatında, Olimpiya Oyunlarında Azərbaycanın layiqincə təmsil olunması üçün ölkə başçısı 26 fevral 1995-ci ildə "1996-cı ildə Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində keçiriləcək XXVI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında" sərəncam verdi. Sərəncama əsasən yığma komandalarımızın Azərbaycan Respublikasının ilk dəfə müstəqil dövlət kimi təmsil olunacağı XXVI Yay Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlığını və yarışlarda iştirakını təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradıldı.
Məhz Heydər Əliyevin sayəsində tezliklə Azərbaycanda idmanın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edildi. İdmançılarımız ən mötəbər yarışlardan vətənə qızıl medallarla qayıtmağa başladılar. Qısa zaman kəsiyində Azərbaycan idmançılarının qazandığı qızıl medalların sayı 70 illik sovet dövründə qazandığımız qızıl medalların sayını ötüb keçdi.
Qeyd etdiyimiz kimi, Azərbaycan idmançılarının müstəqillik illərində Olimpiya Oyunlarında çıxışları 1992-ci ildən başlasa da, ilk dəfə 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilən Olimpiya Oyunlarında iştirak etdi. Həmin il Atlantada Olimpiadaya 23 nəfər idmançı ilə qatılan Azərbaycanın 197 ölkə arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq Olimpiya Hərəkatında ilkin nailiyyəti idi. Atlanta Oyunlarında idmançılarımız ilk dəfə olaraq müstəqil dövlətimizin bayrağı altında çıxış etdilər. Olimpiya Oyunlarının açılış mərasimində ilk dəfə Azərbaycanın adı səsləndi. Bu oyunlarda idmançılarımızın əldə edəcəkləri nailiyyətlər isə bu dəfə birbaşa Azərbaycanın adına yazıldı.
1997-ci il: Olimpiya Hərəkatında
başlanan yeni mərhələ
Bu gün dünyada gedən qlobal inteqrasiya proseslərinin sürətləndirilməsindəki əhəmiyyəti, irqindən, dinindən asılı olmayaraq, müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli oyun prinsipləri əsasında idman mübarizəsinə qoşulmasını təmin etməsi ilə seçilən Olimpiya Oyunları beynəlxalq həyatın ən möhtəşəm və mötəbər bir tədbiridir. Bu tədbirdən heç bir dövlət kənarda qalmamağa, Olimpiya Oyunlarında layiqincə təmsil olunmağa çalışır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Olimpiya Oyunlarında göstərilən nəticə yalnız dövlətin idman həyatının deyil, onun iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir. Olimpiya Oyunlarında qazanılan yüksək nəticələr beynəlxalq miqyasda ölkənin imicini qaldırmaqla yanaşı, onun imkanlarını nümayiş etdirir.
1992-1997-ci illər arasında Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətində qeyd olunmalı işlər Avropa Yeniyetmələrinin Olimpiya Günlərində iştirakını, Bakıda Beynəlxalq Qaçış Günlərinin keçirilməsini əhatə edir. Bu dövr üçün qeyd olunmalı ən mühüm hadisə isə 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılmasıdır.
Bütün bunlara rəğmən Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinin birinci beşilliyində görülmüş işlər qənaətbəxş sayıla bilməzdi. Çünki MOK-un fəaliyyəti lazımi səviyyədə qurulmamışdı. Qeyd etdiyimiz kimi, 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmışdı və dövlətin idman siyasəti bəlli idi. Həmin dövrdə Milli Olimpiya Komitəsi qarşısında dayanan ümdə vəzifələrin həyata keçirilməsi üçün özünü kənarda qoymamalı, aparıcı rol oynamalı idi. Təəssüf ki, MOK belə bir mövqe tuta bilmədi, ölkənin idman həyatına müsbət təsir edəcək işləri, demək olar ki, görmədi. İdmanın inkişafı ilə bağlı əsas yük dövlət strukturlarının üzərinə düşürdü. Qeyd olunduğu kimi, Atlanta Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı. Olimpiya Oyunlarına hazırlıq və respublikanın təmsil olunması istiqamətində işlərin həyata keçirilməsinə yalnız dövlət strukturları cəlb olundu. Bütövlükdə, MOK-un fəaliyyətinin ilk beşilliyi dövründə ölkəmizdə Olimpiya Hərəkatı öz axarına buraxılmışdı. İşlərin bu şəkildə getməsi isə ölkə rəhbərliyini, ölkə idman ictimaiyyətini təmin etmirdi. İşdə əsaslı dönüş yaratmaq tələb olunurdu. Dünyaya səs salmaq üçün Olimpiya Oyunlarında daha yüksək uğurlar qazanmaq gərək idi. Bu isə ölkədə Olimpiya Hərəkatının, idmanın sürətlə inkişaf etdirilməsini tələb edirdi.
Atlantada qazanılmış bir gümüş medal o dövrdə ölkəmiz üçün uğurlu nəticə olsa da, Azərbaycanı güclü idman ölkəsi kimi tanıtdırmağa yetərli deyildi. Elə Azərbaycan idmansevərləri və idmançıları da Olimpiya Oyunlarında təkcə iştirak etməklə qane olmaq istəmirdilər. Hamı başa düşürdü ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmasında MOK daha çox işlər görə bilər və görməlidir. Ona görə də Azərbaycanda idman və Olimpiya Hərəkatı sahəsində MOK-un fəaliyyətində əsaslı dönüş yaratmaq tələb olunurdu.
MOK-un 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisində bütün bu məsələlər ciddi müzakirə olundu. Məlum oldu ki, istedadlı idmançılarımız, məşqçi və mütəxəssislərimizin bir qismi ölkədən getmişdir, idmançıların məşq və yarışlarda iştirakı, onların sosial vəziyyəti acınacaqlı haldadır. O da məlum oldu ki, MOK-un nəinki beynəlxalq idman qurumları ilə, hətta ölkənin idman təşkilatları ilə əlaqələri yoxdur.
Belə bir vəziyyətlə barışmayan Baş Məclis MOK-un İcraiyyə Komitəsinin yeni tərkibini seçdi. Yekdil səsvermə nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev MOK-un prezidenti seçildi.
Elə ilk günlər göstərdi ki, bu seçimdə MOK səhv etməyib. MOK-un və idmanımızın bu məsələdə daha çox qazandığı tezliklə aydın oldu. Gözlənildiyi kimi, yeni prezident fəaliyyətə coşğun enerji və işə bələdliklə, mövcud durumu maksimum düzgün qiymətləndirməklə, idmanımızı dirçəltməyin yol və vasitələrini dəqiq müəyyənləşdirib dərhal hərəkətə keçməyə başladı. İdmançılarla, idman mütəxəssisləri ilə ardıcıl, kollektiv və fərdi görüşüb, söhbətləşib, fikir mübadiləsi apardı. Həm də ilk görüşdəki çıxışındaca ortaya əməli plan və proqram qoydu.
Beləliklə, 1997-ci ildə cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsi ilə respublikamızda Olimpiya Hərəkatının və bütövlükdə idmanın inkişafında yeni mərhələnin əsası qoyuldu. İlk növbədə Azərbaycan Olimpiya Hərəkatının real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarıldı. İşə əngəl törədən amillər müəyyənləşdirildi və onları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlərin görülməsinə başlanıldı. Azərbaycanın Olimpiya Oyunlarında layiqincə təmsil olunmasını təmin etmək, beynəlxalq əlaqələrin qurulması və MOK-u beynəlxalq Olimpiya ailəsində nüfuzlu bir təşkilata çevirmək, idmanın bütün növlərini inkişaf etdirmək, idmançılar üçün təlim-məşq toplanışlarını təşkil etmək, onların sosial vəziyyətini yaxşılaşdırmaq, idmançı uğurunu və əməyini qiymətləndirmək, ölkədə idmanın maddi-texniki bazasını inkişaf etdirmək, beynəlxalq yarışların keçirilməsinin Azərbaycana salınmasına nail olmaq, beynəlxalq və qitə Olimpiya Komitəsinin, digər beynəlxalq idman qurumlarının tədbirlərinə fəal qoşulmaq, idmanın kütləviliyini artırmaq, uşaq və yeniyetmələri idmana cəlb etmək kimi məsələlər MOK-un fəaliyyətinin əsas istiqamətləri oldu.
Beləliklə, cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət aldı, respublikamız Beynəlxalq Olimpiya Hərəkatına qoşuldu, bu sahədə sistemli şəkildə qlobal işlər görüldü. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci ildə "Bədən tərbiyəsi və idman haqqında qanun" qəbul etdi. Bu qanun idmanın inkişaf etdirilməsinin hüquqi əsaslarını müəyyənləşdirdi, dövlətin idman siyasətinin göstəricilərindən birinə çevrildi.
Ölkədə idmanın ardıcıl, daimi inkişafı bilavasitə uşaqların və yeniyetmələrin idmana cəlb olunmasından asılıdır. Bir qədər əvvəl deyildiyi kimi, bu məsələ hələ 1997-ci ildə MOK-un fəaliyyət istiqamətlərindən biri kimi müəyyən olundu. Lakin təkcə uşaqları idmana cəlb etmək, idmanı təbliğ etmək azdır. Əvvəlcə idmanla məşğul olmaq üçün lazımi şərait yaratmaq, həmin şəraitdən bəhrələnib idmana gəlmiş uşaqların və yeniyetmələrin yarışlarda özlərini sınamasını təmin etmək lazımdır. Məhz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında bu məsələ 1997-ci ildə ön plana çəkildi. Respublikada yeniyetmələr və uşaqlar arasında idmanın inkişaf etdirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirildi. Yeniyetmələr arasında idmanın inkişafı və təbliği istiqamətində MOK-un irəli atdığı ilk addım iki ildən bir Yeniyetmələrin Respublika Oyunlarının təşkili və keçirilməsi oldusa, sonra bu işlər çoxplanlı şəkil aldı. Olimpiya ideyalarının ən böyük təbliğ aparatı olan bu yarışlar tezliklə yeni perspektivlərin üzə çıxmasında, ölkə idmanının kütləviliyinin təşkilində əhəmiyyətli rol oynadı. Azərbaycanın yeniyetmə idmançılarının müxtəlif beynəlxalq yarışlara göndərilməsi, onların Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitəsinin himayəsi altında keçirilən böyük idman tədbirlərində iştirakı təmin olundu. Eyni zamanda, Azərbaycanda yeniyetmələr arasında qitə və dünya miqyaslı yarışların təşkili və keçirilməsi sahəsində işlər həyata keçirildi.
XXVII Yay Olimpiya Oyunları: Sidney
debütü uğurlu oldu
Cənab İlham Əliyev MOK-un
prezidenti seçildiyi ilk dövrlərdə qarşıda
duran vəzifələr barədə sonralar deyirdi:
"Qarşıya qoyulmuş vəzifələrin yerinə
yetirilməsinin çətinliyini başa
düşürdük. Ancaq real inkişafa nail olmaq
üçün bu istiqamətlərdən hər biri üzrə
ardıcıl iş görülməsi, nəticələr əldə
olunması vacib idi. Əlbəttə, bəzi
istiqamətlərdə fəaliyyət vaxt, zaman tələb
edirdi. Bəzi sahələrdə isə
işə dərhal başlamaq lazım gəlirdi".
Bəli, uğurları birdən-birə qazanmaq olmur. Lakin qətiyyət
və iradə olan yerdə qarşıda duran məqsədlərə
daha tez çatmaq olar. Azərbaycan
idmançılarının Sidney zəfəri bunu əyani təsdiq
etdi. Cənab İlham Əliyevin MOK-un prezidenti
seçilməsindən cəmi üç il
sonra 2000-ci ildə Azərbaycan idmançıları Sidneydə
keçirilən Yay Olimpiya Oyunlarında çıxış
etdilər və çox möhtəşəm, tarixi zəfərə
imza atdılar. Beləliklə, cənab İlham
Əliyevin MOK rəhbəri kimi fəaliyyəti 2000-ci ildə
- Sidney Yay Olimpiya Oyunlarında öz parlaq əksini tapdı.
Sidneyə hazırlıq konsepsiyası 1997-ci ilin
dekabrında təsdiq olunmuşdu. 1998-ci ilin
yanvarından idmançıların sosial problemləri ilə
bağlı bir sıra məsələlər həll edildi,
federasiyaların işində səliqə-sahman
yaradıldı. İdmançıların
təlim-məşq prosesi təşkil edildi, onların
yarışlarda iştirakı təmin olundu. Həmin ilin sonunda ilk Olimpiya lisenziyası
qazanıldı. 1999-cu ildə
lisenziyaların sayı artdı. Olimpiya
oyunları ərəfəsində 31-ə çatdı.
MOK-un
idmançılarımız üçün təşkil
etdiyi son təlim-məşq toplantıları 2000-ci il avqustun birinci yarısında başa
çatdı. Avqustun ikinci yarısında
idmançıların Avstraliyaya yola salınması mərasimləri,
tədbirləri bir-birini əvəz etdi. Bu
tədbirlərdən ən yadda qalanı Zuğulbadakı
Beynəlxalq Turizm Mərkəzində avqustun 25-də ulu
öndər Heydər Əliyevin iştirakı ilə
keçirilən yolasalma mərasimi oldu. Mərasimdə
MOK prezidenti İlham Əliyev komitənin son illərdə
gördüyü işlər, Sidney Oyunlarına
hazırlıq barədə dövlət
başçısına hesabat verdi. Olimpiya komandasının cüdo üzrə baş məşqçisi
Ağayar Axundzadə və kapitanı Namiq Abdullayev isə
ölkənin idman şərəfini ləyaqətlə
qoruyacaqlarına, Sidneydən medallarla qayıdacaqlarına
söz verdilər.
Beləliklə, Sidneydə keçirilən XXVII Yay
Olimpiya Oyunlarında Azərbaycan müstəqil dövlət
kimi ikinci dəfə iştirak etdi. Ölkəmiz bu dəfə
idmanın doqquz növündə 31 idmançı ilə təmsil
olundu. Azərbaycan komandasına ilk
medalı qadınlar arasında stend
atıcılığı yarışlarında iştirak edən
Zemfira Meftəhəddinova gətirdi. Onun
çıxış etdiyi idman növü ilk dəfə
olaraq Olimpiya Oyunlarının proqramına daxil edilmişdi.
Zemfira Meftəhəddinova bu idman növündə
iki Olimpiya rekordu müəyyən etdi. O, ən yaxın
rəqibini üç xal geridə buraxaraq Olimpiya çempionu
oldu.
Komandamıza ikinci qızıl medalı Atlanta
Oyunlarının gümüş mükafatçısı,
güləşçi Namiq Abdullayev gətirdi. Qrup
yarışlarını uğurla başa vuran Namiq
yarımfinal və final görüşlərini də yüksək
səviyyədə keçirdi. Finalda
ABŞ idmançısı Samuel Hensonun üzərində
inamlı qələbə qazanan Namiq Abdullayev Olimpiya
çempionu adını aldı.
Azərbaycan boksunun salnaməsinə də ilk Olimpiya
medalı yazıldı. Bu medalı ölkəmizə 19
yaşlı gənc boksçu Vüqar Ələkbərov gətirdi.
Yarımfinalda planetin ən güclü
boksçusuna inadla müqavimət göstərməsinə
baxmayaraq, uduzan atletimiz Sidney Oyunlarının bürünc
mükafatçısı oldu.
Azərbaycan
idmançıları cüdo, üzgüçülük,
atıcılıq, boks, yüngül
atletika, ağırlıqqaldırma, suyatullanma və güləş
yarışlarının iştirakçısı oldular. Beləliklə, iki qızıl və bir
bürünc medalına sahib çıxan Azərbaycan medal
almış 80 ölkə arasında 34-cü yeri, Avropa
ölkələri arasında isə 23-cü yeri tutdu. Sidney zəfəri ölkəmizdə cənab
İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə
qədəm qoyan Olimpiya Hərəkatının və
bütövlükdə Azərbaycan idmanının inkişaf
etməkdə olduğunu bütün dünyaya nümayiş
etdirdi.
Oktyabrın 18-də Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev Sidneydən qayıtmış Azərbaycan
nümayəndə heyətini qəbul etdi. Bu gün təsadüfən
seçilməmişdi. Həmin gün Azərbaycanın
müstəqilliyinin bərpa olunmasının doqquzuncu
ildönümü tamam olurdu. Prezident
Sarayında keçirilmiş təntənəli
görüşdə Olimpiya mükafatçıları və
onların məşqçiləri təltif olundular. Bütün olimpiyaçılar prezidentin
mükafatlarını aldılar.
Bu tədbirdən
bir neçə gün sonra - oktyabrın 29-da MOK Sidney Olimpiya
Oyunlarının yekunlarına həsr olunmuş Olimpiya balı keçirdi. MOK-un
olimpiyaçılara mükafatlarının təqdim
olunduğu bu tədbirdə cənab İlham Əliyevin
söylədiyi "Mən Sidneydə yaşadığım
bu qələbəni, xoşbəxt anları bir daha yaşamaq
istəyirəm. Hesab edirəm ki, siz də
bunu istəyirsiniz. Mən əminəm ki,
belə də olacaq. 2004-cü ildə Afina
Olimpiadasında da Azərbaycan böyük uğurlar əldə
edəcəkdir" fikri Sidney Olimpiya dövrünün məntiqi
yekunu ilə yanaşı, qarşıdakı hədəfin nədən
ibarət olduğunu ortaya qoydu.
Afina və Pekin: uğurlar
davamlıdır
XXVIII Yay Olimpiya Oyunlarına
hazırlıq marafonuna 2001-ci il martın
24-də Milli Olimpiya Komitəsinin üçüncü
Baş Assambleyasında start verildi. İkinci dəfə
təşkilata prezident seçilən İlham Əliyev
"Afina Olimpiadasına cəmi 3 il qalıb" deməklə
Oyunlara hazırlıq vəzifəsini konkretləşdirdi.
Afinaya aparan birbaşa yol Milli Olimpiya Komitəsinin Gənclər
və İdman Nazirliyi ilə birgə işlənmiş
planları əsasında başladı. Hazırlıq
prosesində Olimpiya ümidlərinə diqqətin daha da
artırılması, imkanların optimal həddinin müəyyənləşdirilib
müvafiq qərarların verilməsi, idmançıların
maddi təminatının yüksəldilməsi, beynəlxalq
yarışlarda iştirak və təlim-məşq
toplantılarının təşkili yenidən operativ tədbirlər
sırasında idi. Bu məqsədlə
yaradılmış xüsusi qərargah məsələlərin
korporativ həllində mühüm işlər gördü.
2001-ci il mayın 7-də Afina Oyunlarına ilk lisenziya
qazanıldı. Ötən Olimpiadaya yalnız xüsusi
dəvətlə gedən, lakin Sidneydə fəxri
kürsünün ən yüksək pilləsinə qalxmaqla
dünya stend atıcılığının liderlərindən
olduğunu sübuta yetirən Zemfira Meftəhəddinova
dünya çempionatında qalib gələrək planetdə
bu hüququ ilk əldə edənlərdən oldu.
Afina Olimpiadasına
məqsədyönlü hazırlıq 2003-cü il iyulun 5-dən həlledici fazasına qədəm
qoydu. Ulu öndər Heydər Əliyevin
"XXVIII Yay Olimpiya Hərəkatı Oyunlarına
hazırlıq haqqında" imzaladığı sərəncam
işlərin konkretləşməsinə və daha da dərinləşməsinə
yol açdı.
XXVIII Yay Olimpiya Oyunlarına Azərbaycan 38
idmançı ilə qatıldı. Bu, 4 il əvvəllə
müqayisədə 7 lisenziya çox demək idi. 36 vəsiqə mübarizələrdə əldə
edildi. Yalnız iki idmançımız
Afinaya xüsusi dəvətlə yollandı. Sidneylə müqayisədə komandamızın bu dəfə
yarışacağı proqramların sayı iki növ artaraq
12-yə çatdı. Heyətə stend və güllə
atıcılığı, bədii gimnastika, taekvando,
qılıncoynatmanın sablya növü, sərbəst və
yunan-Roma güləşi, boks, cüdo,
ağırlıqqaldırma, üzgüçülük,
atletika nümayəndələri daxil idi.
Avqustun 4-də olimpiyaçılarımızın
yolasalma mərasimi yenə Zuğulbadakı "Gənclik"
Beynəlxalq Turizm Mərkəzində keçirildi. Ölkə
başçısı kimi ilk dəfə yolasalma mərasimində
çıxış edən İlham Əliyev
idmanımızın tarixinə qısa nəzər salıb
görülən işlərdən söz açdı, onların
mahiyyətindən və məqsədindən
danışdı. İdman
qurumlarının bir-biri ilə ziddiyyətlərdə
olduğu ölkələrdən fərqli, Azərbaycanda
bütün strukturlar - Olimpiya Komitəsi, nazirlik və
federasiyaların vahid ailə kimi fəaliyyət göstərməsini
uğurlarımızın əsas səbəblərindən
hesab etdiyini bildirdi. Prezident İlham Əliyev gələcək
uğurlarla bağlı fikirlərini də bəyan etdi:
"Azərbaycan həqiqi mənada idman dövlətinə,
ölkəsinə çevrilmişdir. Azərbaycanda
yeni gənc nəsil yetişmişdir. Biz
yeniyetmələrin hazırlığına böyük diqqət
göstəririk. Əgər yeniyetmə
idmanı olmasa, ümumiyyətlə, ölkədə idman
inkişaf edə bilməz".
Azərbaycan olimpiyaçıları Afinadan 1-i
qızıl, 4-ü bürünc olmaqla 5 medalla döndülər
və bu, ölkəmizin idman sərhədlərinin genişlənməsində,
yeni perspektivlərin açılmasında tam fərqli cəhət
oldu. Komandamız 202 ölkə arasında medalların
sayına görə 37-ci, əyar göstəricisinə
görə 50-ci oldu. Sentyabrın 4-də,
olimpiyaçılarımızın Yunanıstana yolasalma mərasimindən
düz bir ay sonra Azərbaycan Prezidenti İlham Əliyev XXVIII
Yay Olimpiya Oyunlarının iştirakçılarını qəbul
etdi. Əldə olunan nailiyyətlərin qiyməti kimi,
Olimpiya çempionu Fərid Mansurov, onun məşqçisi Əliqulu
Həsənoğlu və yunan-Roma güləşi üzrə
yığma komandanın baş məşqçisi Elçin
Cəfərov "Şöhrət" ordeni ilə təltif
edildilər. Bürünc mükafatçılar Ağası
Məmmədov və məşqçi Vaqif Kazımov, Fuad
Aslanov və boks komandamızın baş məşqçisi
Məmməd Eyvazov, Zemfira Meftəhəddinova və məşqçisi
Hafiz Cəfərov, İradə Aşumova və məşqçisi
Vladimir Lunyov "Tərəqqi" medalına layiq görüldülər.
İdmançılarımız Pekində keçirilən
XXIX Yay Olimpiya Oyunlarında parlaq zəfər qazanmaqla Azərbaycanın
Olimpiya Hərəkatının geniş vüsət
aldığı idman ölkəsinə çevrildiyini
nümayiş etdirdilər. Pekin Olimpiya Oyunlarına
hazırlıq Azərbaycan Prezidentinin 24 iyun 2006-cı il tarixli "XXIX Yay Olimpiya Oyunlarına
hazırlıq haqqında" sərəncamı ilə
başladı. Azərbaycanın bu dəfə
10 idman növü üzrə 44 idmançı ilə təmsil
olunması da ölkəmizdə idmanın inkişafından xəbər
verirdi. Azərbaycan idmançıları
Pekindən 7 medalla qayıtdılar. Bu mənada
Pekin Olimpiya Oyunları hələlik Azərbaycan
idmançılarının daha çox Olimpiya medalı
qazandıqları yarış kimi tarixə düşdü.
Elnur Məmmədli cüdo üzrə I yeri,
Rövşən Bayramov və Vitali Rəhimov II yeri tutdular.
Bürünc medalları isə cüdo üzrə Mövlud
Mirəliyev, sərbəst güləş üzrə Xetaq
Qazyumov, boks üzrə Şahin İmranov
və sərbəst güləş üzrə Mariya Stadnik
qazandılar.
XXIX Pekin
Olimpiya Oyunlarında qazanılan 1 qızıl, 2
gümüş və 4 bürünc medal Azərbaycan
Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi ilə
Olimpiya Hərəkatının ildən-ilə geniş
vüsət aldığını sübut etdi. İdmançılarımız əldə etdikləri
7 medalla ilk 30 komanda sırasına düşə bildilər.
Bu, olduqca yaxşı bir göstərici idi.
Göstərdikləri yüksək nailiyyətlərə,
eyni zamanda Azərbaycan idmanının inkişafındakı
xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı
ilə Elnur Məmmədli "Şöhrət" ordeni ilə,
Rövşən Bayramov, Şahin İmranov, Xetaq Qazyumov,
Mövlud Mirəliyev, Vitali Rəhimov və Mariya Stadnik "Tərəqqi"
medalı ilə təltif olundular.
Maddi-texniki baza möhkəmlənir:
Bakıdan regionlara doğru
1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinə
prezident seçilməsindən sonra bu qurumun fəaliyyətindəki
canlanma təkcə olimpizmin təbliği,
idmançılarımızın Olimpiadalarda
iştirakını təmin etməklə bitmədi, həm də
maddi-texniki bazanın gücləndirilməsi sahəsini əhatə
etməyə başladı. Ölkədə
idmanın sürətli inkişafı və onun gələcək
imkanlarını genişləndirmək məqsədilə
mövcud maddi-texniki bazanın vəziyyətində
dönüşün əsası qoyuldu. Qeyd
edək ki, 1997-ci ildə MOK-un özünəməxsus
heç bir idman qurğusu yox idi. Həmin il
komitə başqa təşkilata aid binanın bir neçə
otağında yerləşmişdi. Azərbaycanda
keçmiş SSRİ dövründən qalan, dövlət
idman strukturlarına və həmkarlar ittifaqlarına mənsub
idman qurğularının bir qisminin istismar müddəti
bitmiş, digər qismi isə 90-cı illərin əvvəllərində
ya köhnəlib yararsız vəziyyətə
düşmüş, ya da keçid dövründə ölkədə
hökm sürən özbaşınalıq, qeyri-sabitlik,
baxımsızlıq, dağıdıcılıq siyasəti
nəticəsində bərbad hala düşmüşdü.
İdman zalları və
meydançalarının böyük bir hissəsi öz təyinatı
üzrə istifadə olunmurdu. İdman
avadanlıqlarının əksəriyyəti köhnəlmiş
və dağıdılmışdı. Mövcud
idman zallarının təyinatı üzrə işlədilməsi,
onların bərpası, idman avadanlıqlarının yeniləri
ilə əvəz edilməsi zərurəti kəskin hiss
olunurdu.
MOK
ölkə idmanının maddi-texniki bazasının
yaradılması və inkişafı üçün iki
vacib istiqamətdə iş görmüşdür. Bunlardan birincisi MOK-un maddi-texniki bazasını
yaratmaq, ikincisi isə mövcud idman qurğularını yenidən
qurmaq, onların bərpasını və avadanlıqla təchizatını
təmin etmək olmuşdur.
MOK 1999-cu ildən öz obyektlərinin tikintisinə
başlamış və artıq 2000-ci ilin oktyabrında
Bakıda ilk Olimpiya kompleksinin açılış mərasimi
olmuşdur. Bununla da ölkədə Olimpiya Hərəkatının
keyfiyyətcə yeni mərhələyə qədəm
qoyması prosesi başa çatmışdır.
Kompleksin açılışında iştirak edən Avropa
Olimpiya Komitəsinin o vaxtki prezidenti Jak Roqq
çıxışında demişdir: "Sidneydə
keçirilən Olimpiya oyunlarında Azərbaycanın əldə
etdiyi qələbələrin sizin ölkəniz
üçün çox böyük əhəmiyyəti var.
Bu, ölkənizdə idmanın daha da inkişaf etməsi
üçün, bir növ, stimul rolunu oynayacaqdır. İdman millətə öz hüququnu, milli mənliyini
dərk etməkdə yardımçı olur. Bu baxımdan, idmana qoyulan vəsait həmişə
özünü doğruldur".
2001-ci il mart ayının 26-da Milli Olimpiya Komitəsinin
inzibati binası istifadəyə verilmişdir. 2001-ci
ilin dekabrında isə Bakının Maştağa qəsəbəsində
MOK-un tikdirdiyi daha bir Olimpiya İdman Mərkəzi öz
qapılarını idmansevərlərin üzünə
açmışdır. Milli Olimpiya Komitəsinin
prezidenti İlham Əliyev Maştağa Olimpiya İdman Mərkəzinin
açılış mərasimində çıxış
edərək demişdir: "Keçən il Bakıda Olimpiya
idman kompleksi tikilib istifadəyə verilmişdir. Hazırda
Naxçıvanda, Gəncədə, Bərdədə, Şəkidə
idman komplekslərinin tikintisi gedir. Lənkəranda
idman kompleksinin tikilməsi haqqında qərar verilmişdir.
Nəhayət, burada, Maştağa qəsəbəsində
biz çox gözəl idman kompleksinin
açılışına toplaşmışıq. Deyə bilərəm ki, bu idman kompleksinin tikilməsinin
təşəbbüskarı da məhz cənab Prezident
olmuşdur. Bir neçə ay bundan əvvəl
Maştağa qəsəbəsinin nümayəndələri
cənab Prezidentə müraciət etmişdilər ki, burada
yeni idman kompleksinin tikilməsinə kömək göstərsin.
O da bizə tapşırıq vermişdi ki, biz bunu icra edək.
Biz də bunu etmişik və bu gün burada
gözəl idman bayramını bir yerdə
keçiririk".
Paytaxtdan başlayan bu quruculuq tədricən bölgələrə
doğru istiqamətləndi. Xüsusilə qeyd etməliyik
ki, bölgələrdə Olimpiya idman komplekslərinin tikilib
istismara verilməsi çox önəmli rol oynayır. Birincisi, həmin bölgələrin sosial-iqtisadi
inkişafı üçün, ikincisi, Azərbaycanda idman hərəkatının
tərəqqisi üçün. Bütövlükdə
2000-ci ildən indiyədək ölkədə 34 Olimpiya idman
kompleksi və bir sıra ixtisaslaşmış idman
qurğuları tikilib istifadəyə verilmiş, mövcud
idman obyektləri yenidən qurulmuşdur. İndi
demək olar ki, respublikamızın bütün bölgələrində
Olimpiya kompleksləri fəaliyyət göstərir. Azərbaycanın ucqar rayonlarında belə müxtəlif
idman növləri ilə məşğul olmaq
üçün mövcud şərait var. Bütün bunlar
Azərbaycanda Olimpiya Hərəkatının inkişafına
təkan verir. Bu gün Azərbaycanda təkcə
beynəlxalq idman yarışları deyil, həmçinin
idmanla bağlı böyük tədbirlər də ölkəmizə
həvalə edilir.
Olimpiya komplekslərinin mövcudluğu Olimpiya Hərəkatının
inkişafına töhfə verən amillərdən biridir. Göründüyü kimi,
MOK Azərbaycanda idmanın, Olimpiya Hərəkatının,
sözün əsl mənasında, möhtəşəm
inzibati-idman mərkəzini yaratmış, idmanın
maddi-texniki bazasının genişləndirilməsi və
müasirləşdirilməsi istiqamətində böyük
uğurlar əldə etmişdir.
İdman sahəsində gerçəkləşdirilən
dövlət siyasəti, Olimpiya ideallarının təbliği,
idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi,
tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər
nəticəsində ölkəmiz mötəbər beynəlxalq
idman yarışlarının keçirildiyi məkana,
dünyanın idman mərkəzlərindən birinə
çevrilmişdir. Hazırda Azərbaycan təkcə müəyyən
kateqoriyalı beynəlxalq yarışların deyil, eyni zamanda
qitə və dünya çempionatlarının
keçirildiyi dövlətdir. Beynəlxalq
yarışların regionlarda təşkili sahəsində də
böyük nailiyyətlər qazanılmışdır.
Bakı şəhərində bədii gimnastika, güləş
və boks üzrə dünya çempionatlarının, habelə
bu il futbol üzrə 17 yaşlı qızlar arasında
dünya çempionatının keçirilməsi,
paytaxtımızın Olimpiya Oyunlarına ev sahibliyi
üçün namizədliyinin irəli sürülməsi
bunu bir daha təsdiq edir.
Onu da demək yerinə düşər ki, Azərbaycanda
keçirilən Avropa, dünya çempionatları silsilə
xarakter daşıyır. Belə ki, hər il
müxtəlif beynəlxalq yarışlar, bədii gimnastika,
taekvando, güləş, boks, karate və s. bu kimi Olimpiya
növlərinə daxil olan idman yarışlarının məhz
Azərbaycanda keçirilməsi bir daha dinamik inkişaf etməkdə
olan dövlət olaraq, hər bir sahədə olduğu kimi,
idmanda da ölkəmizə böyük imic qazandırmışdır.
Azərbaycanda
Paralimpiya Hərəkatı
Azərbaycanda Paralimpiya Hərəkatının yaranma
tarixi ümummilli lider Heydər Əliyevin yenidən ölkəmizin
rəhbərliyinə qayıdışından sonra
yaranmış ictimai-siyasi sabitlik dövrünə təsadüf
edir. 1996-cı ilin fevral ayının 9-u ölkəmizin
idman salnaməsinə Azərbaycan Milli Paralimpiya Komitəsinin
yaranma tarixi kimi daxil olub və o tarixdən bugünə kimi
Milli Paralimpiya Komitəsi uğurla fəaliyyət göstərir. Ümummilli lider cənab
Heydər Əliyev ilk dəfə X Yay Paralimpiya Oyunlarına
yola düşən milli paralimpiyaçılarla
görüşmüş və komandamıza uğurlar
arzulamışdır.
2000-ci il XI Yay Paralimpiya Oyunları ərəfəsində
ümummilli lider Heydər Əliyevin
idmançılarımızın təlim-məşq
bazasında Paralimpiya oyunlarına yollanma mərasimində iştirak
etməsi və MOK-un prezidenti İlham Əliyevin
idmançılarımızla görüşməsi,
onları yarışqabağı ruhlandırmaya bilməzdi. Ona görə də XI Yay Paralimpiya Oyunları Azərbaycan
idmançıları üçün uğurla başa
çatdı. Bakıya qayıtdıqdan
sonra Heydər Əliyevin idmançılarımızı qəbul
etməsi, fərqlənmiş idmançılara və
onların məşqçilərinə müxtəlif
mükafatları şəxsən təqdim etməsi Azərbaycan
Paralimpiya Hərəkatına əlavə stimul vermişdi.
Məhz həmin ərəfədə Heydər Əliyev
paralimpiyaçı idmançılar üçün yeni
dünya standartlarına uyğun təlim-məşq
bazasının tikilməsinə sərəncam vermişdir.
2004-cü
il XII Yay Paralimpiya Oyunları ərəfəsində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin idmanın inkişafına dair verdiyi sərəncamlar
və yeni Olimpiya bazaları, meydanlar və idman
qurğularının tikintisi, paralimpiyaçı
idmançılara göstərilən qayğıda da
özünü əks etdirdi. Bunun nəticəsi olaraq 2008-ci il
XIII Yay Paralimpiya Oyunlarında komandamız uğurlu
çıxışı ilə hər birimizi sevindirdi. İdmançılarımız ölkəyə 10
medalla qayıdı. XIII Yay Paralimpiya
Oyunlarında fərqlənmiş paralimpiyaçılar və
onların məşqçilərinə verilən mükafat
və qiymətli hədiyyələr ölkəmizdə əlil
idmanına dövlət qayğısının bariz təzahürüdür.
Bir məsələni də qeyd edək ki, 2008-ci ildə
paralimpiyaçılarımız Pekinə xüsusilə
yüksək ovqatla yollanmışdılar. Çünki
onların yolasalma mərasiminin keçirildiyi avqustun 28-də
həm də Paralimpiya İdman Kompleksinin
açılışı olmuşdu. Hazırda
kompleksdə 1000 nəfərə yaxın müxtəlif
qüsurlu əlil idmançılar və həvəskarlar
idmanın müxtəlif növləri ilə məşğul
olurlar.
Müstəqillik illərində Azərbaycan
idmanının tarixində şanlı səhifələr
çoxdur.
Müstəqilliyimizi bərpa etdiyimiz vaxtdan bugünə qədər
Azərbaycan idmançılarının müxtəlif səviyyəli
beynəlxalq yarışlarda beş mindən
artıq medala layiq görülməsi bunun əyani
sübutudur. Son 15 ildə isə Azərbaycan demək
olar ki, Olimpiya ölkəsinə çevrilmişdir. Bu illərdə Olimpiya və Paralimpiya hərəkatı
böyük inkişaf yolu keçib. Müstəqilliyimizi
bərpa etdiyimiz vaxtdan bugünə qədər Azərbaycan
idmançılarının müxtəlif səviyyəli
beynəlxalq yarışlarda beş mindən
artıq medala layiq görülməsi bunun əyani
sübutudur, Olimpiya və Paralimpiya oyunlarının hər
birində qazanılan 16 medal isə böyük tarixi nailiyyətdir.
Bu mənada ötən 15 ilin statistikası göstərir ki, qısa müddətdə
idmançılarımız Olimpiya oyunlarında Azərbaycanın
idman şərəfini ləyaqətlə qorumuş, onun
şan-şöhrətini artırmışdır. Eyni zamanda, MOK beynəlxalq miqyasda böyük
nüfuz qazana bilmiş, fəaliyyəti və əldə
etdiyi nailiyyətlərlə seçilmişdir. Bu, əlbəttə, Azərbaycanda gedən proseslərin
məntiqi nəticələri kimi dəyərləndirilməlidir.
Şübhə yoxdur ki, bütün sahələrdə
olduğu kimi, idman və Olimpiya Hərəkatı sahəsində
də Prezident İlham Əliyevin diqqəti və
qayğısı respublikamıza bundan sonra da yeni-yeni uğurlar
gətirəcək.
Artıq
bir neçə gündür XXX London Yay Olimpiya Oyunları
start götürüb. London Olimpiadasının
daha gərgin mübarizə şəraitində keçəcəyi
gözlənilir. Azərbaycan
idmançıları Sidney, Afina və Pekində əldə
edilmiş nəticələri təkrar etmək, tutduqları
mövqeyi qoruyub saxlamaq və yaxşılaşdırmaq
uğrunda mübarizə aparmalıdırlar. Müxtəlif irimiqyaslı yarışlarda
idmançılarımızın son dövrlərdəki qələbələri
və yeni gənc idmançılar nəslinin aşkar olunan
potensial imkanları Azərbaycan Olimpiya komandasının Londonda
da yüksək nəticələr göstərərək əvvəlki
mövqelərini daha da yaxşılaşdıracağına
inam yaradır.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2012.- 31 iyul.- S. 4-5.