Qəbələdə
dahi dirijor və bəstəkar
Niyazinin 100 illik yubileyi münasibətilə London
Royal Filarmonik Orkestrinin konserti olmuşdur
Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri olan və artıq dördüncü ildir ki, Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı uğurla davam edir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 29-da Azərbaycanın və SSRİ-nin xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin 100 illik yubileyi münasibətilə konsert olmuşdur.
AzərTAc xəbər verir ki, Azərbaycanda musiqi mədəniyyətinin təşəkkülü, inkişafı və təbliğində müstəsna rol oynamış sənətkarın yubiley konsertində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxunmuşdur.
Məktubda deyilir: "Hörmətli festival iştirakçıları! Qədim zamanlardan tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyət və sivilizasiyalararası dialoqun təşviqi və inkişafına daim töhfəsini verən Azərbaycan son illər beynəlxalq musiqi və incəsənət festivallarının, konfrans və sərgilərinin keçirildiyi məkan kimi tanınmaqdadır. Fərəhləndirici haldır ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan bu tədbirlər ildən-ilə daha böyük vüsət alır. Cəmi bir neçə ay bundan əvvəl ölkəmiz Avropanın ən mötəbər yarışması olan "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi etmiş və bu dəfə də milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq, Bakıya toplaşan bütün insanları musiqi birləşdirdi. 2009-cu ildə Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələdə Beynəlxalq Musiqi festivalının keçirilməsi ilə ölkəmizin milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyulmuşdur. Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival artıq gözəl bir ənənəyə çevrilərək beynəlxalq nüfuzunu ildən-ilə artırır. İnanıram ki, hər il olduğu kimi, bir çox dünya şöhrətli musiqi xadimlərinin iştirakı ilə keçirilən builki festival da unudulmaz musiqi bayramına çevriləcək və musiqi mədəniyyəti tariximizdə mənalı səhifələrdən biri kimi qalacaqdır".
Sonra London Royal Filarmonik Orkestrinin solistlərinin, eləcə də Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, Prezident mükafatçısı dirijor Yalçın Adıgözəlovun, Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin, beynəlxalq müsabiqə və festivalların iştirakçısı Fuad İbrahimovun (dirijor), İtaliyanın Pezaro Musiqi Akademiyasının tələbəsi Azər Rzazadənin (tenor), əməkdar artist və Prezident mükafatçısı Gülnaz İsmayılovanın (soprano) iştirakı ilə tamaşaçılara maraqlı konsert proqramı təqdim olunmuşdur. Dünyanın ən məşhur orkestrlərindən biri olan London Royal Filarmonik Orkestri yüksək səviyyəli çıxışları ilə dinləyicilərin qəlbinə yol tapmışdır. Dünyada məşhur olan orkestrin bədii rəhbəri və baş dirijoru iki dəfə "Qremmi" və 40-dan çox beynəlxalq mükafatın sahibi olan isveçrəli Şarl Dütuadır.
Konsertdə tanınmış
musiqiçilər tərəfindən səsləndirilən
Ü.Hacıbəylinin "Koroğlu"
operasından uvertüra, Niyazinin
"Arzu", "Qaytağı",
"Vətən" mahnıları, "Rast"
simfonik muğamı mindən çox tamaşaçı tərəfindən
sürəkli alqışlarla qarşılanmışdır.
Bu konsertlə də festivalın beynəlxalq
proqramına start verilmişdir.
Qarşıdakı günlərdə Böyük
Britaniya, Rusiya, Fransa, Sloveniya, ABŞ,
İsveçrə, İtaliya və Polşadan görkəmli musiqiçilər, bədii
kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. London
Royal Filarmonik Orkestrinin Qəbələdə növbəti
konsertləri iyulun 30-31-də, avqustun 3-dən 5-dək olacaqdır.
Azərbaycan.- 2012.- 31 iyul.- S. 6.