Fəttah Heydərov: Xarici ölkələrdəki musiqi festivallarının biletləri çox baha qiymətə olduğu halda, Qəbələ Beynəlxalq Musiqi Festivalı maarifçilik məqsədilə keçirilir

 

Artıq 7 gündür ki, tanınmış musiqiçilər Qəbələdə bir araya gələrək IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində bir-birindən maraqlı konsert proqramları ilə çıxış edirlər. Qəbələ artıq bu cür möhtəşəm musiqi tədbirlərinin keçirildiyi gözəl məkanlardan birinə çevrilmişdir.

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalının konsertlərinə tamaşa edən Milli Məclisin deputatı Fəttah Heydərov AzərTAc-a müsahibəsində demişdir. Bildirmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən və onun yaxından köməyi ilə ildən-ilə daha möhtəşəm xarakter alan bu musiqi festivalı musiqimizin inkişafına, beynəlxalq aləmdə tanıdılmasına verilən bir töhfədir. Fondun bu layihəsi artıq dördüncü dəfədir ki, uğurla reallaşır. Festivalın müəllifi olan Mehriban xanım Əliyevanın bu gözəl təşəbbüsü isə son dərəcə dəyərlidir. Azərbaycanın birinci xanımı mədəniyyətimizin inkişafı və dünya miqyasında təbliği üçün əvəzsiz işlər görür.

Fəttah Heydərov qeyd etmişdir ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı qədim şəhərimizi dünyanın musiqi paytaxtına çevirmişdir. Son günlər dünyanın hər yerindən Qəbələnin səsi gəlir, bu gözəl diyarda isə dünya musiqisi səsləndirilir. Bu festival Azərbaycan xalqının yüksək mədəniyyətə sahib olduğunu bir daha təsdiqləyir.

Avqustun 5-dək davam edəcək festivalda 10 ölkənin 350 musiqiçisi dünya və Azərbaycan mədəni irsində xüsusi əhəmiyyət kəsb edən bu musiqi bayramının özəlliyini daha qabarıq nümayiş etdirir. Bu günlərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana gələn qonaqlar da Qəbələdə musiqi festivalının keçirildiyini hiss edirlər. Bu festival həm də maarifçilik missiyası daşıyır. Bilirsiniz ki, xarici ölkələrdə bu cür möhtəşəm musiqi festivallarının biletləri çox baha qiymətə olur. Amma ölkəmizdə isə Heydər Əliyev Fondu musiqisevərlərə bu festivalın konsertlərini sərbəst şəkildə pulsuz izləmək imkanı yaratmışdır. Bu xeyirxah missiyaya görə musiqiçilər və tamaşaçılar adından Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm.   

Milli Məclisin deputatının qənaətinə görə, Qəbələ festivalı haqqında ölkəmizdə demək olar ki, məlumatı olmayan yoxdur. Builki festivalın proqramı daha da zənginləşdirilərək oraya Azərbaycanla bağlı bir çox konsertlər əlavə edilmişdir. Bu, çox uğurlu bir addımdır. Festival çərçivəsində Azərbaycanın 3 musiqi xadiminin yubileylərinə həsr edilmiş konsertlərin keçirilməsi böyük rəğbətlə qarşılanır.

Hər il olduğu kimi, builki festival günlərində də Qəbələdən əlavə, Bakı, Gəncə, Oğuz, Ağdaş, İsmayıllı, Şəki, Göyçay, Mingəçevirdən müəllimlər, musiqiçilər, həkimlər, ziyalılar, gənclər konsertlərə gəlir və Azərbaycan bəstəkarlarının simfonik əsərlərini, dünya musiqi incilərini heyranlıqla dinləyirlər. Bir sözlə, Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri və məşhur musiqiçilərlə yaxından tanış edir.

 

 

Azərbaycan.- 2012.- 31 iyul.- S. 6.